Manşet

Rikerin Güney Qafqaz səfərinin PƏRDƏARXASI… – TƏHLİL

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker bu həftə ərzində Cənubi Qafqaz ölkələrini ziyarət edəcək. “Turan”ın Vaşinqton müxbiri xəbər verir ki, səfərin məqsədi bölgə ölkələri ilə müttəfiqlik əlaqələrini təsdiqləməkdir.

Dövlət Departamentinin cümə günü verdiyi məlumata görə, 6-13 iyun tarixlərində Riker “ikitərəfli və regional prioritetləri inkişaf etdirmək və ABŞ-ın bütün bölgədə demokratik və iqtisadi inkişafa dəstəyini ifadə etmək” üçün Tiflis, Bakı və İrəvana səfər edəcək.

Səfərdən gözləntilər nədir? Amerikalılar Cənubi Qafqazda nə axtarır? Buranı Rusiyanın təsirindən çıxarmağa çalışırlar? Orta Asiya və Cənubi Qafqaz ABŞ üçün nə deməkdir?

YAP-çı deputat Elman Nəsirov sualları “Yeni Müsavat”da belə cavabladı: “Amerikanın ikipartiyalı xarici siyasət kursu var. Bu kursda strateji hədəf dəyişməzdir. ABŞ dünyanın 38 ölkəsində hərbi bazaya malikdir. Bütövlükdə dünyada Birləşmiş Ştatların hərbi bazalarının sayı 760-dan çoxdur. Lakin bu ölkədə hakimiyyətdə respublikaçılar, yaxud demokratlar olduqda strateji məqsədə çatmaqda taktiki dəyişikliklər baş verir. Respublikaçılar daha çox güc faktoruna üstünlük verirlər, demokratlar isə yumşaq güc hakimiyyətindən daha çox istifadə edirlər. İnsan haqları, demokratiya adı altında bir çox hallarda strateji niyyətlərini reallaşdırırlar. ABŞ-ın maraqları iki cürdür, həyatı və ümumi maraqlar. Deyirlər ki, həyatı maraqlar tələb etdikdə bütün diplomatik təsir vasitələrindən istifadə edirlər. Ümumi maraqlar tələb etdikdə isə güc tətbiq etməyə elə də ehtiyac yaranmır. Daha çox diplomatik təsir üsulları işə salınır. Bu baxımdan Cənubi Qafqaz hələ Amerika üçün həyati marağa çevrilməyib. Əgər belə olsaydı, davranışları tamam fərqlənərdi. Məsələn, biz bu davranışı, İraqda, Əfqanıstanda, Suriyada və digər ölkələrdə gördük. Ümumi maraqlarda həm də ABŞ beynəlxalq QHT-lərin fəaliyyətindən kifayət qədər bəhrələnirlər. ”Freedom House”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” və s. kimi təşkilatların adlarını çəkə bilərik. Bayden Administrasiyasının Cənubi Qafqaz siyasətinin konturları cızılmaqdadır. Son dövrlərdə ABŞ-ın ölkəmizə münasibətdə intensiv xarakterli addımları müşahidə edirik. Bilirsiniz ki, aprelin 28-də Amerikanın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidentinə telefon zəngi açdı, ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıldı. Xüsusilə II Qarabağ savaşından sonra yaranmış vəziyyət, formalaşmış böhranlı məsələ ətrafında fikir mübadiləsi oldu.

Bunun ardınca ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin ölkə başçısına zəngi oldu. Bu zəng çərçivəsində Azərbaycan-Ermənistan arasında sərhəd məsələsində olan gərginlik ətrafında müzakirələr aparıldı. Beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyimiz töhfələr daim Amerika tərəfindən dilə gətirilib. Avropanın enerji təhlükəsizliyində oynadığımız rola da xüsusi diqqət çəkilir. Bütün bunlar onu göstərir ki, Amerika-Azərbaycan münasibətləri strateji əhəmiyyət kəsb edir. Fundamental məsələlərdə mövqeyimiz üst-üstə düşür. İndi də Filip Rikerin Cənubi Qafqaza səfəri onu göstərir ki, yeni administrasiya, xüsusilə, Rusiya və İranla olan münasibətlərə yenidən baxılması konteksində Azərbaycanın regionda olan rolunu xüsusi qiymətləndirir. Eyni zamanda Cənubi Qafqaza diqqəti daha da artırmağa başlayıb. Azərbaycan istənilən dövlətlə bərabərhüquqlu münasibətləri seçir. Bir dövlətlə münasibətimiz, heç zaman üçüncü dövləti hədəfə almayıb. Rəsmi Bakı Cənubi Qafqazda sabitliyin təmin olunmasında Amerika ilə münasibətlərə xüsusi diqqət ayırır. Eyni zamanda ABŞ-ın Mərkəzi Asiya münasibətinə töhfə verə bilərik. Bunu xüsusi vurğulayıram. Bu səfərdə Azərbaycan-Ermənistan arasında sərhədlə bağlı yaranan ixtilaflı məsələlər var ki, o məsələlərə bir daha aydınlıq gətiriləcək. Azərbaycan Ermənistanın bizə qarşı apardığı mina müharibəsini də xüsusi diqqətdə saxlayacaq. Çünki 10 noyabr tarixində əslində müharibə bitsə də, Ermənistan Azərbaycana qarşı iki istiqamətdə müharibə aparmaqdadır. Bunlar mina və informasiya müharibələridir. Son olaraq, jurnalistlərimizin mina düşmələri faktı onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı apardığı siyasət nə qədər məkrlidir və işğalçı əməkdaşlığın ziddinə olan addımlar atmaqdadır”.

Politoloq Azər Hüseynov isə səfəri gecikmiş sayır: “Amerika rəsmisinin bölgəyə səfəri bir az getmiş qatara tələsik minməyi xatırladır. Amerika ATƏT Minsk Qrupunun həmsədri kimi ortaya real iş qoya bilmədi. İndi isə bölgə iqtisadi oyanış mərkəzinə çevrilir. Bunun da mərkəzində Azərbaycan dayanır. Zəngəzur və işğaldan azad edilmiş bölgələr, perspektivdə bəlkə də yeni neft-qaz xətləri fonunda Amerika burada iştirak etmək istəyir. Digər tərəfdən, ola bilər ki, Ermənistanda Paşinyana, Gürcüstanın da ”demokratik” hökumətinə yeni taktiki göstərişlər vermək istəyir. Dövlət başçısı İlham Əliyevin bölgə ədavət deyil, inkişaf mərkəzi olmalıdır çağırışı ola bilər ki, amerikalıları da silkələyib. Digər tərəfdən, bunun üçün Azərbaycanın qardaşı Türkiyəyə qarşı ikili oyunlarını da dayandırmalıdırlar. Amma düşünürəm ki, bu “demokratiya” vurğusu bir az ehtiyatı əldən verməməyi tələb edir. Çünki bu vurğu bir çox bölgələri viran etdi. Əsas fikrim odur ki, ABŞ-a da iqtisadi iştirak payı veriləcəkdir. Amma bölgədə üç güc dominant olacaq: Azərbaycan, Türkiyə, Rusiya. Qlobal güc olaraq isə çox da üzdə görsənməyən Britaniya…”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir