Azərbaycan əhalisi növbəti qiymət artımının şokunu yaşayır. Tarif Şurası iyunun 30-da Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərini artırıb.
Görəsən, pandemiyanın təsirləri aradan qalxmamış, əhalinin gəlirlərinin azaldığı, işsizliyin artdığı, zəruri istehlak mallarının qiymətinin də getdikcə yüksəldiyi bir dörvrdə bu cür qərarın verilməsi nə qədər doğrudur? Hökumət insanların vəziyyətini niyə nəzərə almır? Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı hara gedir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Press Klub”a açıqlamasında qiymət artımının bir neçə səbəbdən baş verdiyini söylədi:
“Əgər qiymət tənzimlənirsə, hökumət bazarda həmin məhsula tələbat olduğu zaman qiymət artımına gedir. Yəni onun izafi istehlakı varsa, o zaman qiyməti artırmaqla izafi istehlakın qarşısını alır. Qiymət artımının səbəblərindən biri budur. İkinci səbəb isə bu, bazarda sırf dövlətin monopoliyasında olan bir məhsuldursa, onun vasitəsilə dövlət özünün gəlirlərini tənzimləyir. Birinci baxışdan əlavə, üzərinə bu ikinci baxış da gəlir”.
Ekspertin sözlərinə görə, sovet dövründə dövlət gəlirlərini əsasən 3 məhsulla tənzimləyə bilirdi:
“Onlardan birincisi çörək, ikincisi benzin, üçüncüsü araq idi. 60-70-ci illərin sovet iqtisadiyyatına nəzər salsaq, hansı illərdə iqtisadiyyat bir balaca büdrəyirdisə, qeyd etdiyim məhsulların qiymətini artırırdılar. İndi bir qrup insan deyir, hökumət bunu pis edir, bir qrup insan isə deyir ki, yox, hökumət qiymət artımını etməkdə haqlıdır. Obyektiv olmaq lazımdır. “Qızıl orta”dan çıxış etmək lazımdır ki, hökumətin nəyi düz etdiyi və ya reallığın nədən ibarət olduğu bilinsin”.
İ.Şaban Tarif Şurasının ictimaiyyət üçün açıqladığı press-relizdə maraqlı bir məlumat olduğunu bildirdi:
“2017-ci ildən bu yana əhali tərəfindən bir milyard kubmetr daha çox qaz istehlak olunub. 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcmi təxminən 1,3 min kubmetrdən 1,6 min kubmetrə, ümumi istehlak həcmi isə 2,7 milyard kubmetrdən 3,7 milyard kubmetrə yüksəlmişdi. Bu, fakt və reallıqdır. Baxmayaraq ki, bunun içərisində qazlaşma da var və daha çox abonent bu prosesə cəlb olunub. Bunun nəticəsində daha çox qaz satılır. Düzdür, orada nə qədər gəlirin əldə edildiyi qeyd olunmayıb. “Azəriqaz”ın son məlumatı belədir ki, ölkədə 96 faiz qazlaşma var. Bu rəqəm əvvəl 92 faiz idi”.
Ekspertin sözlərinə görə, ikinci məqam ondan ibarətdir ki, Azərbaycan 2016-2018-ci illərdə qazın həm də idxalçısı olub:
“Biz əvvəl Türkmənistan, daha sonra isə Rusiya Federasiyasından qaz almışıq. 2018-ci ildə “Şahdəniz 2” layihəsi işə düşdü, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin özünün qaz hasilatı artmağa başladı, çünki ondan öncə dövlət büdcəsindən qazlaşmaya görə pul ayırmışdılar və o da öz töhfəsini vermişdi. Qaz hasilatı artıqda isə qazı satmaq lazım gəlir. Qazı satmaq üçünsə, gərək qaz əlçatan olsun. Qaz limiti 1700 kubmetrdən 2200 kubmetrə çatdırıldığı zaman qazdan daha çox istifadə edilməyə başlandı. İndi isə biz 2021-ci ilə gəldik. 2020-ci ildə dövlətin enerjidən qazancı iki dəfədən çox azaldı. 2019-cu ildə Neft Fonduna 8 milyard dollar vəsait daxil olmuşdusa – burada sırf mənfəətdən söhbət gedir – 2020-ci ildə bu göstərici 3,8 milyard dollar oldu. 2021-ci ilin ilk beş ayının nəticəsinə görə, neftin qiymətinin artmasına baxmayaraq, mənfəət artmadı. Çünki hasilatda 6 faiz azalma baş verdi. İnsanların hələ də çoxunda məlumat yoxdur ki, Azərbaycan 2007-ci ildən özünün daxili tələbatını qarşılamaq üçün “Şahdəniz 1” layihəsi üzrə hasil edilən qazın üçdə birini (30 faizdən çoxunu) valyuta ilə alır. 2016-cı ilə qədər bu, özünü büruzə vermirdi. Çünki manatımız baha idi. Manat iki dəfə dəyərini itirdikdən sonra valyuta ilə aldıqda artıq iki dəfə daha çox pul verməli olduq. Dövlət Neft Şirkətinin 2016-2020-ci il hesabatlarına nəzər saldıqda, biz gördük ki, daxili bazarda beş ildə Dövlət Neft Şirkəti daim qeyd edir ki, qiymət 128 manatdan 166 manata qədər qalxıb. Satış qiyməti isə 100-120 manat arasında dəyişib”.
REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli isə “Press Klub”a şərhində kommunal xidmətlərin, suyun, qazın qiymətinin artımı ilə bağlı qərarları dövlət şirkətlərinin qeyri-rentabelliyi və qeyri-effektiv idarəçiliyi ilə izah etdi:
“Xərclər kifayət qədət şişirdilir, korrupsiya əməllərinə yol verilir və nəticə etibarilə də kağız üzərində şirkətlərin ziyanla işlədiyi üzə çıxır. Dövlət büdcəsindən dotasiyalar, böyük həcmli yardımlar alırlar. Bütün bunlara baxmayaraq, onların ziyanla işləməsi qiymət artımının da əsas səbəbinə çevrilir”.
Eksperti xatırlatdı ki, keçən il avqustun 6-da İnvestisiya Holdinqi yaradılarkən dövlət şirkətlərinin effektiv idarəedilməsinin təmin edilməsi və dövlət büdcəsindən ayrılan dotasiyaların azadılması əsas məqsəd kimi qarşıya qoyulmuşdu:
“Şirkətləri dövlət büdcəsinə yük olmaqdan qurtarmaq istəyirdilər. İlkin olaraq həmin şirkətlərdə ciddi audit yoxlamaları aparılmalı idi. Xərclər harada şişirdilir, harada artıq xərcləmələr olur, harada qənaət mümkündür kimi məsələlər araşdırılmalı idi. Sadaladığım addımlardan sonra əgər doğrudan da ehtiyac yaranacaqdısa, qiymət artımına müəyyən dərəcədə getmək olardı. Məntiqlə, bu cür baş verməli idi. Təəssüf ki, axırıncı atılmalı olacaq addım birinci atıldı və dövlət büdcəsindən dotasiyaların azalmasının kompensasiyası vətəndaşların cibindən çıxarılmağa başladı. Suyun qiyməti artarkən də eyni yanaşmanın şahidi olduq. Gələn ay İnvestisiya Holdinqinin yaranmasının bir ili tamam olur. Amma təəssüf ki, indiyə qədər heç bir dövlət şirkətinin normal idarəetmə mexanizminin planı və proqramı ictimai müzakirəyə təqdim edilməyib. Qərarvermə mexanizmləri ilə bağlı hansısa ciddi qərarların şahidi olmamışıq. Yeganə gördüyümüz Müşahidə şuralarının yaradılmasıdır ki, orada da cavabdan daha çox, suallar yarandı. Məsələn, SOCAR-ın Müşahidə Şurasının yaradılması və iqtisadiyyat nazirinin ora rəhbər təyin olunması bir gözlənti formalaşdırmışdı ki, SOCAR-da müəyyən struktur dəyişiklikləri olacaq. Amma heç nə baş vermədi. Suallar hələ də açıq qalır. SOCAR-ı bu gün Müşahidə Şurası, yoxsa şirkətin prezidenti Rövnəq Abdullayev və onun 11-ə yaxın vitse-prezidenti və müavinləri idarə edir? Bu suala cavab yoxdur. Nəticə etibarilə xərclərin azaldılması ilə bağlı heç bir addım atılmadı deyə qiymət artımı yolu ilə dövlət büdcəsinin üzərinə düşən yükü vətəndaşa yüklədilər”.
Cəfərlinin fikrincə, hələ pandemiyanın təsirləri bitməmiş, iş yerləri ilə əlaqədar problemlərin olduğu, sosial problemlərn geniş yayıldığı bir zamanda qaz ödənişlərinin artması əhali üçün kifayət qədər ciddi yükə çevriləcək. “Bu gedişlə Azərbaycan iqtisadiyyatının xoş perspektivindən danışa bilərikmi” sualına gəldikdə, ekspert bildirdi ki, geniş baxsaq, Azərbaycan iqtisadiyyatının əsas problemi idarəetmədən qaynaqlanır:
“Burada söhbət yalnız iqtisadi problemlərdən getmir. İdarəetmənin fəlsəfəsinin dəyişməsinə, yeni idarəetmə sisteminin yaranmasına ehtiyac var ki, iqtisadiyyatda da atılan addımlar effekt versin. Məsələn, bu gün yerli icra başçılarından tutmuş, digər mərkəzi hökumət orqanlarına qədər, iqtisadiyyata nüfuz etməyə səlahiyyəti olan onlarla dövlət orqanı var. Belə bir şəraitdə iqtisadiyyatın inkişafından danışmaq yersiz olur. Kredit faizləri yüksəkdir, kredit alıb, iş görmək çətindir, vergi və gömrük məcəlləsinə tez-tez dəyişikliklər olur, oyun qaydaları dəyişdirilir. Gömrük orqanları normal, dünyanın əsaslandığı görmük fəlsəfəsinə uyğun fəaliyyət göstərmir. Azad və ədalətli məhkəmələr yoxdur. Biznes mühiti üçün ən vacib amillərdən biri budur. Bütün bu məsələlərə konseptual yanaşsaq, bu silsilə problemlərin həllindən sonra Azərbaycan iqtisadiyyatının perspektivləri olacaq. Həm coğrafi məkan, həm təbii sərvətlər, həm əhali sayı olaraq Cənubi Qafqazın ən böyük ölkəsiyik. Logistik üstünlüklərimiz var. Əhali istehlakı olaraq da üstünlüklərimiz var. Bu üstünlükləri iqtisadi yüksəlişə çevirmək üçün yeni siyasi və iqtisadi sistemə, yeni idarəetmə mexanizminə ehtiyac var”. //PRESSKLUB.AZ//