Sabirabad sakini evlərinin naməlum səbəbdən yanması nəticəsində qaz sayğacının ekranının yararsız vəziyyətə düşməsinə görə cərimələnib
Bu barədə, Suqovuşan kənd sakini Rəcəb Hüseynov “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib. Onun sözlərinə görə, evləri 13.03.2013-cü ildə naməlum şəxslər tərəfindən evin yaxınlığından keçən yığıcı kollektora od vurulması nəticəsində tamamilə yanıb. 2020-ci ilin fevralında evləri təkrar yandırılıb. Bu zaman evin pəncərələri və qaz sayğacı yanıb. Sabirabad rayon Qaz İstismar İdarəsi isə qaz sayğacının ekranının yararsız vəziyyətə düşməsinə görə, onlara cərimə yazıb.
“Həmin günü yanğın barədə Qaz İstismar İdarəsinə məlumat vermişdik. Ancaq hadisədən bir həftə sonra gəldilər ki, burda qaz sızıntısı var. Bildirdik ki, siz səhlənkarlıq etmisiniz, biz sayğac yanan vaxtı məlumat vermişik, siz gec gəlmisiniz. Biz evimizi qəsdən yandırmamışıq, hadisə naməlum səbəbdən baş verib. Qanunda da göstərilir ki, vətəndaşa dəymiş ziyan yerindəcə ödənilməlidir, amma bunlar gəlib bizə 200 manat cərimə yazdılar”.
R. Hüseynovun sözlərinə görə, hadisə baş verəndən bir ay sonra, mart ayında Yanğınsöndürmə İdarəsindən Sabirabad rayon Qaz İstismar İdarəsinə akt təqim ediblər.
“Qaz İstismar İdarəsi bir il həmin aktı özündə saxlayıb ki, biz cəriməni ödəyək. Bu il təkrar şikayət etdik, ondan sonra aktı Salyan regiona göndərdilər. Salyan regiondan bildirdilər ki, akt bizə indi gəlib çatıb. Bizim əlimizdə evimizin yanması haqqında sənədlər var. Suqovuşanda yanan ev haqqında istər İcra hakimiyyəti, istər prokurorluq, istərsə də digər aidiyyatı qurumlar məlumatlıdır, hamısı bilirlər”.
Şikayətçi hadisənin kim tərəfindən törədildiyini, qəsdən və ya bilərəkdən edildiyini də bilmir.
“Dəqiq deyə bilmərik ki, filankəs gəlib bizim evi qəsdən yandırıb. Bəlkə evin yaxınlığından keçərkən kibrit yandırıb atılıb, yaxud siqaret kötüyü. Dəqiq heç nə deyə bilmərik. Hazırda, bu məsələ ilə bağlı araşdırmalar gedir. Bizə dəqiq məlumat verilməyib, amma iş rayon Prokurorluğundadır”.
Məsələ ilə bağlı Sabirabad rayon Qaz İstismar İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.