Cəmiyyət

“Görünür, dostum Ramiz Mehdiyev barədə nələrdəsə yanılmışam” – Elton Məmmədovdan ilginc açıqlamalar

“Yayılan səsyazısına qulaq asdım, özüm də məyus oldum ki, axı niyə AMEA-da elə şeylər baş verməlidir? Nəyə görə ölkə elminin inkişafına cavabdeh olan bir akademiya özbaşınalıqlarla, kollektiv arasında gedən lazımsız intriqalarla, mənim adıma bağlanan belə bir qalmaqalla gündəmə gəlməlidir? Bütün dünya ölkələrində alimlər ocağındakı çəkişmələr elmi nailiyyətlərə, millətini gələcəyə daşıyan biliyə və təhsildəki tərəqqiyə görədirsə, bizdə niyə belə olmasın? Bizim AMEA sürətlə uçuruma doğru gedir, hələlik dayandıran da yoxdur. Bilmək, dəqiqləşdirmək istəyirsinizsə deyəcəm bilin və araşdırın! Bəzi dayaz təfəkkürlü, elmə heç aidiyyatı olmayan köhnə məmur komanda AMEA-ya doluşub gah siyasət barədə, gah da elmin inkişafına ayrılan pulları başqa istiqamətdə ciblərə bölüşdürmək haqqında düşünürlər. Neçə ki, Akademiyanın əsas vəzifələri, xüsusilə də elmi tədqiqatlar, elm sahəsi üzrə qanunvericiliyi tədqiq etmək, əsl alimlərə və ziyalı adına rəğbət unudulub bir kənara atılacaq, faydalı təkliflər vermək yox dağıdıcılıq və korporativ maraqlar hökm sürəcəksə AMEA-nın fəaliyyətindən Azərbaycana bir fayda olmayacaq!”
Bu fikirləri son günlər ölkə gündəmini silkələyən, AMEA-nın Rəyasət Heyətinin 13 aprel 2021-ci il tarixli iclasında qeydə alınmış məlum SƏSYAZIsındakı coşqulu nitqinin ictimailəşdirilməsilə gündəmə gələn sabiq deputat, professor Elton Məmmədov səsləndirib. Hazırda səhhətilə əlaqədar müalicə alan Elton Məmmədov “Demokratik.Az” saytının əməkdaşı ilə qısa telefon danışığında AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsindən qovulub-qovulmadığına da qısa aydınlıq gətirib.
“Nə qovulmaq, məni kimsə qovmayıb. Yazırsınız ki, guya AMEA-dan qovulmuşam, bu yalan xəbərdir. Bəli, məzuniyyət istəyəndə “istefa” ərizəmi də eyni kağızda yazıb hörmətli Ramiz Mehdiyevə vermişəm. Nə üçün çıxmaq istədiyimi, AMEA-da bütün yaxşı işlərə qarşı daxildən və kənardan süni müdaxilələri də demişəm. Təəssüf ki, müraciətim, niyyətim səhv anlaşılıb, detallar aydınlaşdırılmamış və kollegial müzakirə aparılmamış işdən çıxarılmağım barədə əsassız və qanunsuz sərəncam verilib. Hazırda müalicəmlə məşğulam, “istefa” fikrimi də geri çəkmişəm və yaxın zamanda öz işimin başına dönməyi düşünürəm. Və mən AMEA-dan qovulmamışam, amma ordan çoxları qovulmalıdır!” – deyə Elton Məmmədov bildirib.
“Sizi AMEA-ya Ramiz Mehdiyev özü dəvət etmişdisə, bəs indi niyə sizə qarşıdır?” sualına cavabında isə;
“Bəli, mən AMEA-ya məhz Ramiz Mehdiyevin dəvətilə getmişəm. “Yüksək Texnologiyalar Parkı”nın direktoru kimi də, İşlər İdarəsinin müdiri kimi də vicdanla çalışmışam. Onunla münasibətlərimiz həmişə normal olub, bizi şəxsi münasibətlərimizdən daha çox isə dövlətçilik və Heydər Əliyev ideologiyası birləşdirib. Görünür, dostum Ramiz Mehdiyev barədə nələrdəsə yanılmışam, ya da onun dövlət idarəçiliyindəki zorakı və uğursuz metodlarını elmə qarşı da tətbiqetmə istəyi, bilinən və bilinməyən şəxsi maraqları bizim yollarımızı ayırır”-deyə professor bildirib.
Qısa dialoqdan o da aydın olub ki, Elton Məmmədov AMEA-da baş verən ciddi nöqsanların varlığını ölkə rəhbərliyinə çatdırmağa da dəfələrlə yazılı cəhd edib, elm məbədində sağlam və işgüzar mühitinin yaradılması üçün bütün imkanlarını səfərbər edib.
Elton Məmmədov “çox sual verirsiniz” deyərək digər suallarımızı cavabsız qoyub.

Söhbətləşdi – Osman Nərimanoğlu
Demokratik.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir