Lerikdə imkanlı şəxslər müharibə iştirakçısını fəhlə işlədib, sonra pulunu verməyib döydülər – VİDEO
Lerik rayonun sakini, Ikinci Qarabağ Müharibəsi iştirakçısı Nuriyev Qurban Eynulla oğlu yaşadığı rayonda rastlaşdığı qanunsuzluqla bağlı Azinforum.az İnformasiya Portalına videoşikayət ünvanlayıb. O, bildirir ki, rayon rəhbərliyi tərəfindən himayə edilən bir qrup imkanlı şəxs onu fəhlə kimi işlədib, sonra zəhmətinin haqqını ödəməyərək, döyüb bədən xəsarətləri yetiriblər:
“Mən 102 xidmətinə şikayət etmişəm. İş Lerik Rayon Polis İdarəsinin tədqiqatçısı Nuriyev Teymur Əsgər oğlunun icraatındadır. Ancaq məni döyənlərdən biri tədqiqatçının bacısı oğlu olduğu üçün, işə obyektiv baxılmır, mənə qarşı cinayət törədən şəxsər məsuliyyətə cəlb edilmir. Çox xahiş edirəm ki, bu işin obyektiv araşdırılmasına yardımçı olasınız”.
Azinforum.az işin tədqiqatını aparan Nuriyev Telmanla əlaqə saxlayıb. Tədqiqatçı bildirib ki, belə bir iş həqiqətən onun icraatında var:
“Ancaq söhbət kiminsə döyülməsindən yox, qarşılıqlı davadan gedir. Prosesual normalara uyğun, qanunvericiliyin tələblərinə əməl olunmaqla tədqiqat aparılır. Davada şəxslərə yetirilən xəsarətin dərəcəsini biz yox, ekspertiza müəyyən edir. Heç bir qərəzdən söhbət gedə bilməz. Qanunvericiliyin tələblərinə uyğun olaraq, məsələyə hüquqi qiymət veriləcək”.