Azərbaycanlı “Oğru” Nadir Səlifovun (Lotu Quli) qətli ilə bağlı 4 nəfər həbs olunub.
HİT.Az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatı İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları keçirib. Xüsusi əməliyyat eyni vaxtda 4 bölgədə – İstanbul, Ərzurum, Koceli və İzmirdə baş tutub.
Qruplaşmanın liderinin N.C. adlı şəxs olduğu bildirilir. Əməliyyat nəticəsində saxlanılanlar isə N.A., C.K., E.A. və M.Y. adlı şəxslərdir.
Bəzi ehtimallara görə, N.C. adlı şəxs mərhum “Oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevdir. O, hələ 2017-ci ilin noyabrında Türkiyə polisi tərəfində saxlanılmışdı. Həmin vaxt yayılan məlumatlarda iddia olunurdu ki, Namiq Canıyev Lotu Quliyə sui-qəsd planı hazırlayıbmış. Bu barədə Türkiyə polisinə əməliyyat məlumatı daxil olub və sui-qəsdin qarşısı alınıb. Bir müddət sonra Namiq Canıyev sərbəst buraxılmışdı.
Onun Lotu Quli ilə ədavətinin kökündə isə Rövşən Lənkəranskinin qətli dayanır.
Lənkəranski 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirlib. Onun qətli “kriminal dünya”nın çalxalanmasına səbəb olub və olayda Lotu Qulinin adı hallandırılıb. Bu da təsadüfi deyil. Çünki Rövşən Lənkəranski ilə Lotu Quli arasında uzun müddət konflikt hökm sürüb. Konfliktin səbəbi isə 2005-ci ildə Nadir Səlifovun “Oğru” statusunun tanınması, onun isə 9 nüfuzlu “Oğru”nun bu qərarını qəbul etməməsi olub.
Nadir Səlifov sona qədər statusunu qorumaq uğrunda mübarizə aparıb. Onu “Oğru” kimi qəbul etməyənlər yaxın ətrafı tərəfindən cəzalandırılıb. Lotu Quli də bu mübarizədə itkilər verib.
İddialara görə, Rövşən Lənkəranski Lotu Qulini “Oğru” kimi qəbul etməyən kriminalitetlərdən olub. Bu baxımdan onların münasibətlərində gərginlik hökm sürüb.
Klassik “Oğru”lar Hikmət Muxtarov (Sabirabadlı Hikmət) və Məmməd Hüseynovun (Masallı Mamed) ölümündən sonra Rövşən Lənkəranski kriminal iyeyarxiyanın ali statusunu daşıyan şəxs kimi Lotu Qulinin bir nömrəli rəqibi olub. Çünki kriminal dünyada başgicəlləndirici nüfuza malik Rövşən Canıyevin Nadir Səlifovu “Oğru” kimi qəbul etməməsi onun perspektivi üçün ciddi əngələ çevrilib. Rövşən Lənkəranskinin qətli bu səbəbdən Lotu Qulinin aktivinə yazılır. Onun özü və yaxın ətrafı isə bu iddiaları əsassız sayıb. Hətta bəzi iddialara görə, Rövşən Canıyev qətlə yetirilərkən Nadir Səlifov həbsxanada onun üçün ehsan verib.
Nadir Səlifovun qətlinə gəlincə, o, 2020-ci ildə Türkiyədə Rövşən Canıyevin qətlinin ildönümündən 2 gün sonra – avqustun 20-də öldürülüb. Onu qətlə yetirən şəxs isə yaxın çevrəsinə daxil olan 25 yaşlı Xaqan Zeynalov (Xan Əhmədlinski) olub. Xaqan Zeynalov ilkin ifadəsində deyib ki, onu Lotu Qulini sevmədiyi üçün öldürüb.
“Mən onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdənliyini etmişəm, illər boyu dözmüşəm. Ondan xoşuma gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də öldürdüm”,- deyə o bildirib.
Xaqan Zeynalovun bu ifadəsi Lotu Qulinin sifarişlə öldürüldüyü qənaətini daha möhkəmləndirib. Mülahizələrə görə, Xan Əhmədlinski Nadir Səlifovun yanına qəsdən yerləşdirilmiş şəxs olub.
Bəs sifariş Lotu Qulinin qətli sifariş edən kim(lər) olub?
Bu sualın cavabı faktiki olaraq hələ tapılmayıb. Nadir Səlifovun qətlinin Rövşən Lənkəranskinin qisas aktı olması isə sadəcə ehtimaldır. Nəzərə alınmalıdır ki, Lotu Qulinin düşmənləri kifayət qədər çox olub. Xüsusilə, Rusiyanın kriminal dünyası hər vəchlə Lotu Qulini neytrallaşdırmağa çalışıb. Çünki Nadir Səlifov həbsdən çıxandan sonra Türkiyədə yerləşsə də, Rusiyanın da kriminal dünyasına nəzarəti ələ ala bilmişdi. Bu isə həmin ölkənin yeraltı dünyasına rəhbərlik edənlərin maraqlarına uyğun deyildi. Xüsusilə, Rusiyada həbsxanada olan gürcü əsilli “Oğru” Zaxari Kalaşov (Şakro Molodoy) Nadir Səlifovun liderliyini həzm edə bilmirdi. Lotu Quli müxtəlif kombisiyalarla konfliktlərə cəlb olunur, onun “Oğru” statusunun alınması üçün müxtəlif planlar cızılırdı. Bu kontekstdə Nadir Səlifov qətlə yetirilməmişdən əvvəl iki böyük “sxodka”dan qalib çıxmışdı. Əlavə olaraq, Türkiyədə yerləşən gürcü əsilli nüfuzlu “Oğru”ların dəstəyini qazanmış və nüfuzu daha da artmışdı.
Maraqlı məqamlardan biri də həmin vaxt Rusiya mediasının vaxtaşırı Nadir Səlifovu hədəfə gətirməsidir. Aydın şəkildə sezilirdi ki, Lotu Qulini zərərsizləşdirmək yalnız Rusiyadakı kriminalitetlərin niyyəti deyil, bu həm də güc strukrturlarının istəyidir. Lotu Quli məhz belə bir məqamda qətlə yetirildi. Yeri gəlmişkən, onun Rövşən Lənkəranskinin adamları tərəfindən öldürülməsi barədə iddianı da ilk olaraq Rusiya mediası ortaya atmışdı.