Medianın İnkişafı Agentliyi onlayn mediaya dəstək layihəsi elan edib.
Bu barədə Agentlik məlumat yayıb.
Müsabiqədə ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektləri, idman xəbərləri dərc edən onlayn media subyektləri (veb-saytlar) iştirak edə bilər.
Bundan başqa,
– onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdikləri yer (ofis sahəsi) olmalıdır;
– öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək şəraiti minimum tələblərə (kompüter, ofis ləvazimatları və s.) cavab verməlidir;
– onlayn media subyekti (veb-sayt) yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində olmamalıdır;
– təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri olmamalıdır;
– təsisçisi dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmamalıdır;
– bir nəfər baş redaktor, bir nəfər müxbir, bir nəfər texniki işçi olmaqla ən azı üç nəfərdən ibarət heyəti olmalıdır;
– hər ay 20 (iyirmi) gün ərzində gündəlik ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməlidir (dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlar (press-relizlər) və informasiya agentliklərinin informasiyaları istisna olmaqla).
Tələb olunan sənədlər:
– baş redaktorunun ərizəsi;
– vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
– nizamnamənin surəti;
– bank rekvizitlərini əks etdirən sənəd;
– minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri;
– fəaliyyət göstərdiyi ofis sahəsinin onun istifadəsində olmasını təsdiq edən sənədin surəti;
– veb-saytının google analytics hesabına yazılı giriş icazəsi.
Müsabiqəyə müraciət forması:
Müsabiqəyə müraciət tələb olunan sənədlərin kağız daşıyıcıda Agentliyə təqdim olunması yolu ilə edilir.
Qiymətləndirmə
Qiymətləndirmə əsas ümumi domen üzərindən və onlayn media subyektinin (veb-saytın) Müsabiqəyə müraciət etdiyi günədək son 3 aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 5 (beş) xəbər məzmunlu veb-səhifəsi üzrə aparılır.
Ən yuxarı göstəricili 5 (beş) xəbər məzmunlu veb-səhifənin qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Maliyyə yardımının göstərilməsi:
– Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;
– ictimai-siyasi məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə Qaydalarda göstərilən sahələrdən hər hansı bir üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər;
– idman məzmunlu informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) isə Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” sahəsi üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər.
Maliyyə yardımından istifadə:
– Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir;
– Maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalamış onlayn media subyekti (veb-sayt) həmin müqavilənin qüvvədə olduğu müddət ərzində hər ayın sonu müvafiq maliyyə vəsaitinin hansı istiqamətlərə xərcləndiyini təsdiq edən sənədləri Agentliyə təqdim edir.
Müraciətlərin qəbulu 01 iyun 2021-ci il tarixindən 11 iyun 2021-ci il saat 18:00-dək həyata keçirilir.