Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Bu həyatda insan üçün ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. İnsanlar elə düşünürlər ki, həkimlər hər halda mütləq onlara kömək edəcəklər, bir iynə və ya başqa bir yardım alaraq mütləq yaxşılaşacaqlar. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, bəzən xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər.
Tibb daim inkişaf edir. Yeni xəstəliklər yeni biliklər tələb edir. Çünki bir həkimin bilik və bacarıqları yalnız təmiz tibb sahəsi ilə məhdudlaşmır. Əsl mütəxəssis də yaxşı psixoloq olmalıdır. Bir insanı səbrlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, ümid, inam aşılamaq, təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək bütün bunlar insandan psixoloq olmağı tələb edir. Axı elə insanlar var ki, inadkardırlar, sağlamlıqlarına qulluq etmək istəmirlər, hətta əksər hallarda indkarlıqları ilə vəziyyətlərini daha da pisləşdirirlər, sağalma prosesini ləngidirlər.
Hər kəs həkim ola bilməz. Bu peşəyə yiyələnmək üçün xüsusi bir xarakterə, səbrə, diqqətliliyə, sakitliyə ən əsası xeyirxahlığa sahib olmaq lazımdır, bunlarla yanaşı möhkəmlik, tez qərar qəbul etmək qabiliyyəti, böyük bir məsuliyyət hissi də əsasdır. Həkim öz işinə ürəkdən bağlı olmalıdır, peşəsinin vacibliyini, ciddiliyini dərk edən, çətinliklərdən, təhlükələrdən qorxmayan bütün həyatını insanlara həsr etməyi qəbul edən, işləyərkən davamlı öyrənməyə və inkişaf etdirməyə davam edən olmalıdır. Həkimləri qəhrəman da adlandırmaq olar. Axı onlar hər gün qəhrəmanlıq edir, insanları, həyatlarını xilas edirlər, elə zamanlar olur ki, özlərini riskə atırlar bir sözlə bütün bəşəriyyətin varlığını uzadırlar. Bunlar hamısı onların əsl böyük əməyidir. Həm də həkimlər sanki yer üzündəki qanadsız mələklərdir, çünki insanların xəstəliklərinin öhdəsindən gəlmək üçün və həyatlarını xilas etmək üçün böyük fədakarlıqlar göstərirlər.
Məlumdur ki, bütün dünya uzun zamandır koronavirus imtahanı verir. Və Yer kürəsinin bütün qitələri topsuz-tüfəngsiz atəş açan bu müharibədə “gözəgörünməz düşmən”lə vuruşmağa məhkumdur. Sanki Koronavirus
silahsız-sursatsız baş verən üçüncü dünya müharibəsidir. Həmçinin Koronavirus XXI əsrin biomüharibəsidir. Bu müharibə dünyada baş verən bütün müharibələrdən fərqlidir, həm strategiyası, həm də taktikası baxımından. İndiyə qədərki müharibələrdə hücum taktikası əsas hesab olunurdusa, biomüharibədə müdafiə olunma, təcrid edilmə qələbəyə aparan əsas yolu müəyyən edir. Biomüharibənin digər müharibələrdən bir fərqi də bundadır ki, digər müharibələrdə başqa xalqların ərazilərini, sərvətlərini ələ keçirmək əsas hədəf kimi seçilir, biomüharibənin isə əsas strategiyasını insanı məhv etmək təşkil edir. Koronavirus insanı hədəfə aldığına görə bütün insanlıq bu bəşəri bəla ilə mübarizədə birləşmişdir.
Koronavirus sosial, ictimai-siyasi, irqi, dini fərqləri nəzərə almadan birbaşa insanlığa qarşı ünvanlanmış total bir müharibədir. Ona görə də koronavirusa qarşı mübarizədə bütün insanlıq vahid amal ətrafında birləşmişdir. Məhz buna görədir ki, koronavirus Ümumdünya Səhiyyə Təşkilatını biomüharibənin baş qərargahına çevirmişdir.
Bu “müharibədə” ölkələrin qələbəyə nail ola bilməsi dövlət rəhbərlərinin təkcə silahlı qüvvələrə deyil, bütün xalqa vaxtında əmrlər verməyi bacaran Ali Baş Komandan missiyasını icra etməklə bərabər, həm də müəyyən edilmiş proqramın mütləq həyata keçirilməsini təmin etməsindən çox asılıdır.
Bu gün çox böyük qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini tam layiqincə həyata keçirmiş əsl qalib Baş Komandandır.
Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran ümummilli lider Heydər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Həmin gün ulu öndərin həkimlərə ünvanladığı təbrik məktubunda deyilirdi: “… Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz… Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir”. Bu fikirlərdə ulu öndərin milli səhiyyəmizin inkişafına yönələn diqqət və qayğısı, həkimlərimizə olan sevgi və məhəbbəti, bu peşənin müqəddəsliyi, məsuliyyəti açıq şəkildə öz əksini tapmışdır. Və hazırki dövrdə digər sahələrdə olduğu kimi, səhiyyə
sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir və bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. Əziz qəhrəman və hünər sahibi olan həkimlərimiz sizi peşə bayramınız münasibətilə təbrik edir, sizə uzun ömür, can sağlığı və çox məsuliyyətli, bir o qədər də şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Yaxşı ki, varsınız.
Cavadzadə Seyid Sürayə