Manşet

5 İyun Ətraf Mühitin Mühafizəsi Günü

 

Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq cəmiyyətin hər bir üzvünün mənəvi borcudur. İnsanı təbiətdən ayrı təsəvvür etmək belə mümkün deyil. Təbiətin qədrini bilmək, qayğısına qalmaq insanlığın göstəricisidir. İnsanlığın əsas göstəricilərindən biri də onu yaradıb, bəsləyənə hörmətdir. Belə bir bənzətmə var ki:”Təbiət gözəl qadındır, insan isə onun qulaqlarından asılmış qiymətli sırğadır, sırğa qadına çox əziyyət verərsə, qadın onaları açıb ata bilər”. Buna görə də müasir insanlar biosferi qoruyub saxlamaq üçün qlobal miqyaslı tədbirlər hazırlayıb həyata keçirməyə çalışırlar. Hər kəs öz fəaliyyəti prosesində bu və ya digər formada təbiət və ətraf mühitlə təmasda olur. Məhz buna görə də hamı istər məişətdə, istərsə də istirahət zamanı ətraf mühitin qorunmasına qayğı ilə yanaşmalıdır. Hər kəsin ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifəsi həm hüquqi, həm də əxlaqi dəyərlərlə ölçülür. Cəmiyyətin hər bir üzvünün mənəvi borcudur ki, ətraf mühiti qorusun və ona xüsusi qayğı ilə yanaşsın. Elə insanlar var ki, ətraf mühiti qorumaq yerinə, əksinə daha çox zibilləndirirlər. Bəzi uşaqlar əllərində olan su qablarını və ya yedikləri qidaların kağızlarını yerə atırlar. Valideynləri də dayanıb kənardan baxır. Bütün bunlara baxmayaraq onların valideynləri onlara izah etmirlər ki, onları yerə atmaq olmaz. Hər bir yerdə zibil qutuları var. Onları uşaqlara göstərib diqqətlərinə çatdırmalıdırlar ki, istifadəyə yararsız hər nə varsa hamısı zibil qutularına atılmalıdır. Uşaqlar o qədər də dərk etmirlər onları qoyaq bir kənara, bəs bu valideynlərə nə deməli, onların da əksəriyyəti əllərində olan zibilləri yerə atırlar. Onlar bu hərəkəti edəndə fikirləşmirlər ki, övladları da onlardan örnək götürürlər. Buna görə də ümumiyyətlə böyüklər ilk öncə özlərini tərbiyələndirməlidirlər ki, kiçiklər də onlara baxıb öyrənsinlər. Məlumdur ki, hazırda ölkədə pandemiya şəraiti davam edir və hər kəs qapalı məkanlarda tibbi maskadan istifadə edir. Bəzən yolda gedərkən istifadə edilib yerə atılan çirkli tibbi maskalar da diqqətdən qaçmır. Həmçinin onların ətraf mühiti çirkləndirməsi də birbaşa insanların sağlamlığına çox böyük ziyandır. Bir neçə düşüncəsiz və gigiyena qaydalarına əməl etməyənlərə görə çoxlarının sağlamlığına ciddi zərər dəyir. Bütün bunların da əsas səbəbi ətraf mühitin düzgün mühafizə olunmamasıdır. Lakin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Müstəqillik illərində də ümummilli liderimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda ekoloji məsələlərə dair müşavirələrin keçirilməsi, beynəlxalq ekologiya sərgilərinin təşkil olunması bu sahəyə göstərilən diqqətin real ifadəsidir. Biz də vətəndaş olaraq öz növbəmizdə ətraf mühiti qorumalıyıq. Ona görə ki, ətraf mühiti qorumaq, özümüzü qorumaq deməkdir.

Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir