Müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasıdır. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.
Tarixə diqqət yetirsək görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün daha da güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Çox istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.
Ancaq Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Elə bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman ərzində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Düşmən bütün bu uğurların müvəqqəti olduğunu güman edib öz havadarlarının köməyindən və silahlı sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam, Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin əsl qəhrəmanlıq nümunələrinin şahidi olan mənfur düşmən cəbhədə atəşkəsə razılıq vermək məcburiyyətində qaldı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Elə 27 sentyabr 2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası, o cümlədən 12 ədəd “OSA” zenit-raket kompleksi aşkar edilərək məhv edilmişdir.
Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticə etibarilə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağı düşməndən təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə çox ciddi zərbə vurdu. Beləcə da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa zaman kəsiyində gerçəkləşdirdi.
Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən Ali Baş Komandanımız başda olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq, şüacət göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi də rüsvayçı şəkildə məğlubiyyət oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı və parlaq qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, çox böyük zəfərə imza atdı.
Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin isə ağ bayraq qaldırmaq və öz müqavimətini dayandıraraq şərtlərimizi qeyd-şərtsiz qəbul etməkdən başqa yolu qalmadı. Bütün dünya döyüşlərdə Azərbaycan xalqının əzmini, güclü Azərbaycan Ordusunun döyüş qabiliyyətini açıq aşkar gördü. Əsl vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”, deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüş meydanında sübuta yetirdilər.
Prezident İlham Əliyev xalqa müraciətlərinin birində deyib: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.
Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi.
Azərbaycan cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 17 il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə çox mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirilib. Beləliklə, döyüşdə məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı respublikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.
Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir.
Çünki bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, həmçinin ölkəmizin ərazi bütövlüyünü qorumalı idi. Buna görə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində bütün Azərbaycan xalqı 44 gün ərzində qətiyyətli qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etdi. Bu şanlı və tarixi qələbəmiz hər bir azərbaycanlının qəlbində çox böyük qürur hissləri yaratdı, həmçinin Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Bu gün Azərbaycan xalqı sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, çox yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Və biz bu zəfərlə Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi qələbəmizin rəmzinə çevirilməklə yanaşı bu ifadə həyatda da təsdiqini tapdı.
Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Yaşasın çox güclü, qüdrətli və yenilməz Azərbaycan Ordusu. Qarabağ Azərbaycandır, yaşasın Azərbaycan!
Cavadzadə Seyid Sürayə