Manşet

Nazirlə “Aqrar Tədarük və Təchizat” ASC-nin ŞÜBHƏLİ İŞBİRLİYİ… – FAKTLAR

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin uşaq bağçalarına kilosu 50 qəpiyə olan xiyarı kiloqramı 4 manatdan satması ilə bağlı araşdırma aparılır.
TİA.Az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Ancaq Kənd Təsərrüfatı Nazirliyi bu fakta susur, nə təkzib edir, nə də əsaslandırır.
Sual oluna bilər: KTN-nin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC neçə bağça və müəssisəni ərzaqla təmin edir?
Nə yazıq ki, bu barədə dəqiq informasiya əldə edə bilmədik. Amma “Aqrar Tədarük və Təchizat” ASC-nin adı dəyişdirilərək ləğv edilən sələfinin 2017-ci ildə verdiyi açıqlamaya görə, təkcə Şəmkir-Qazax Regional Bölməsi üzrə 158 körpələr evi-uşaq bağçası, 6 mərkəzi xəstəxana, 95 icra nümayəndəlikləri var. Onlar məhz bu qurum tərəfindən ərzaq məhsulları ilə təchiz edilirdi.
Nəzərə alsaq ki, Azərbaycanın 10 belə regional bölgəsi mövcuddur və hər birində aşağı-yuxarı eyni sayda bağça, mərkəzi xəstəxana və icra nümayəndəlikləri fəaliyyət göstərir.
O zaman bazar qiymətindən 10 dəfə baha satılan ərzaq malları ilə KTN-nin “qaz vurub qazan doldurduğunu” anlamaq çətin deyil.
Üstəlik, “Aqrar Tədarük və Təchizat” ASC-nin digər dövlət qurumlarını da ərzaqla təchiz etdiyini hesaba qatsaq, dəhşətli bir korrupsiya şübhəsi ortaya çıxır.
Nə yazıq ki, regionlardan gələn bəzi iddialar da bu təəssüratı gücləndirir. Belə iddialardan biri də uşaq bağçalarına verilən ərzaq məhsullarının qiyməti və keyfiyyəti ilə bağlıdır.
İmişlinin Mərzəli kənd bağçasının müdirəsi Mariya Lauşovanın bir müdət əvvəl verdiyi açıqlamada “Aqrar Tədarük və Təchizat” ASC-nın onlara ərzaq məhsullarını bazar qiyməti ilə müqayisədə ən azı 7 dəfə baha satdığı qeyd olunmuşdu.
Üstəlik, uşaqlarımıza yedirilən ərzaq məhsullarının keyfiyyəti də qənaətbəxş deyil. Bu qurumun və KTN-lə birgə maxinasiyalarının yeni detalları ilə bağlı araşdırma aparırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir