Manşet Səhiyyə

“Öz vətəndaşlarını, vergi ödəyicisini nəzərə almırlar” – FAKT BUDUR!

“Avropa Çempionatının əhəmiyyəti nəzərə alınaraq, paytaxata gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə Metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşınma fəaliyyəti göstərəcək”.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin açıqlamasında belə deyilir. Bu açıqlama sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Bir çoxları bunu ölkə vətəndaşlarına hörmətsizlik kimi qiymətləndirdi. Yəni bizə olmaz, amma xarici qonaqlara olar.

Bu iradlara münasibət bildirən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov paytaxta gələn idmansevərlərin yalnız əcnəbilərdən ibarət olmadığını, ölkə daxilindən də azarkeşlərin olduğunu söylədi:

“Dünən (srağagün -dia.az) şəhərdə elə bu qisim insanlar əksəriyyət təşkil edirdi. Bütün dünyada böyük və uzunmüddətli tədbirlərə xüsusi hazırlıq olur. Tədbirin xoş atmosferdə keçməsi, problemlərin, xüsusən də insanların hərəkəti ilə bağlı çətinliklərin yaşanmaması da ölkənin imicinin tərkib hissəsidir. Metronun qonaqpərvərliyi təkcə əcnəbilər üçün deyil. Hamı bərabər olub, metrodan istifadə zamanı çətinlik yaşaya biləcək hər kəsə kömək edilib. Belə istifadəçilərin əksəriyyəti yerlilər olub”.

İqtisadçı ekspert Nazim Bəydəmirli isə “Press Klub”a şərhində yalnız Metropolitenin deyil, digər qurumların da sosial mediada PR kampaniyası apararkən bilərəkdən və ya bilməyərəkdən bu cür ayrı-seçkiliyə, ikili standartlara yol verdiklərini söylədi:

“Dövlət qurumu, şirkətlər və yaxud kommunal xidmətlər göstərən orqanlar sanki əcnəbilərə xoş görünmək üçün çalışırlar. Bu, bəlkə də professionallığın aşağı səviyyədə olmasından irəli gəlir. Bəlkə də onlar bunu bilməyərəkdən edirlər. Çünki bu cür paylaşımın altında daha böyük yük yatır. Bu yük isə ondan ibarətdir ki, vətəndaşlarımız aylardır metronun işləməməsi səbəbindən kifayət qədər əziyyət çəkir, maddi və ya digər itkilərə məruz qalırlar. İnsanlar bir yerdən başqa yerə avtobuslarda böyük sıxlıq şəraitində getməli olurlar. Belə olan şəraitdə meqapolisdə metronun bağlı qalması hansı məntiqə əsaslanırdı? İctimai fikir də birmənalı sübut edir ki, yerli şirkətlər, nazirliklər müxtəlif kampaniyalar keçirərkən daha çox ölkəyə gələn əcnəbi turistləri düşünürlər, öz vətəndaşlarını, vergi ödəyicisini nəzərə almırlar”.

N.Bəydəmirlinin fikrincə, Bakı Şəhər İcra Hakimiyyətinin mərkəzi küçələrdə yerləşən binaların eyvanlarında dibçəklər quraşdırması da yanlış addımdır:

“Guya Bakı Şəhər İcra Hakimiyyəti digər küçələrdə və yerlərdəki vəziyyətdən xəbərdar deyil?! Digər binaların balkonlarından asılan camaşırlardan, həmin balkonların hansı vəziyyətdə olduğundan xəbərdar deyil?! Bu da qeyri-peşəkar yanaşmadır, vətəndaşlarda qıcıq oyadır. Azərbaycanda büdcə vəsaiti ilə fəaliyyət göstərən bütün dövlət qurumları ilk növbədə Azərbaycan vətəndaşının rahatlığını, maraqlarını və mövqeyini qorumalıdır”.

İdman jurnalisti Ağa Dadaşzadə isə fərqli fikirdədir:

“Avropa miqyaslı bir yarışdır. Belə dönəmlərdə ictimai nəqliyyatın fəaliyyət göstərməsi önəmlidir. Düzdür, metro bu ay ərzində öz fəaliyyətini davam etdirəcək, lakin bura avtobusları da daxil etmək mütləqdir. Biz həmin turistləri böyük sıxlıq olan avtobuslarda gəzdirməməliyik. Onları bu cür sıxlıqda aparıb, gətirə bilmərik”.

A.Dadaşzadə bu qərarın turistlərlə əlaqəli olduğunu düşünmür:

“COVİD-19 yoluxma statistikası aşağı olduğu üçün metronun fəaliyyətinə icazə verildi. Bu qərarı normal qəbul edirəm. Amma məsələ ondadır ki, çempionat bitdikdən sonra yenidən yoluxmanın artdığını deyib, metronu qapadacaqlarsa, bunu elə əvvəldən desəydilər, normal qəbul edərdik. Əgər bunu vətəndaşlarımızın başını aldatmaq məqsədilə edirlərsə, təbii ki, mən də əleyhinəyəm. Amma ümumilikdə tədbirə görə bütün ictimai nəqliyyat növlərinin fəaliyyət göstərməsini labüd hesab edirəm”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir