“Hürriyyət”in ötən saylarının birində Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində Naftalanda bir ailənin bütün üzvlərinin tamamilə həlak olduğu haqda məlumat vermişdik. Söhbət Qurbanovlar ailəsindən gedir.
Yenidən “Hürriyyət”in redaksiyasına müraciət edən Naftalan rayonunun Qaşaltı kəndinin sakini Bəxtiyar Qurbanov rəsmi qurumların diqqətsizliyindən şikayətçidir.
Xatırladaq ki, B.Qurbanovun ailə üzvlərinin 5 nəfəri Ermənistanın apardığı müharibə cinayətinin qurbanı olub. Belə ki, Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.
Bəxtiyar Qurbanov şəhid olan ailə üzvlərinin həlak olduğu evin indiyə qədər təmir edilmədiyini vurğulayır. Şikayətçinin sözlərinə görə, dəfələrlə Naftalan şəhər icra başçısına və onun müavininə müraciət etsə də, şikayətinə əhəmiyyət verilməyib:
“2020-ci ilin sentyabr ayında Ermənistan ordusunun atdığı mərmi evimizə düşüb. Nəticədə atam, anam, qardaşımın yoldaşı, oğlu və digər qardaşımın qızı şəhid olublar. Qardaşlarımın ikisi Rusiyada yaşayır. Bir qardaşım hərbçidir, travma aldığına görə Hərbi Hospitalın Psixoterapiya şöbəsində müalicə alır. Sağalmağı sual altındadır.
Evimiz də çox acınacaqlı vəziyyətdədir. Dağılmış evin təmirinə icazə vermədim. Mən yeni evlə təmin edilməyimi istəyirəm. Çünki dağılmış evdən hələ də qan qoxusu çəkilmir. Səkkiz aydır ki, əzizlərimin qanını iyləyirəm. Bundan da cənab Prezidentin xəbəri yoxdur. İstəyirlər ki, dağılmış evi yüngülcə malalayıb, izi itirsinlər. Bununla da işi bitirmək istəyirlər”.
Naftalan İcra Hakimiyyəti tərəfindən müxtəlif vədlər verildiyini deyən şikayətçi səkkiz aydır ki, kirayədə qaldığını deyir: “Hər dəfə müxtəlif vədlərlə rastlaşıram. Dağılmış ev yenisiylə təmir edilir, nə də xəstəxanada olan qardaşımla maraqlanmırlar. Xəstəxanada olan qardaşımın həyat yoldaşı və oğlu şəhid olublar. Özü də hazırda psixiatriya xəstəxanasında müalicə alır. Qardaşım hərbçidir, müharibə vaxtı artilleriya qoşunlarında xidmət edib”.
Bəxtiyar Qurbanov ölkə başçısına müraciət edib:
“Bu ev bizim ata yurdumuzdur. Ailədə 11 nəfər olmuşuq. Vətən müharibəsi zamanı gördüyünüz bu evdən ailəmizin 5 üzvü şəhid olub. Eyni zamanda, ev düşmənin atdığı mərmi nəticəsində zərbə alıb. Evin yenidən bərpa edilməsi mümkün deyil. Lakin, Naftalan rayon icra hakimiyyətindən evin yenidən bərpa edilməsi təklif edilir. Dəfələrlə müraciət etmişik. Onlara bildirmişəm ki, bu evdə əzizlərimin qan qoxusu gəlir. Bu evdə yaşaya bilmərəm. Evin yenidən bərpa edilməsi lazım deyil. Bizə yenidən ev tikilsin. Bu ev çökmək üzrədirsə, yenidən necə bərpa edilə bilər?! Aylardır ki, kirayədə yaşamaq məcburiyyətindəyik. Artıq kirayə haqqını ödəməyə pulumuz yoxdur. Ölkə başçısından xahiş edirəm ki, səsimizə səs versin. Bizim həyətdə yenidən evin tikilməsinə göstəriş verilsin”.
44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkənin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Baş Nazirin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.
Şikayətçinin dediklərindən aydın olur ki, Naftalan rayon icra hakimiyyəti 5 ailə üzvünün həlak olduğu evin yenisi ilə əvəz olunmasını istəmir, ya da ki, ümumiyyətlə bu məsələ onlar üçün maraqlı deyil. Görünür, Naftalan rayon icra hakimiyyətində oturan məsul şəxslər üçün ölkə başçısının sərəncamı önəmli deyil.
Lakin yenə də ümid edirik ki, Qurbanovlar ailəsinin evi yenisiylə əvəz olunacaq.