Manşet

Balaca bir məktəbdə QOCAMAN ÖZBAŞINALIQ… – Nazirin nəzərinə…

Ölkə gündəmini izləyən oxucular yəqin bilirlər ki, son illər təhsil naziri postu sanki yüksək vəzifəli şəxslərin digər nazir vəzifələrinə keçid alması üçün bir növ tramplinə çevrilib. Kim nə deyir-desin, müşahidələrdən belə qənaət hasil olur. Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən vergi xidmətinin rəhbəri vəzifəsinə, nəhayətdə İqtisadiyyat naziri vəzifəsinə getdi. Ceyhun Bayramov isə təhsil naziri görəvini xarici işlər naziri vəzifəsinə dəyişdi. Bu tendensiya əlbəttə ki, bəzi mənfi assosiasiyalarla müşayiət olunur. Rəhbərin tez-tez dəyişilməsi yiyəsizlik təəssüratı yaradır. Bu haldan yararlananlar isə rəhbərlikdə ikinci, üçüncü pillələri tutan vəzifəli şəxslər olur. Təzə təyin olunan nazirlər ilk qərarlarının diqqət mərkəzində olduğunu nəzərə alır, cəmiyyətdə “non-sens” kimi qəbul ediləcəyindən ehtiyatlanaraq onları “təmizləmək” planlarını “hələ qoy bir az işləyək, ya eşşək ölə, ya xan” deyib qeyri-müəyyən vaxtadək təxirə salır, ya da ümumiyyətlə, bu fikirdən daşınırlar. Belə yanaşma iyerarxiya nərdivanında ikinci-üçüncü pillələrdə qərar tutanlara özlərindən asılı olmayaraq əlavə siyasi devident qazandırır. Daha aşağı vəzifəlilərə — şəhər-rayon təhsil idarələri-şöbələri müdirlərinə, məktəb direktorlarına bir növ mesaj verilmiş olur: “Baxın, neçə nazir dəyişib, amma filan nazir müavini, Nazirliyin filan idarə rəisi, sektor müdiri əvəzolunmaz kadr kimi yerində qalır. Qaranquş gəldi-gedərdi, sərçədən muğayat olun. İş düzüb-qoşmaq istəyirsinizsə, onları görün. Nəticə bu olur ki, aşağıdan yuxarıya şikayət edilən eyni problem bir-birini əvəzləyən bir neçə nazirə ünvanlanır, çifayda, həllinə nail olunmur. İkincilər-üçüncülər özlərini vacib persona kimi qabağa verib nəyinsə müqabilində üzərlərinə götürdükləri öhdəliklərdən də “hələ nazir təzədəir, bir az gözləmək lazımdır” deyib yayına bilirlər. Aşağı vəzifələrdəki öz adamlarını da qada-bəladan qoruya, onların barəsində edilən şikayətləri təzə nazirin masasından yayındıra, gözündən uzaqlaşdıra bilirlər.

Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumatda bildirilir ki, Abşeron rayonunun Güzdək qəsəbə orta məktəbinin direktoru Sevil Əliyeva təhsilin idarəetmə aparatının yuxarı eşalonundakı havadarlarının köməyi ilə sistemə soxulmuş və möhkəmlənməyə nail olmuş təsadüfi şəxslərdən biri kimi təqdim olunur. Məktəbdən, adının hələlik açıqlanmasını istəməyən informator əmindir ki, Sevil Əliyevanın fəaliyyəti ciddiliklə araşdırılsa, əməllərində cinayət tərkibi olduğu asanlıqla aşkarlanar.

Mənbənin sadaladığı neqativ hallar sırasında ilk yerdə Güzdək məktəbində əmək qanunvericiliyinin tələblərinin pozulması, əmək intizamına riayət etməyən işçilərə haqq etmədikləri əmək haqqının yazılması və direktor tərəfindən mənimsənilməsi gedir: Məktəb müəllimin verdiyi məlumatlarda bildirilir ki, əmək təlimi müəllimi Əminova Sevda aylarla işə gəlmir. Tarix müəllimi Şəbnəm Türkiyədədir, onun maaş kartı isə direktor Sevil Əliyevadadır. Texniki işçilərdən Nəcəfova Bahar və Heydərova Tünzalə də işə çıxmırlar”.

Sonra Sevil Əliyevanın qol qoyduğu korrupsiya hüquqpozmaları sadalanır: “Məktəbə direktor təyin olunduğu gündən məktəbin direktor müavini Elmira müəlliməni çox incitdi, çünki məqsədi onu işdən çıxarmaq idi. Məktəbdə hamı bilirdi ki, müəllimə dializ xəstəsidir, dializə gedirdi. Kollektiv Sevil Əliyevanın onu dəfələrlə ağlatdığının şahidi olub. Çox keçmədən müəllimə vəfat etdi. Sevil Əliyeva arzusuna çatdı və Şamaxıda müəllim işləyən Mahmudova Fəziləni məktəbə direktor müavini təyin etdirdi. O, bu işlərdə çox pərgardır. Halbuki, məktəbdə direktor müavini vəzifəsində çalışmaq istəyən, bu vəzifənin öhdəsindən gələ biləcək təcrübəli müəllimlər var idi…”

İnformator Sevil Əliyevanın pedaqoji fəaliyyət tarixçəsinə də ekskurs edərək, nəzər yetirilməsi gərəkən, təəccüb doğuran məqamların altını cızır: “O, qeyri-qanuni olaraq Abşeron rayon Təhsil Şöbəsinə metodist təyin olunmuşdu. Uşaq bağçasında musiqi dərnək rəhbəri işləyən bu xanım orta məktəbdə müəllim kimi heç bir stajı olmadığı halda, necə olursa təhsil şöbəsinə ibtidai siniflər üzrə metodist vəzifəsinə irəli çəkilir. Halbuki, əmək qanunvericiliyinə görə ən azı 3 il pedaqoji stajı olmayan təhsil işçisi metodist təyin oluna bilməz. Onun “məhsuldar fəaliyyəti” dövründə rayonun ibtidai sinif müəllimlərinin qara günləri başladı. Bircə gün də dərs keçmək üçün əlinə sinif jurnalını alıb sinif otağına girməyən bu şəxs rayonun ibtidai sinif müəllimlərinə “metodistlik” etməyə başladı, halbuki ondan qat-qat savadlı olan təcrübəli müəllimlər ona təlim prosesində dərsin metodikasını öyrədirdilər… İllərcə Sevil Əliyevanın məktəblərdə apardığı yersiz yoxlamalar barədə xoşagəlməz xəbərlər Şöbəyə daxil olurdu. Məsələn, sinif jurnalında tarixi əks etdirən “3 noyabr” rəqəmini “9 noyabr” kimi düzəliş edərək müəllimdən pul tələb etməsi, yaxud, ibtidai sinif şagirdlərinin “şəxsi iş”lərinə baxarkən şagirdlərin tibbi kartlarını oğurlaması, sonra isə məktəb direktoruna iradını bildirməsi və s. Sirri açan isə Allahdır. Yaxşı ki, sonradan həmin tibb kartları təsadüfən onun otağında tapıldı.

Onun digər korruptiv fəaliyyəti 1-ci siniflərə qəbulla əlaqədar idi. Təhsil Şöbəsində valideynlər onun otağının qarşısında saatlarla növbədə dururdu, çünki Sevil Əliyeva bu sahədə çox “səriştəli” idi. Valideynlərdən 300-500 manat pul alıb məktəbəhazırlığa, 1-ci siniflərə uşaqları qəbul edirdi. Bu prosesi evində də aparırdı. Hətta onun bu əməlindən uşağını arzuladığı məktəbə, bəyəndiyi müəllimin sinfinə qəbul etdirə bilməyən valideynlər dəfələrlə rayon təhsil şöbəsinə şikayət edirdilər…”

Məlumatda həmçinin bildirilir ki, istədiyinə nail olmaq üçün hər cür böhtandan, şər atmaqdan çəkinməyən Sevil Əliyevanın ambisiyaları böyükdür, gələcəklə bağlı çirkin planları var, özünə korrupsiya üçün daha əlverişli mühit axtarır: “Məhrəm məclislərdə “Güzdək rayon mərkəzindən uzaqdır, mən böyük məktəbə dəyişiləcəyəm, ya da təhsil şöbəsinə müdir gedəcəyəm” deyən Sevil Əliyeva keçmişdə uğurla sınaqdan keçirdiyi işdəycələrini yenidən işə salıb. Belə ki, o, Mehdiabad qəsəbəsindəki 5 saylı orta məktəbin direktoru Samirə müəllimənin «torbasını tikməyi» bacardı. Həmin məktəbin bir neçə işçisi ilə məkrli əlaqə qurdu, direktor müavini ilə dostluq edərək, direktor-müavin intriqası yaratmağa müyəssər oldu. Onun əsl məqsədindən heç kimin xəbəri yox idi. Nəticədə məktəbdə baş vermiş xoşagəlməz hadisənin qeydə alındığı video-görüntüləri əldə edərək “yaxınlıq etdiyi” dostlarına göndərdi. Bununla da həmin hadisənin ictimailəşməsinə, necə deyərlər, bir güllə ilə üç dovşan vurmağa nail oldu. Təhsil Nazirliyi məktəbin direktorunu və direktor müavinini işdən çıxardı, təhsil şöbəsinin müdiri də vəzifəsindən kənarlaşdırıldı. Beləliklə, Sevil Əliyevanın qurduğu idbar oyun baş tutdu. İndi Sevil Əliyeva Mehdiabad 5 saylı orta məktəbin direktoru kürsüsünə can atır. Direktorların imtahanında yüksək bal aldığını reklam etdirən Sevil Əliyeva balları hansı yolla, kimlərin köməkliyi ilə topladığını çox gözəl bilir. Bir də ki, Təhsil Nazirliyi məktəb direktorunu vəzifəyə təyin edərkən, onun təkcə imtahan balını deyil, məktəb rəhbəri olmaq səriştəsini, insanlarla – müəllim, şagird və valideynlərlə münasibətini, məktəbdənkənar etik davranışını, keçdiyi pedaqoji fəaliyyət yolunu və s. araşdırmalıdır”.

Xatırladaq ki, Sevil Əliyevanın Abşeron RTŞ-də metodist işlədiyi dövrdə imza atdığı qanunsuzluqlar barədə məlumatlar təkcə dəhlizlərdə dolaşmırdı, kifayət qədər ictimailəşmiş, mətbuata sızmışdı. Yarıtmaz fəaliyyəti təhsil ictimaiyyətinə bəlli idi. Dəfələrlə Təhsil şöbəsinə Sevil Əliyeva barədə şikayət etsələr də nədənsə şöbə müdiri Nazilə Məmmədova bu şikayətlərə biganə yanaşırdı. Əvəzində o, sudan quru çıxırdı..
Nəticədə RTŞ müdirinin özü görəvdən alındı, Sevil Əliyeva isə “yuxarıdakı” himayədarlarının dəstəyi sayəsində sistemdə qaldı.

P.S. Redaksiya olaraq, bütün bu məlumatlara münasibətini bildirməsi üçün Sevil Əliyevanın özü ilə əlaqə qurmağa çalışsaq da, məktəb direktoru yerində olmadığından, onunla telefonla danışa bilmədik. Əlimiz çatmadığından, ünümüz yetmədiyindən mövqeyini öyrənmək mümkün olmadı. Bununla belə, yenə də, ona qarşı tərəf kimi tribuna təklif edirik. Eyni zamanda bu məqalədə ehtiva olunan məsələlərin aidiyyati qurumlara rəsmi olaraq müraciətimizdən sonra araşdırılması üçün bu səylərimizi davam etdirəcəyik.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir