Manşet

Tenderlərdə “bir aylıq şirkətlərin” milyonluq “qalibiyyəti” – NƏ BAŞ VERİR?

Azərbaycanda ən problemli iki sahədən biri, əlbəttə, dövlət satınalmalarıdır. Uzun illərdir bütün ictimai narahatlıq və narazılıqlara rəğmən, bu sahədə vəziyyət demək olar ki, dəyişməz qalmaqdadır.

İctimaiyyətin, mütəxəssislərin dövlət satınalmaları sahəsində xüsusi qeyd etdiyi problemlərdən biri bir neçə həftə, bir ay əvvəl yaradılan şirkətlərin böyük həcmli tenderlərin qalibi olmasıdır. Mütəxəssislər bunu birmənalı olaraq tenderi keçirən dövlət qurumunun rəhbər vəzifəli şəxsləri, yaxud daha yüksək statusa malik məmurların himayəsində olan şirkətlərə xüsusi üstün şərtlərin təmin olunması kimi qiymətləndirirlər. Hansı ki, belə şərtlərin əsas məqsədini tender mövzusu olan işə, xidmətə görə dövlət büdcəsindən ayrılmış vəsaitlərin mühüm bir hissəsinin mənimsənilməsi təşkil edir.

Dövlət satınalmaları ilə bağlı vaxtaşırı audit həyata keçirən Hesablama Palatasının prosesdə qeydə aldığı nöqsanlar sırasında yuxarıda qeyd etdiyim hallar yoxdur. Qurum 2020-ci ildə dövlət satınalmalarına nəzarət edən əsas orqan olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təqdim etdiyi məlumatlar əsasında dövlət satınalmaları sahəsinin auditini həyata keçirib.

Palata dövlət satınalmaları sahəsində rast gəlinən nöqsanlar sırasında satınalmanı həyata keçirən qurumlar tərəfindən illik və rüblük satınalma planlarının hazırlanmamasını, şəffaflıq və səmərəlilik prinsiplərinə əməl edilməməsini, dövlət satınalmalarında ehtimal olunan qiymətin düzgün hesablanmamasını və ya ümumiyyətlə hesablanmamasını, satınalmaların qurumun məhsullara, işlərə və xidmətlərə olan tələbatı nəzərə alınmadan və konkretləşdirilmədən planlaşdırılmasını, satınalmaların keçirilməsi üçün təsdiq olunmuş smeta deyil, maliyyələşmənin əsas kimi qəbul edilməsini xüsusilə vurğulayır. Palata son illərdə həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirləri əsasında formalaşan bazaya və audit təcrübəsinə əsaslanaraq qeyd edir ki, dövlət satınalmaları sahəsində rast gəlinən çatışmazlıq və uyğunsuzluqlar satınalmaların planlaşdırılması, keçirilməsi və rəsmiləşdirilməsi mərhələlərinin hər birində mövcuddur.

Palatanın araşdırmaları göstərir ki, əksər satınalma keçirilən qurumlarda hər bir mərhələdə müxtəlif pozuntu hallarına yol verilir: “Satınalmaların keçirilməsi zamanı yol verilən uyğunsuzluqların təhlili göstərir ki, satınalma subyektləri tərəfindən nöqsanlara iki səbəbdən yol verilir:

– Büdcə vəsaitlərindən istifadə edərkən mövcud vaxt çərçivəsinə uyğunlaşmaq;

– Dövlət satınalmaları prosedurlarının həyata keçirilməsi zamanı rəqabət üsullarının istifadəsindən yayınmaq. Hesablama Palatası satınalmaların planlaşdırıması mərhələsində müşahidə edilən mövcud münasibətin yuxarıdakı iki əsas məqsəddən doğan bir nəticə olması qənaətindədir”.

Palata satınalmaların keçirilməsi mərhələsində daha çox rast gəlinən pozuntuları da sadalayır. Bunlar büdcə vəsaitlərindən istifadə zamanı rəqabətli satınalma üsullarına deyil, əsasən və daha çox birmənbədən satınalma metodundan istifadə edilməsi; bir mənbədən satınalma metodundan istifadə üçün icazə alınsa da, qanunvericiliyin tələblərinə uyğun satınalma prosedurlarının aparılmaması və ehtimal olunan dəyərin hesablanmaması; xərclər smetası və tədbirlər planının əvvəlcədən tərtib və təsdiq edildiyi halda, vaxt məhdudiyyəti adı ilə birmənbədən satınalma metodunun seçilməsi, bir mənbədən satınalmaların keçirilməsi üçün müvafiq icazə alınsa da, satınalmanın keçirilməsinin gecikdirilməsi; metodundan asılı olmayaraq satınalmaların ehtimal olunan qiymətinin artıq hesablanması; açıq tender prosedurlarının keçirilməsi zamanı “Dövlət satınalmaları haqqında” Qanunun şərtlər toplusu və ixtisas uyğunluğu ilə bağlı tələblərinin tam gözlənilməməsi; satınalmaların əsas şərtlər toplusunda iddiaçılar tərəfindən texniki imkanları və işçi qüvvəsi barədə məlumatların təqdim edilməsinin nəzərdə tutulmasına baxmayaraq, bəzi hallarda bu məlumatların müvafiq sənədlərlə (hesabatlarla) təsdiq edilməməsi və alınmamasıdır: “Bu mərhələdə yol verilən uyğunsuzluqlar nəticəsində artıq və əsassız ödənişlərin yaranmasına şərait yaranır, həmçinin eyni bir podratçı ilə çoxsaylı predmetli müqavilələr bağlanılır, satınalma subyekti tərəfindən hansı satınalma metodunun tətbiq olunmasından asılı olmayaraq satınalmanın qalibi eyni təşkilat olur və qalibin yekun qiymətindən qənaət əldə edilmir”.

Palata auditorlarının qeydə aldığı əsas məqamlar göstərir ki, dövlət satınalmaları dövlət vəsaitlərinin səmərəsiz istifadəsi risklərinin mövcud olduğu sahədir: “Bu səbəbdən yaranmış vəziyyətin aradan qaldırılması bir çox qurumun – cari dövlət nəzarət orqanlarının, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və satınalan qurumların rəhbər orqanlarının birgə səylərinin həyata keçirilməsini tələb edir. Hesablama Palatası son illər ərzində, bu barədə dövlət qurumlarını və geniş ictimaiyyəti məlumatlandırsa da, bununla bağlı effektiv tədbirlərin tam olaraq başa çatdırılması təmin edilməmişdir. Sadaladığımız problemlərin Azərbaycan Respublikasında satınalma sisteminin effektivliyini zəiflətdiyi qənaətindəyik və Hesablama Palatası olaraq dövlət satınalmalarında səmərəliliyin əldə edilməsinin normativ bazanın davamlı təkmilləşdirilməsindən və dövlət satınalmalarına nəzarətin gücləndirilməsindən keçdiyini diqqətə çatdırmaq istərdik”.

Azərbaycan qanunvericiliyi sırf vəsait silmək üçün yaradılan şirkətlərin tenderlərdə iştirakına hər hansı məhdudiyyət nəzərdə tuturmu? Dövlət satınalmaları prosesinə qanunvericiliklə hansı filtrlər daxil etmək olar ki, bu problemin qarşısı alınsın?

Sualları cavablandıran araşdırmaçı-jurnalist, tenderlər üzrə ixtisaslaşmış Hafiz Babalının “Yeni Müsavat”a dediyinə görə, qanunvericilik dövlət satınalmalarında iştirak etmək üçün müraciət edən subyektlərin dövlət qeydiyyatı tarixi ilə bağlı məhdudiyyət müəyyən etməyib: “Əslində bu, doğru qərardır. Eyni zamanda nəzərə almaq lazımdır ki, qanunvericilikdə dövlət satınalmalarına buraxıla bilən iddiaçıların ixtisas göstəriciləri ilə bağlı normalar müəyyən olunub. Bəla da burasındadır ki, satınalmaların təşkili üzrə yaradılan komissiyalar bir qayda olaraq bu tələbə formal yanaşır, ixtisasqabağı seçim proseduru keçirməkdən yayınır. Bunun səbəbinin həmin komissiyaların üzvlərinin vəzifələrini doğru-düzgün bilməməsi, vəzifə səlahiyyətlərindən istifadə etməyərək ”kimlərinsə” xüsusi üstünlük qazanmasına qanunsuz şərait yaratmaqda axtarmaq olar. Lakin indiyədək nə dövlət nəzarət orqanı (antiinhisar qurumu), nə də daxili audit strukturu (Hesablama Palatası) bu prosedur pozuntusuna xüsusi əhəmiyyət verib. Yeni yaradılan şirkətlərin yüksək məbləğli kontraktlar bağlamaqla layihənin icrasını riskə salması məsələsini onların Satınalma Komissiyasına təqdim etdikləri bank təminatları önləyir. Yaxud önləməlidir”.

Bəs reallıqda belə bank təminatını yeni yaranmış şirkət necə əldə edir, yaxud ümumiyyətlə, belə təminat sistemi mövcuddurmu? H.Babalı bildirir ki, bu, ciddi suallar doğurur: “Dövlət qurumlarından kontraktlar alıb, sonradan bu kontraktlar üzrə vergi borclarını ödəməkdən yayınma təcrübəsi geniş yayılıb. Bunun qarşısını almaq üçün işlək mexanizmin yaradılması vəzifəsi Dövlət Vergi Xidmətinin üzərinə düşür. Bu qurum Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti ilə birgə ”Etibarsız malgöndərənlər” siyahısını tərtib edə bilər. Siyahıya bu şirkətlərə birbaşa və dolayısıyla aidiyyəti olan şəxslər qrupu da daxil edilə bilər. Yeri gəlmişkən, etibarsız malgöndərənlərin və podratçıların siyahısını tərtib etmək və cəmiyyətə açıqlamaq vəzifəsi qanunda nəzərdə tutulub. Lakin antiinhisar orqanı bu işin öhdəsindən ya gəlmir, ya da gəlmək istəmir”.

İqtisadçı-ekspert, dövlət satınalmaları sahəsində mütəxəssis Vüqar Hüseynli bildirir ki, problemin kökündə Azərbaycanda qanunların keyfiyyəti və icrası sahəsindəki bərbad vəziyyət dayanır: “Əgər qanunvericiliyə tam əməl olunarsa, bu kimi problemlər yaranmaz. Tender, satınalma və müsabiqə məsələləri də bura daxildir. Qanunvericiliyin keyfiyyətsizliyi üzündən dövlət satınalmalarında nəzərdə tutulan müsabiqə əsaslı alış prosesi təmin olunmur. Faktiki olaraq bu gün Azərbaycanda dövlət satınalmalarında müsabiqə institutu yox səviyyəsindədir. O cümlədən şirkətlərin satın almaq istədikləri xidmətlər üzrə təcrübəsini müəyyənləşdirən filtrlər yoxdur. Buna görə də təcrübəli mütəxəssislərin toplaşdığı yeni bir şirkət təcrübəsiz bir gəncin rəhbərlik etdiyi 20 illik şirkətə uduza bilər. Yaxud əksinə, təcrübəsiz bir şəxsin kağız üzərində yaratdığı şirkət 20-30 ilin təcrübəli şirkətindən qabağa gedə bilir. Bu baxımdan, şirkətin yaranma tarixi baxımından yanaşmaqla tenderlərdə ədalətli satınalmaya nail olmaq mümkün deyil. Burada çox ciddi düşünülmüş və ədaləti təmin edəcək filtrlər tətbiq olunmalıdır. Əslində qanunvericilikdə dövlət satınalmalarında iştirak edəcək şirkətlərin ixtisas uyğunluğu ilə bağlı tələblər var. Lakin bu tələblərə demək olar ki, əməl olunmur. Nə şirkətlər buna əhəmiyyət verir, nə satınalan təşkilat, nə də nəzarət edən dövlət qurumu”.

V.Hüseynli hesab edir ki, ölkədə strateji idarəetmə, planlaşma ilə məşğul olan dövlət qurumları satınalmalarda şəffaflığın, ədalətli rəqabətin təmin olunmasında maraqlı deyillər: “Bu səbəbdən də satınalmalar sahəsində qanunvericiliyi dünyada ən ideal səviyyəyə belə çatdırsaq, vəziyyət düzəlməyəcək. Burada böyük korrupsiya maraqlarının olduğunu da qəbul etmək lazımdır. Hətta satınalan təşkilat işini peşəkar şirkətə həvalə etmək istəsə belə, idarəetmədə bünövrə düzgün qurulmadığına, – əvvəlcədən strateji planlaşdırma aparılıb, təşkilatın ehtiyacları dəqiq müəyyənləşdirilmədiyinə, – görə buna nail ola bilməyəcək. Buna görə də dövlət şirkəti çalışır, işi tanış şirkətə versin ki, lazım olduqca ehtyaclarını dəqiqləşdirib müqaviləyə zəruri dəyişikliklər edə bilsin. Yad şirkət olanda dövlət idarəsi bunu edə bilmir. Elmi dildə buna favoritizm – sevimli şirkətlər deyilir. Belə şirkətlərin meydana gəlməsində iki amil mühüm rol oynayır: korrupsiya maraqları, dövlət idarəetməsinin düzgün qurulmaması. Bu şəraitdə satınalmalarda şəffaflıq olsa belə, düzgün nəticələr əldə olunmayacaq”.

Ekspertin fikrincə, Hesablama Palatası audit zamanı bütün problemləri aşkarlayır, lakin bir çoxlarını açıqlamır: “Palata dövlət qurumlarında aşkarladığı nöqsanların səbəblərini müəyyənləşdirərkən mütləq bütün amilləri qeydə alır. Lakin təəssüf ki, Palata daha çox nəticələrlə bağlı məqamları açıqlayır, səbəblərlə bağlı heç nəyə toxunmur. Belə deyək ki, Hesablama Palatası da formal qurumlardan biri kimi çıxış edir”.
“Yeni Müsavat”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir