Manşet

Səhiyyə sistemində NƏ BAŞ VERİR? – Ekspert danışır

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi səhiyyə sistemində islahatların başlanmasına yol açıb. Paytaxtda, həmçinin bölgələrdə fəaliyyət göstərən xəstəxana və tibb mərkəzlərinin birləşdirilməsi barədə bir müddət əvvəl məlumat verildi. Bildirildi ki, ayrı-ayrı tibb mərkəzləri və xəstəxanaların xidmət istiqamətinə uyğun birləşdirilməsi icbari tibbi sığortanın tətbiqi nəticəsində baş verir. Hazırda isə şəhər poliklinikalarında struktur dəyişikliyi aparılır. Məlumatda bildirilir ki, şəhər poliklinikaları iki hissəyə bölünəcək. İlkin səhiyyə xidməti göstərənlər bir poliklinikada, dar ixtisas sahibləri isə digərində cəmləşəcək.

Bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərova deyib. Onun sözlərinə görə, burada əsas məsələ sahə prinsipinə əməl olunmasıdır. Belə ki, sahə pediatrları, terapevtlər və digərlərinə əlçatanlığın təmin olunması üçün onlar inzibati ərazi üzrə bərabər bölüşdürüləcək:

“Ailə Sağlamlıq Mərkəzi olmağa uyğun olmayan poliklinikalarda isə dar ixtisas sahibləri birləşəcək və öz rayonları üzrə tibb mərkəzlərinə tabe olacaqlar. O cümlədən Səbail, Yasamal və Nəsimi rayonlarının ərazisində yerləşən poliklinikaların dar ixtisas həkimləri Kliniki Tibbi Mərkəzə tabe ediləcək”.
Mərkəz direktoru qeyd edib ki, Bakı, Sumqayıt və Abşeronda yerləşən tibb müəssisələrində həyata keçirilən struktur dəyişiklikləri isə demək olar, başa çatıb. Struktur dəyişikliyinin mövcud iş rejiminə heç bir təsiri yoxdur və proses ixtisarlarla müşayiət olunmayacaq:

“Bir neçə tibb müəssisəsinin birləşməsi nəticəsində ixtisar olunma faktı yoxdur. Sadəcə, müəyyən şöbələr birləşdirilərək optimallaşma prosesi gedir. Bir sözlə, ixtisar yoxdur və gələcəkdə də olmayacaq”.

Səhiyyə sahəsindəki yeniliklərdən biri 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının bazasında yaradılan Nizami Tibb Mərkəzinin fəaliyyətə başlamasıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub. Beşmərtəbəli tibb müəssisəsi 74 çarpayılıqdır. Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar nevrologiya və reanimasiya şöbələri fəaliyyət göstərir. Bütün şöbələr müasir tibbi avadanlıqlarla təchiz olunub. Funksional diaqnostika şöbəsində yeni nəsil kompüter tomoqrafiya, rentgenoqrafiya və flüoqrafiya aparatları var. Reanimasiya şöbəsində insultlu xəstələrə tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub. Tibb müəssisəsinin Laboratoriya şöbəsində kliniki və biokimyəvi analizlərin aparılması mümkündür.

Qeyd edək ki, Nizami Tibb Mərkəzi özündə dörd tibb müəssisəsini birləşdirir. Bunlar 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 7 nömrəli Doğum Evi və “Azərsutikinti” Xəstəxanasıdır. Sözügedən tibb müəssisələrinin fəaliyyəti Nizami Tibb Mərkəzi tərəfindən həyata keçiriləcək.

Struktur dəyişiklikləri hansı irəliləyişlərə rəvac verəcək?

Məsələ ilə bağlı “Şərq”ə danışan Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov qeyd etdi ki, icbari tibbi sığortanın tətbiqi zamanı bu kimi struktur dəyişikliklərinin olması, xəstəxana və tibb mərkəzlərinin birləşməsi təbiidir və gərəklidir:

– İcbari tibbi sığortanın tətbiqi zamanı nəzarətin mərkəzləşdirilmiş formada həyata keçirilməsinə ehtiyac yaranır. Ona görə də tibb müəssisələrinin birləşdirilərək çoxfunksiyalı, yaxud da konkret səhiyyə xidməti göstərəcək mərkəz və tibb müəssisələrinin yenidən təşkili məqsəduyğundur.

Hesab edirəm ki, belə olduğu halda nəzarət mexanizmlərini daha effektiv həyata keçirmək mümkün olacaq, bu da vətəndaşlara tibbi sığorta sahəsində lazımi dərəcədə xidmət göstərilməsini təmin edəcək.

Məsələn, Klinik Tibbi Mərkəz çoxşaxəlidir, tibbin bütün sahələrini əhatə edir. Amma məsələn, uşaq səhiyyəsi ilə bağlı olan tibb müəssisələri yalnız bu yöndə ixtisaslaşıb. Belə tibb mərkəzlərinin birləşdirilməsi və ya bir sahə üzrə ixtisaslaşması vətəndaşlara daha yüksək tibbi xidmət göstərilməsi məqsədi daşıyır.

Ş.Məmmədov şəhər poliklinikalarında aparılan struktur dəyişikliyini də izah etdi:

– Məsələn, Nizami Tibb Mərkəzi yaradılıb və onun daxilində 4 tibb müəssisəsi mərkəzləşmiş qaydada fəaliyyət göstərəcək. Poliklinakalarla bağlı da eyni proses aparılır. Səbail, Yasamal, Nəsimi rayonu ərazisində yerləşən poliklinikalar Kliniki Tibbi Mərkəzə tabe olacaq.

Dar ixtisas həkimləri (tibbin konkret bir sahəsi üzrə ixtisaslaşmış həkimlər) ilə ilkin tibbi yardım göstərən həkimlər fərqli poliklinikalarda cəmləşəcək. Vətəndaş biləcək ki, hansı xidmət üzrə hara müraciət etməlidir.

Bu, optimallaşma prosesidir və tibbi xidmətin daha yüksək olmasına imkan yaradır. Bəzən sahə poliklinikalarında sahə həkimi çatışmazlığı yaranırdı. Amma struktur dəyişiklikləri sahə həkimlərinin də ərazilər üzrə bərabər paylanmasına şərait yaradacaq. Məqsəd icbari tibbi sığortanın effektiv tətbiqidir. Əsas bir də budur ki, həkimlərin ixtisarı aparılmır, əksinə, ixtisaslı həkim kadrlarına ehtiyac yaranır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir