“Əzizbəy – KM” MMC vətəndaşın başına NECƏ OYUN AÇDI… – Fuad Mirzəyev pulları mənimsəyib həbsxanada öldü…
Tikinti şirkətlərinin misli görünməyən dələduzluq əməllərinin qurbanlarından biri- Bakı şəhər sakini, himayəsində xəstə oğlu, azyaşlı nəvələri olan Şövqiyyə Əliyeva uzun illərdir məhkəmə qapılarında qalıb. Lakin nə şikayətini dinləyən, nə də probleminə çarə tapan yoxdur.
“Əzizbəy – KM” MMC tərəfindən Xətai rayonu, Xocalı küçəsi 234748 məhəllədə inşa edilən çoxmərtəbəli binadan ev alan, uzun illərdir ailə üzvləri ilə birgə həmin ünvanda yaşayan, orada qeydiyyatda olan 54 yaşlı ev sahibəsinin hazırda öz mənzilindən çıxarılması tələb olunur.
Virtualaz.org-un redaksiyasına müraciət edən Şövqiyyə Əliyeva başına gələnləri danışıb. Onun sözlərinə görə, baş verənlərlə bağlı aidiyyatı qurumlara çoxsaylı müraciət edib, məhkəmə çəkişmələrində zərərçəkmiş və tələbkar kimi tanınıb.
Eşidib ki, təzə binada mənzil satılır, 47 min dollara…
Məlum olub ki, özünə və nəvələrinə normal yaşayış şəraiti qurmaq niyyətində olan Şövqiyyə Əliyeva 2012-ci ildə münasib qiymətə mənzil almaq istəyib. Ev dəllalının (makler) vasitəsilə “Əzizibəy-KM” MMC tərəfindən Xətai rayonu, Xocalı küçəsi 234748 -də inşa edilən yeni çoxmərtəbəli binada ümumi sahəsi 85,5 kv.metr olan mənzilin 47 min dollara satışa çıxarıldığını öyrənib. Maklerlə birgə həmin ünvana gedərək mənzilə baxıb. Daha sonra “Əzizibəy-KT” MMC-nin təsisçisi və tikintiyə rəhbərliyi həyata keçirən Fuad Mirzəyevlə görüşüb, həmin mənzili almaq istədiyini deyib. F.Mirzəyev onu inandırıb ki, mənzil problemsizdir, əvvəllər heç bir sahibi olmayıb.
Şirkət rəhbəri Ş.Əliyevanın şəxsiyyət vəsiqəsini alıb, hazır müqaviləni və pulu ödədiyinə dair arayış blankını doldurub, möhürlə təsdiq edib. Müqavilə imzalandıqdan sonra F.Mirzəyev müqaviləni, arayışı və mənzilin açarını Ş.Əliyevaya təqdim edib. Ev sahibəsi mənzildə təmir-tikinti işlərinə başlayıb.
Mənzilin ikinci sahibi Ucardan gəlib
Lakin bir müddət sonra mənzildə təmir işləri aparan ustalardan biri ona zəng vuraraq bildirib ki, Ucar rayon sakini Akif Abuzərov adlı şəxs gəlib və mənzilin ona məxsus olduğunu deyir.
Məsələni araşdırmaq üçün “Əzizibəy – KM” MMC-yə yollanan Ş.Əliyeva təsisisçidən nə baş verdiyini soruşub. F.Mirzəyev ona narahat olmamağı, həmin mənzili Akif Abuzərovun özünün ona satmaq üçün verdiyini, pulu həmin şəxsə ödəyəcəyini, bir sözlə, məsələni özü həll edəcəyinə inandırıb. Məlum olub ki, A.Abuzərov həmin mənzili hələ 2007-ci ildə ”Etalon-İnşaat”MTK -dan 36 min 816 manata alıb, pulun bir hissəsini ödəyib. Sonradan ”Etalon-İnşaat”MTK tikinti işlərindən kənarlaşdırılıb, inşaat işlərini “Əzizbəy-KM” MMC davam etdirib. A.Abuzərov pulun yerdə qalan hissəsini cəmiyyətin təsisçisi F.Mirzəyevə ödəyib. F.Mirzəyev isə həmin mənzili satıb başqasına, yəni Şövqiyyə Əliyevaya…
Fuad Mirzəyev və Akif Bağırov vətəndaşlara 1.5 milyon manata yaxın pul “atıblar”
Şikayətçi deyib ki, “Əzizbəy-KM” MMC-nin toruna düşən, aldadılan təkcə o və A.Abuzərov olmayıb. Həmin binadan mənzil alanların çoxu eyni vəziyyətlə üzləşiblər. Beləliklə, “Əzizbəy – KM” MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırov inşa edilən yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıblar. Adları çəkilən şəxslər ümumilikdə, 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini mənimsəyiblər.
Təxminən yeddi il öncə hər ikisi törətdikləri cinayət əməlinə görə dələduzluqda ittiham olunaraq hakim önünə çıxarılıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli hökmü ilə F.Mirzəyev və A.Bağırov hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər. “Əzizbəy – KM” MMC-nin təsisçisi Fuad Mirzəyev həbsxanada cəza çəkən zaman orada vəfat edib.
MMC rəhbərinin həbsxanada ölümü
Bir sözlə, həbs olunan, sonradan həbsxanada vəfat edən F.Mirzəyev nə A.Abuzərovun pulunu geri qaytara bilib, nə də Ş.Əliyevanın mübahisəli mənzil məsələsini həll edib.
O gündən bu günədək Ş.Əliyeva şikayət etmədiyi aidiyyatı qurum, döymədiyi məhkəmə qapısı qalmayıb. Düzdür, lazımi instansiyalarda, məhkəmələrdə zərərçəkmiş kimi tanınıb. Lakin hələ də mübahisəli mənzil məsələsi öz həllini tapmayıb.
“Akif Abuzərov mənzili “Əzizbəy-KT” MMC-nin təsisiçisi Fuad Mirzəyevə özü satıb. Əgər pulunu ala bilmirsə bunun mənə və mənim ailəmə nə aidiyyatı var? Mən zərərçəkmiş və tələbkaram. Hazırda heç bir sənəd təqdim etmədən, guya “Kristal Abşeron” kooperativi tərəfindən bünövrəsi qoyulan binadan 36 kv.metr mənzil almaq üçün müqavilə bağlamağımı və yaşadığım mənzildən çıxmağımı tələb edirlər. Deməli, yenə məni aldadırlar. İki azyaşlı nəvəm, xəstə oğlum, gəlinim və qızımla birgə küçəyə atılırıq”- şikayətçi Ş.Əliyeva belə deyib.
Rayon məhkəməsinin hökmü, Bakı Ağır Cinayətlər Məhkəməsinin icra vərəqi
Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsində göstərilib ki, payçıların əmlaklarının əsl sahiblərinə qaytarılması Xətai rayon İcra şöbəsinə və “Əzizbəy – KT” MMC-yə tapşırılsın. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qüvvəyə minmiş məhkəmə hökmü icra olunmaq üçün Xətai rayon İcra şöbəsinə göndərilib.
Şikayətçi Ş.Əliyevanın dediyinə görə, Xətai rayon İcra və Probasiya şöbəsi və ”Əzizbəy – KT” MMC-nin həbs olunmayan işçiləri tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli hökmü və 5 iyun 2015-ci il tarixli icra vərəqəsi gizlədilib. Qüvvəyə minmiş məhkəmə hökmü ola-ola Xətai rayon məhkəməsində yeni məhkəmə iddiaları qaldırmağa şərait yaradılıb.
Xətai rayon məhkəməsinin 7 sentyabr 2018-ci il tarixli qətnaməsində də göstərilib ki, “Əzizbəy–KM”MMC -dən 45 min 860 ABŞ dollar, mənəvi zərərə görə 5 min manat tutularaq Ş.Əliyevaya ödənilsin.
Qətnamədə həmçinin, mənzildə aparılan təmir-tikinti işlərinə görə, A. Abuzərovun Ş.Əliyevaya 14 min 548 manat pul ödəməsi və sözügedən mübahisəli mənzildən çıxarılmasının eyni anda icra edilməsi qeyd olunub.
Ş.Əliyeva deyir ki, zərərçəkmiş və tələbkar ola-ola hazırda yaşadığı mənzili əlindən almaq istəyirlər. Bütün məhkəmə sənədləri Ş.Əliyevanın xeyrinə olsa da, buna əhəmiyyət verən yoxdur. Mənzil dələduzlarının qurbanına çevrilən qadın indi nə edəcəyini bilmir…
Virtualaz.org