COVID pasportunun “bazarı” bərəkətli olmasın – Bizi yazıq etdilər və hələ də edə-edə gedirlər
Dünya pandemiyadan ya qazanır, ya da itirir. Bizimkilər də yenə istədikləri kimi, əlinə arşınlarını alıb ölçürlər. Vətəndaşımı düşünürlər? Əlbəttə ki, yox. Bu dəfə də onların istəyi yerə batsın, onsuz da vətəndaşın əyninə nə biçirlər, onu da geyinir. Əyninə olmasa da, əynində biçilən “geyim” parçalansa da, çıxara bilməz.
Nazirlər Kabineti yanında Operativ Qərargahın son müraciətləri xoş xəbər olsa da, xeyli suallarla adamın başını məşğul edir. Maskanın açıq havada istifadəsinin ləğv olunması çoxumuzu sevindirir. Elə bilirik ki, maska bazarını da bağladıq, maska alış-verişini də bitirdik.
Hər şeydən qabaq, məcburi maska istifadəsinin ləğvi bizim istiləşən havalarda əziyyət çəkdiyimiz üçün edilməyib. Yenə deyirəm, bizim maskada cərimə verməmək üçün gəzməyimiz heç kəsə maraqlı deyil. Baxmayaraq ki, cərimə pulunun yığılması üçün sayılı günlər qalır. Büdcəyə nə yığıldı – qənimətdir, haydı igidlər.
Mayın sonunu gözləmədən maskasını tullayanlar isə özlərini işə sala bilər, amandır, etməsinlər.
Deməli, məlum Qərargah deyir ki, maskasız gəzsəniz də, cibinizdə, çantanızda mütləq maska gəzdirməlisiz. Qapalı məkanlara (məsələn, ictimai nəqliyyata) daxil olanda maskadan istifadə hələ də qüvvədədir. Uzun fasilədən sonra qapısını sərnişinlərin üzünə açan Bakı Metropoliteni də maskada səfəri mütləq edir.
Yenə də görəcək günlərimiz var. Görəcək və gözləyəcək günlərimiz Bakıda keçiriləcək “Formula-1” yarışından sonra olacaq. Yəni xarici qonaqlar (onlar açıq havada maska taxmaq məcburiyyəti olmayan Avropadan gəlirlər axı) Bakını tərk edəndən sonra maska məcburiyyəti qayıda bilər. Çünki məşhur gündəlik koronavirusa yoluxma statistikasına yenə də əl gəzdiriləcək. Artım olacaq, ola bilər, olacağı proqnozlaşdırılır, niyə də olmasın və sair.
Pandemiya səbəbindən bir ilə yaxındır, idman zalları, üzgüçülük hovuzları qapadılıb. Baxmayaraq ki, il ərzində otellərdə tərini tökənlər hovuzda da çimdilər, idmanından da qalmadılar.
Son qərar, guya insanların bədən əzələlərini işlətməsinə izn verir. Halbuki insanların beyin əzələləri artıq çökmüş vəziyyətdədir. İndi idman zalları açıq elan olunur. Yemək üçün yaşayan insanların restoran-kafedə gəlhagəlidir, hamı bir-birinin, az qala ağzının içində oturur, di gəl ki, idman üçün yenə maraqlı qaydalar səsləndirilib.
COVID pasportu olmayan adam idman zalına buarxılmayacaq. Pasport vaksin vurduran insanlara verilir. Koronavirus xəstəliyini keçirmiş insanlar da bu pasporta layiq görülürlər. Məsələ ölkədə vaksinləşməni tezləşdirməkdir, məlum məsələdir. Amma gözdən qaçan, heç vecə alınmayan məsələlər var. Misal üçün, vaksinasiyada vətəndaşın davranışı, könüllü, məcburi peyvəndlənməyə cəlb olunmasıdır.
Ölkənin yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında qanunu var. Həmin qanun vətəndaşı peyvəndə səsləsə də, məcburiyyət diqtə etmir. Baxmayaraq ki, epidemiya (pandemiyada yox!) zamanı icbari peyvəndə çağırış var.
Əgər belədirsə, bütün gün “vaksin vurdurmaq məcbiyyəti yoxdur” deyən başbilənlər vətəndaşı niyə divara dirəyirlər? Məgər vaksin haqqında pasport tələbinin qaynağı bu deyilmi? Əgər vətəndaş vaksin vurdurmaq istəmirsə, o, niyə idman zalına COVID pasportu ilə daxil olmalıdır?
Vətəndaş idman zalında yaşamır, birgə işlə məşğul olmur ki, ondan bu tələb olunsun. Gündəlik idmanla məşğul olan insan belə, uzaq məsafədə işini görür, üstəlik də onun etdiyi hərəkət kafe-restoranda passiv oturan insanlardan daha gərəklidir. Absurdsunuz, Qərargah başbilənləri!
Məsələ ondadır ki, bizim ölkədə COVID pasportunu almaq da çətin məsələ deyil. Gündə o qədər gülməli, gizli, aşkar situasiyalar haqda xəbərlər eşidirik ki… Bilirsiniz, niyə ictimailəşdirən yoxdur? Çünki rüşvət verən və alan tərəflər də həmişə razıdır, onlara bu durum sərf edir. Çirkab içində olan tərəfimiz məlumdur.
Bir neçə gün əvvəl yaxınım vaksin olunmaq üçün həvəsli şəkildə iş yerindəki tibbi məntəqəyə getmişdi. Təzyiqini yoxlamaq üçün başqa otağa aparılıb. Bu dəm tibbi məntəqə rəhbəri həkim içəri girib və “bu gün nə qədər adam vaksin olunub” sualını verib. Eşitdiyi cavab onu qane etməyib və deyib ki, “bu gün mütləq planı doldurmalısınız”.
Yaxınım qonşu otaqdan bu söhbətə şahidlik edib və vaksin vurdurmaqdan vaz keçib. Həkim onun işçi olduğunu biləndən sonra, “istəsəniz, sizə vurdurmadan da sertifikat verərik” deyib. Görünür, bu, adiləşmiş sertifikat alverinə mesaj olub. Belə məqamları gizlətmək olmur, işi görən özünü yaxşı bilir. Və yaxınım “lazım deyil” cavabını verərək otaqdan çıxıb.
Baxın, bizim ölkədə hər yerdə bazar siyasəti və qanunları hökm sürür. Hər kəs nəyi isə alıb-satmağa köklənib. Təmizlənməyə gedən yolu belə, kirlədən insanlar durduqca, insanlara pampıq tarlasından veriləcək məhsul və götürüləcək gəlir planı kimi baxılacaq.
Bizi yazıq etdilər. Hələ də beyni ilə düşünən insanları isə heç edə-edə gedirlər. Təki başbilənlərin torbası boş qalmasın, təki vilalarının mərtəbə sayı artsın.
Alveriniz, bazarınız batsın!
Müəllif: Raminə Eyvazqızı //AYNA.AZ//