Azərbaycanda internet paketlərinin qiymətləri həddindən artıq bahadır. Türkiyə, Rusiya və Qazaxıstanda olan qiymətlərdən qat-qat baha olan internet tarifləri gəliri aşağı olan insanlar üçün çətinliyə çevrilib. Üstəlik keyfiyyət və surət həddi də qənaətbəxş deyil. İllərdir gileyli məsələyə çevrilən internet mobil operatorlarda da əlçatanlığı aşağı salıb.
Provayderlərlə yanaşı yüksək xidmət tarifləri təklif edən mobil operatorların sürətli internet anlayışı öz həllini tapmır. Mobil operatorlara məxsus datakartlarda hər meqabayta görə internet “qızıl qiymətinə” təklif olunur.
Maraqlıdır, xidmət səviyyəsi aşağı, tarifləri isə baha olan internet qiymətləri necə hesablanır?
İqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında deyib ki, məsələnin kökündə internet pravayderlərinin azlığı ilə bağlı rəqabət mühitinin zəif olması dayanır:
“Ölkəyə internet bir mərkəzdən – dövlət müəssisəsi olan “Delta Telecom” tərəfindən daxil olur. Yəni bir nöqtədən daxil olur və digər pravayderlərə tariflər satılır. O tariflər də pravayderlər tərəfindən fərdi qaydada bölüşdürülür. Amma problem ondan ibarətdir ki, internet ölkəyə bir mərkəzdən daxil olub paylandığına görə provayderlərə satılan internet tariflərində elə ciddi fərq yoxdur.
Pravayderlər inhisarçı şirkətin qoyduğu qiymətə öz xidmət haqqını da əlavə edərək satmaqla məşğuldur. Bir sözlə pravayderlərdə aşağı-yuxarı internet tarifləri eynidir. Ona görə də qiymətlərin aşağı düşməsi üçün bu sahədə rəqabətli mühitin formalaşmasına geniş ehtiyac var”.
Ölkədə pravayderlərin sayının az olduğunu vurğulayan ekspert bu xidmətlə məşğul olan şirkətlərin sayının artırılmasının vacibliyini önə çəkib:
“Bu gün Azərbaycanda internet alışı və paylanışı vahid mərkəzdən tənzimlənir. Belə bir inhisarçılığın formalaşması qiymətlərin diktə olunmasında mühüm rol oynayır. Eyni halı mobil operatorlar haqqında da demək olar. Bilirik ki, mobil rabitə bazarında 3 operator fəaliyyət göstərir.
İnternet tarifləri də o 3 operator arasında sanki sövdələşmə və eyni yanaşma ilə həyata keçir. Cəmi 3 şirkətin belə xidmət təklif etməsi seçim imkanlarını məhdudlaşdırır və o şirkətləri də mobil internet bazarında öz qiymətlərini diktə etməyə imkan yaradır.
Yəni burada da rəqabət mühitinin zəif olması qiymtlərin yüksəlməsində əhəmiyyətli yer tutur. Məsələn kiçik bazarı olan Gürcüstanda bizdən az qala 2 dəfə çox, 6-7 mobil rabitə xidməti fəaliyyət göstərir.
Bu da rəqabətli mühitin formalaşmasına və qiymətlərin aşağı düşməsinə birbaşa təsir edir. Hesab edirəm ki, həm internet xidməti göstərən şirkətlərin sayı artmalıdır, həm də bazarımızda xaricdən internet trafiki alma imkanına malik olan başqa şirkətlər də olmalıdır“.
Ekspert təklif olunan internet xidmətləri müqabilində keyfiyyətin aşağı olması məsələsinə də toxunub.
O, deyib ki, insanlar qiymətlərdə azca fərq olan kimi aşağı tarif təklif edən pravayderləri seçirlər:
“Azərbaycanda sürətli internet anlayışı hələ də oturuşmayıb. Digər ölkələrlə müqayisədə sürət kifayət qədər aşağıdır. Bu qanunvericilik çərçivəsində də tənzimlənmə olmalıdır ki, qiymətlə keyfiyyət arasında bağlılıq olsun”.