Səhiyyə Nazirliyi sanator tibb müəssisələrində keçirilən monitorinqlər barədə məlumat verib. Nazirliyin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova monitorinqlər zamanı bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığı, həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanların aşkar edildiyini deyib.
O qeyd edib ki, aşkar olunan nöqsanlarla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib:
“Eyni zamanda aparılan monitorinqlərin nəticələri Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər həyata keçiriləcək”.
Aşkar olunan nöqsanlarla bağlı “Sherg.az”a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri, həkim-stomatoloq Zəlimxan Məmmədlinin sözlərinə görə, səhiyyə sistemimiz reanimasiyadadır:
“Sanki qəza baş verib, səhiyyəmizin qolu, ayağı sınıb və müalicəni hələ bilinməyən səhiyyə naziri, həmçinin TƏBİB edəcək. Bir sözlə, bilinmir ki, mövcud səhiyyəmizin başı və ayağı kimdir?
İslahat vətəndaşın xeyrinə olan mütərəqqi addımları durmadan həyata keçirmə sənətidir. Sanator tibb müəssisələrində yoxlamalar aparılarkən görəsən, bu yoxlamaların ədalətliliyinə və sağlamlığına zəmanət olan varmı?
Bəlkə, yoxlamanı aparanın özü ciddi “xəstəliyə” yoluxub? Çünki çox vaxt özləri rüşvət və korrupsiya arxasınca gedirlər.
Hazırda özüm də klinikaların birində çalışıram. Vətəndaşlara baxıb düşünürəm ki, Azərbaycan xalqı yazıqdır, insanları bu günə qoymaq olmaz.
Səhiyyə idarəetmə sistemi başdan-ayağa dəyişilməlidir. Bütün sahələrdə idarəetmə sistemi modernləşməsi və hər yerdə xalqın saf nümayəndəsi səlahiyyətli olmalıdır.
O zaman belə nöqsanlar olmayacaq. Səhiyyəmizdəki bu iyrənclikləri yaradan zehniyyətsiz və reanimasiyada olan təbəqədir”.