Manşet Sosial

Uşaqlar bizim gələcəyimizdir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən “Qadınların Beynəlxalq Konfransı”nda iyunun 1-nin uşaqların mudafiəsinə həsr etmək qərara alınıb. Həmin gün təşkil olunan uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il xüsusi qeyd olunur.

Tanrının valideynlərə bəxş etdiyi ən şirin paydır övlad. Həmçinin uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz və gələcəyimizdir. Uşaq ailənin, xalqın və dövlətin ən dəyərli sərvətidir.

Uşaqları kiçik yaşlarından düzgün yönləndirmək onlara qayğı ilə yanaşmaq hər birimizin məsuliyyətində olan əsas vəzifələrdəndir. Çünki onlar yalnız bir ailənin deyil bütün cəmiyyətin ən qiymətli sərvəti və hər bir xalqın gələcəyidir. Buna görə də gələcəyimizi düzgün istiqamətə yönəltməliyik. Ona görə ki, uşaq dünyaya gələndən çarəsiz olur, özünü idarə etmək iqtidarında olmur hətta həddi-büluğa çatana qədər valideynlərinin qayğı və nəvazişinə ehtiyac duyur. Ən əsası uşağın qorunmağa ehtiyacı olur, buna görə də valideyn uşağını qorxudan, incidən hər nə varsa onlardan müdafiə etməlidir. Bir çox uşaqlara diqqət yetirsək görərik ki, tanımadığı şəxs görəndə və ya həmin şəxs onlara yaxınlaşanda dərhal qaçıb valideynlərindən tuturlar, hətta onların arxasında gizlənməyə çalışırlar, balacadırlar axı, tam dərk etmirlər, onlar öz kiçik beyinləri ilə elə düşünürlər ki, tanımadığı şəxs onlara ziyan verə bilər, incidər, vurar və s. Valideynlər də həmin vaxt uşaqlarına qorxma biz yanındayıq deyib onu cəsarətləndirirlər. Bütün bunlar onu göstərir ki, valideyn övladının daim yanında olmalı, nəzarətindən kənarda saxlamamalıdır. Çünki valideyn nəzarətsizliyi hər zaman faciə və heç də ürək açmayan hadisələrlə sonlanır. Belə faciəvi hadisələrin baş verməməsi üçün valideynlər ilk növbədə özlərini, daha sonra da övladlarını düzgün tərbiyələndirməyi bacarmalıdır. Nəyə görə ilk növbədə valideynlər özlərini tərbiyələndirməlidir ona görə ki, uşaq nə öyrənirsə onu tərbiyələndirəndən, böyüdəndən, valideynlərdən öyrənir. Uşaqların beyni ağ vərəq kimi təmiz və boş olur, nə eşitsə dərhal onu yadında saxlayır, başlayır həmin sözü deməyə və yaxud hansı bir hərəkəti görsə onu edir. Heç mahiyyətinin nə olduqlarını dərk etməsələr

belə, pis və ya yaxşı bildikləri nə varsa onu təkrar edirlər. Belə bir deyim var ki, uşaqlar evin aynasıdır və evdəki əxlaqi abhavanı əks etdirirlər. Uşaqları kiçik görüb onları uşaq hesab etmək, o hələ belə şeyləri başa düşməz məntiqi ilə hərəkət etmək olmaz. Bütün bunlar uşağın zəkası, şəxsiyyəti və özünə inam hissinin inkişafı üçün ən böyük xətadır. Buna görə də hər bir valideyn öz hüququnu və uşaqlarının hüqüqunu mütləq şəkildə bilməlidir. Uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Və biz çox yaxşı bilirik ki, uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.

Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara çox böyük diqqət və qayğı ilə yanaşır.

Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir. Çünki onlar da əlilliyi olmalarına baxmayaraq uşaqdırlar. Əlilliklərinin olması onları uşaq olmaqdan və ya hər hansı bir qayğıya, nəvazişə ehtiyac duymaqdan məhrum edə bilməz. Əksinə bu cür uşaqların digərlərindən daha çox sevilməyə, əzizlənməyə, müdafiə olunmağa ehtiyacı var.

Uşaqlar həm də günahsız olurlar. Üzlərində bir saflıq, bir gülüş, sanki bir məsumluq olur. Valideynlər də çalışmalıdırlar ki, o gözəl saflığı, gülüşü məsum balaların üzündən heç bir zaman əskik etməsinlər. Elə valideynlər var ki, övladına qarşı kobud rəftar edir, uşaq onu çağıranda cavab vermir və ya ona bir söz deyəndə qışqırır, hətta heç bir çarə yoxmuş kimi acımasızcasına uşağı döyənlər də var. Düzgün valideyn-övlad münasibəti qura bilməyənlər uşaqlarının daha qorxaq olaraq böyüməsinə, cüzi bir şey olan kimi də ağlamasına, ən əsası uşağın üzündəki təbəssümün əskik olmasına səbəb olurlar.Və bütün bunlar uşaqda acizlik, həmçinin özünə inamsızlıq hissi yaradır. Bir növ uşaq özünü tənha hiss edir. Əziz valideynlər çalışın parlaq gələcəyimiz olan bu fidanları üzməyin, əksinə onları sevin, qoruyun ki, daim qəlbləri fərəhlənib, üzləri gülsün, özlərini güclü, sevgi dolu və güvəndə hiss etsinlər. Çünki uşaqların müdafiəsi günü yalnız 1 iyun deyil, hər gün olmalıdır!.

Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir