“Əhali sevindi ki subsidiyalar artırılıb. Amma təəssüflər olsun ki, aidiyyəti nazirliklər subsidiyaların üzərində jonqlyorluq etməyə başlayıblar”.
Bunu Milli Məclisin yaz sessiyasının sonuncu iclasında çıxışı zamanı deputat Əli Məsimli deyib.
O bildirib ki, insanların xeyli hissəsi subsidiyanı ala bilməyib:
“Bu məsələylə bağlı Şəkinin bir sıra kəndlərinin nümayəndələri – əkinçilər, fermerlər dövlət başçısına, baş nazirə, parlamentin sədrinə və bir sıra deputatlara müraciət ediblər”.
Deputat qeyd edib ki, subsidiya verilən zaman onun 25 faizi əvvəl verilir, qalan 75 faizi isə bəzi şərtlərlə daha sonra verilir:
“Bunun üçün də torpaqların analizi aparılır. Arpa biçini bir həftədən sonra, buğda biçini isə iki həftədən sonra başlayır. Nazirlik bildirir ki, pulun 75 faizi torpaqların analizi aparıldıqdan sonra verilməlidir. Torpaqların analizi yerdə qalan 75 faiz subsidiyanın kəndliyə verilməməsi üçün bəhanədir”.