İqtisadiyyat Nazirliyinin yeni inzibati binasında 772 əməkdaş rahat və səmərəli fəaliyyət göstərə biləcək.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevi yeni binada görülən işlərlə bağlı məlumatlandırarkən deyib.
Bildirilib ki, bina mərkəzi dairəvi özəyə bağlanmış bir-birindən asılı olmayan beş kub formasında tikilidən, hər kub isə beş ofis mərtəbəsindən ibarətdir və sütunsuz açıq bağçalı terasla yuxarıdakı qonşu kubdan unikal formada ayrılır.
Bundan əlavə, hər bir mərtəbə aşağıdakı növbəti mərtəbələrlə müqayisədə 1,2 dərəcə dönür və nəticədə ümumilikdə aşağıdan yuxarıya 40 dərəcəlik fırlanma effekti yaranır.
Qeyd edilib ki, inşaat qrupu dəmir beton sütunları və perimetr boyu yerləşən tirlərdən gələn yükləri bina özəyinə ötürən bir sistem dizayn edib.
Tikintinin dizaynı 2020-ci ildə ABŞ-da “İnşaat Mühəndisliyində Mükəmməllik” və “Ləyaqət” mükafatlarına layiq görülüb.