Manşet

Tovuzda Qarabağ Qazisi İNTİHAR HƏDDİNDƏ… – Başçıdan ŞİKAYƏT

“Bu gün özümə qəst etməyi fikirləşirdim, qoca, başsız anam dəyişdirdi fikirimi”. Bu haqda “Hürriyyət”in redaksiyasına Qarabağ qazisi, Tovuz rayon, Aşağı Öysüzlü kənd sakini Məmmədli Coşqun Baris oğlu tərəfindən göndərilən şikayət məktubunda vurğulanır. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Qarabağ qazisyəm, 10 ildir hərbi xidmətdəyəm. Füzulidə gedən döyüşlərdə yaralanmışam, 11 qəlpə yarası almışam. Hal-hazırda bədənimdə 9 qəlpə ilə yaşayıram. Cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişəm.

5 aydır dəfələrlə Tovuz rayonunun icra başçısı Məmməd müəllimin, onun müavini Niftalı məllimin, qazi və şəhid ailələri üçün yaranan şöbənin müdiri Oruc məllimin, Aşağı Öysüzlü kənd bələdiyyəsi Hikmət müəllimin, icra nümayəndəsi Nazim müəllimin, Cırdaxan kənd bələdiyyəsi Orxan müəllimin yanında olmuşam. Məni qəbul ediblər, ancaq mənə köməklik gostərməyiblər, həmişə “yox” cavabını almışam. Bu gün məni acılayaraq, icra binasından geri göndərdilər.

Mənim istəyim 2 sot torpaqdır, həmişə mənə yerin olmadığını bildiriblər. Amma özüm olan yerlərin videosunu da, şəkillərini də göstərmişəm. Mənə dediklərinə görə, həmin yeri sənədləşdirmək mümkün deyil, amma həmin yerlərdə hal-hazırda ağaclar kəsilir, texnikalar işləyir, tikinti gedir. Amma mən yenə onlarla razılaşıram, fikrimi bildirirəm ki, göstərdiyim yerləri sənədləşdirmək mümkün deyilsə, sizdən xahiş edirəm, mənə yer göstərin, həmin yeri sənədləşdirin. Amma yenə də “yox” cavabını alıram.

Sizdən xahişim odur ki, isıqlandırasınız. Mən sizin qəzet vasitəsi ilə cənab İlham Əliyevə səslənmək istəyirəm. Çünki bu rayonda qaziyə, şəhid ailəsinə hörmət, güzəşt etmirlər.

Mənim son ümidim sizsiniz. Mən bu gün özümə qəsd etməyi fikirləşirdim, qoca, başsız anam fikrimi dəyişdirdi”.

Qarabağ qazisinin şikayəti ilə bağlı Tovuz rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov “Hürriyyət”ə qazinin ona təklif edilən torpaq sahəsini istəmədiyini bildirib:

“Bu məsələdən xəbərim var. Həmin qazimizi cənab başçı və eyni zamanda mən də qəbul etmişəm. O, sahibkarlıq fəaliyyəti məqsədilə torpaq sahəsinin ayrılmasını istəyir. O, elə yerdən torpaq sahəsi istəyir ki, həmin ərazidən ona torpağın ayrılması mümkün deyil. Ona təklif etdiyimiz torpaq sahələrini də istəmir. Deyir ki, tez bir zamanda torpaq sahəm verilsin”.

Daha sonra Tovuz rayon İcra Hakimiyyətinin Qazi və Şəhid ailələrinin işi üzrə şöbəsinin müdiri Oruc Məmmədovla da əlaqə saxladıq. O da qeyd etdi ki, qazinin istədiyi torpaq sahəsini sənədləşdirmək mümkün deyil:

“Qanuni yolla necə mümkündürsə, həllini tapacaq. Mümkün olan vaxtda torpaq sahəsi ayrılacaq. Heç bir problem olası deyil. Sadəcə, onun istədiyi torpaq sahəsi hazırda verilə bilmir. Ona torpaq sahəsi təklif edilərkən orda iştirak etməmişəm. Mən iki-üç aydır ki, bu şöbədə fəaliyyət göstərirəm. Məndən əvvəl də ona təkliflər olunubdur. Sadəcə olaraq, o, torpaq sahəsini sahibkarlıq məqsədilə istəyir. Həmin torpaq sahəsini də sənədləşdirmək mümkün deyil. Sənədləşdirmək mümkün deyilsə, biz necə qanunsuz yolla torpaq sahəsini ona verə bilərik?” Bu, mümkün deyil”.

Hər halda, inanırıq ki, rayon rəsmilərinin qeyd etdiyi kimi, məsələ tezliklə həllini tapacaq. Ümid edirik ki, Tovuz rayon İcra Hakimiyyəti sağlamlığını Vətən uğrunda fəda edən qazimizə 2 sot torpaq sahəsini çox görməyəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir