Manşet

Elə şəxslər var, 6 aydır təqaüd ala bilmir – NƏ ETMƏLİ?

Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın, obyektivliyin təmin edilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən davamlı tədbirlər görülür.

Agentlikdən verilən məlumata görə, 2021-ci ilin ilk altı ayı ərzində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində Agentlik öz səlahiyyətləri çərçivəsində daxili yoxlamalar aparıb.
Nəticədə bir baş həkim (Sumqayıt şəhəri üzrə 3 nömrəli şəhər poliklinikası), üç direktor (Füzuli, Biləsuvar və Ağcabədi Rayon Mərkəzi Xəstəxanaları) və Həkim Məsləhət Komissiyalarının (Bakı şəhəri üzrə 19 nömrəli Şəhər Poliklinikası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) 12 üzvü vəzifələrinin icrası zamanı yol verdikləri bir sıra ciddi nöqsanlar, əlillik dərəcələrinin müəyyən edilməsi zamanı yol verdikləri qanun pozuntuları səbəbi ilə tutduqları vəzifələrdən azad edilib.

Qeyd edək ki, Agentlik TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə müraciət etmiş şəxslərin əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasının aparılması, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkili, həmçinin Tibbi Sosial Ekspert Komissiyalarına (TSEK) göndərişlərin düzgün verilməsi məqsədilə Həkim Məsləhət Komissiyalarının fəaliyyətinə nəzarət edir. Əlilliyin qiymətləndirilməsində operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq, bu sahədə işin keyfiyyətini yüksəltmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin verilməsi prosesini tənzimləmək məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq tədbirlər görülür.

Məsələ ilə bağlı “Şərq”ə danışan həkim-terapevt Şahvələd Məmmədov qeyd etdi ki, əlilliyin təyini ilə bağlı son zamanlar müharibə iştirakçıları, qazilər, həmçinin əlilliyi olan vətəndaşlar da narazılıqlarını bildirirdilər. Mediada, sosial şəbəkələrdə bu məsələlərə geniş yer verilirdi. Problemin geniş əhali kütləsini əhatə etməsi hökumət tərəfindən ciddi addmlar atılması zərurəti yaratdı:

– TƏBİB də üzərinə düşən vəzifəni yerinə yetirərək tabeliyindəki tibb müəssisələrində gərəkən yoxlamalara başlayıb. Nəticə özünü çox gözlətmədi. Müəyyən nöqsanlar aşkarlandı. Nöqsanlara yol verənlər cəzalandı, vəzifələrdən kənarlaşdırıldılar. Əlilliyin təyini qaydasına görə, bu məsələyə ayrı-ayrı şöbələrdə, tibb müəssisələrində baxılmır artıq. Əlilliyin təyini mərkəzləşmiş qaydada, “Bir pəncərə” sistemi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhkim olunmuş həkim-ekspert komissiyası tərəfindən aparılır. Lakin bu komissiyaya təqdim olunan arayışlar, “forma 88”lər yerli ərazi tibb bölmələri – poliklinikalar tərəfindən təqdim edilir. Nöqsanlar, səhvlər də burda baş verir. Bəzən yerli poliklinika şöbələri, xəstəxanalar əlilliyi düzgün təyin etmir, nəticədə komissiyaya təqdim olunan arayışlarda da yanlışlıqlar olur. Əlilliyi olan bəzi vətəndaşlar da buna görə əlillik təqaüdündən məhrum olurlar, ya da haqqı çatan, qanunla ona ödənməli olan təqaüdlərini ala bilmirlər. Elə şəxslər var, 6 aydır təqaüd ala bilmir, çünki nə əlilliyi düzgün təyin edilib, nə də komissiyaya təqdim olunan tibbi arayış. Bu nöqsanlara görə, insan maddi sıxıntı çəkir. Ona görə də TƏBİB belə bir yoxlamalara başlayıb, müsbət nəticəsi də görünür. Əlbəttə, “müsbət nəticə” deyəndə işdən azad edilmiş həkimləri nəzərdə tutmuram. Kimliyindən asılı olmayaraq işində nöqsana yol verənlər bunun cavabını da verməlidir. Dövlətimizin siyasəti budur ki, insanlar narazı qalmasın, insanların ehtiyacları qarşılansın. Əilliyi olan şəxslərsə həssas təbəqədir. Onlarla doğru-düzgün davranılmalıdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir