Bu gün saat 12:30-da ilk sərbəst yürüşlərlə “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
Yarış proqramına əsasən, saat 16:00-da ikinci sərbəst yürüşlər, şənbə günü saat 13:00-da isə sonuncu – üçüncü sərbəst yürüşlər təşkil olunacaq.
Bununla yanaşı, elə həmin gün saat 16:00-da sıralama turu, bazar günü eyni saatda isə həlledici Qran-pri yarışı baş tutacaq.
Builki Azərbaycan Qran-prisi pandemiya səbəbində tamaşaçılarsız keçirilməsi ilə yanaşı, həm də maraqlı yarış intriqası ilə seçilir. Belə ki, öncəki Monako Qran-prisində yarış cədvəlindəki liderliyini əldən verən Luis Hemilton və “Mercedes” komandası Bakıda birinciliyini bərpa etməyə çalışacaq.
Hazırda britaniyalı pilotu ilk pillədə qərarlaşan niderlandlı Maks Ferstappendən 4 xal ayırır. Sonuncunun təmsil etdiyi “Red Bull” komandası isə mühəndislər kubokunda “Mercedes”i cəmi bir bal üstələyir.
Bir sözlə, Bakıda bütün “Formula 1” sevərləri olduqca maraqlı yarış gözləyir.