Bir neçə ay qabaq “Azərbaycan Hava yolları” QSC-nın (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Prezidentin sərəncamı oldu. Baharın gəlişində “novruzlanan” AZAL barəsindəki bu qərar çoxunu sevindirdi. Elə bildik ki, Şura tərkibinin dəyişməsi yeniliklər, xeyirimizə qərarlarla dolu olacaq. Müşahidə Şurasının sədrinin də təzə nazir olması ümidləri çoxaltmışdı.
Lakin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nuriyev öz nazirliyində köhnədən qalma dərd-sərə son verməmiş AZAL üçün nə əriştə kəsəcəkdi ki?
Ümidlər heç vaxt ölmür, amma görünür AZAL özü haqqında olan bütün ümidləri haradasa uzaqlarda azdırıb. Elə çox istəyirik ki, biz də qonşu Gürcüstan kimi Avropaya 50-60 avroya uçaq, qonşu Türkiyəyə bundan da ucuz səyahət edək. İllərdir bu barədə danışırıq, tələb edirik, hətta söyüş, şikayət, narazılıqları eşitdirməkdən yorulmuruq. Amma AZAL qulağına elə səsazaldan və səskəsən yerləşdirib ki, kobud desək, vecinə də deyil.
Biz AZAL-dan uçuş tariflərində “böyüklük” edəcəyini, güzəşt və qiymət endirimi düşündükcə, hər dəfə maraqlı məsələlər ortaya çıxır. Bir müddətdir ki, AZAL bizi göylərdə ucuz gəzdirmək əvəzinə, təyyarəsində verilən yeməklərini satışa çıxarıb. Başqa sözlə, təyyarədə uça bilmirsinizsə, göydə yeyilən yeməklərdən dada bilərsizniz. Təzə Müşahidə Şurası təyyarə menyusunu bazara çıxarmaq üçün əcəb baş sındırıb.
Elə AZAL-ın öz törəməsi olan “ASG Sky Catering” təsisatı təyyarə sərnişinlərinə necə yemək təklif edirsə, sıravi vətəndaş arasınada da o bölgünü aparıb. Bölgü ayrı-seçkilikdirmi, cibə görədirmi, əsas odur ki, həm ekonom, həm də biznes klas (VİP) menyusu var. Qiymətlər 13 manatdan başlayır, 66-80 manatlarda bitir. Evə, ofisə çatdırılma pulu da var hələ. Yəni, təklif olunan bir qarın yemək puluna gürcü Avropanı gəzə bilir, amma biz hələ də təyyarəyə minmək arzularını təxirə salırıq, arzularsız da qala bilmirik.
Restoran bazarına təzə-təzə daxil olanda, təkcə səhər yeməyi menyusu ekonom təbəqə üçün 13 manat, biznes sinif üçün 33 manatdan başlayırdı. Nahar sifarişləri üçqat qiymətə təklif olunur. Bu gülməli qiymət fərqi də bir başqa ağıl dəryalarının olduğundan xəbər verir. Amma ardından sifariş olmadığı, alıcı gəlmədiyini görənlər marketinq hiyləsini işə saldılar. İndi təklif olunan menyularda əlavə “üstəgəl” kampaniyaları da var. Bildiyimiz, bazar qaydalarına keçid başlayıb.
AZAL-ın pandemiya zamanında onlayn, internetlə yemək sifarişi bazarına atılması müzakirələrə səbəb oldu. Qazancın yeni yolunu axtaran şirkətin belə cılız pul qazanma işinə girməsi tənqid obyektinə çevrildi. Amma qeyd edim ki, kiçik araşdırmadan sonra məlum oldu ki, dünyanın aparıcı aviaşirkətlərinin xüsusən pandemiya dövründə “təyyarə yemək menyusu” adı altında xidməti, hətta ayrıca restoranları da varmış. Bunlardan İngiltərənin “British Airways” və Rusiyanın “Ural Airways” şirkətlərini misal çəkmək olar. Sözümün canı odur ki, biz AZAL-dan daha mütərəqqi adım gözləyərkən, o, yenə də beynəlxaq “təcrübə”ni özünə sərf edən kimi tətbiq etməyə başlayıb.
AZAL indi də pilot qadınlarının sükan arxasına keçməsi ilə fəxr edir. Bu da bir reklam komponenti ola bilər. Görünür, indiyədək Milli Aviasiya Akademiyasında yalnız kişilər hazırlıq keçirmişlər. Pilot xanımlarla müsahibələrlə sərnişinlərə ürək-dirək verilir. Niyəsini qəşəng bilirik.
Ölkədə sürücü qadınların “naşılığı” kişilər arasında həmişə müzakirə obyektinə çevrilib. “Qadından sürücü olmaz”, “qadın maşın sürə bilir ki?!” kimi deyimləri çox eşitmişik. İndi AZAL-dakı ürəyə bax ki, bu düşüncə yiyələrini sərnişin kimi qoynuna alıb aparır, pilot xanımların idarə etdiyi təyyarəyə həvalə edilir. Əminəm ki, pilotun qadın olduğunu bilənlərin mənzil başına çatana kimi əlindən dərman əskik olmayacaq. Allah qorusun.
AZAL pandemiya müddətində qazancının kəm çıxması səbəbindən indi var-gəl edir, tək istədiyi – necə olursa-olsun, kisəni doldursun. İndi də ölkədə COVID-19 səbəbindən xarici ölkələrə bağlanan hava yolları yavaş-yavaş açılır. Onlardan biri də Rusiya ilə olanıdır. Hava məkanının hökmdarlarının yalnış siyasəti burada özünü ələ verir. Pul, yoxsa vətəndaş sağlığı? Əlbəttə, pul!
Növbəti həftədən reyslərin sayının artılacağı deyilir. Halbuki Rusiyada hazırda xəstəlik tüğyan edir, yoluxma sayı artıb, üstəlik də virusun Hind versiyası (ştammı) təhlükəsi də var. Nə olacaq bəs? Olan yenə bizə olacaq. Üzü payıza yenə deyəcəklər yoluxmada artım var, gəlin məhdudiyyətlərə qayıdaq. “Şər deməsən, xeyir gəlməz” deyiblər, amma deməyiblər ki, xeyir götürənlərin şərini biz sıravi vətəndaşlar çəkəcək. Xeyirlisi…//AYNA.AZ//