Manşet

Saxta əlillik satanların dövlətə vurduğu ziyan batacaq? – “Yalnız maaş həddində…”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin verdiyi rəsmi məlumata əsasən, 10-dan çox vəzifəli şəxs vətəndaşların əlillik dərəcələrinin müəyyən edilməsi zamanı yol verdikləri qanun pozuntuları səbəbi ilə tutduqları vəzifələrdən azad edilib.

Bu məlumat dövlət büdcəsinə dəyən maddi ziyanın necə arada qaldırılması ilə bağlı suallar doğurub. Ziyanı işçilərin, yoxsa saxta əlillik vəsiqəsi düzəltdirən vətəndaşların ödəyəcəyi hələ də qaranlıq olaraq qalır.

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya deyib ki, zərərçəkmiş dövlət orqanı həm saxta əlillik vəsiqəsi alıb ondan istifadə edən, həm də vəzifəsindən sui-istifadə edən şəxslərə qarşı cinayət işi qaldıra bilər:

“Mən bilmirəm onlara qarşı cinayət işi qaldırılıb, ya yox, amma burada açıq-aşkar cinayət tərkibi var”.

Onun sözlərinə görə, əgər zərərçəkmiş dövlət orqanı saxta əlillik vəsiqəsindən istifadə etmiş vətəndaşlara qarşı mülki iddia qaldırarsa, ümumi istintaq və mühakimə prosesi olacaq. Nəticədə isə maddi zərər onlardan müştərək qaydada tutulacaq.

Hüquqşünas bildirib ki, işçilər əlillik vəsiqəsinin verilməsi prosesinə yaxşı nəzarət etməməkləri səbəbindən yalnız işdən azad edildiyi və istintaq zamanı cinayət nəsuliyyətinə cəlb olunmadıqları təqdirdə onlara qarşı mülki iddia qaldırmaq mümkün ola bilməz:

“Vəzifəsindən azad olunan şəxslər yalnız əmək müqaviləsinə əsasən maddi məsuliyyət daşıyacaqlar, lakin bu, mütləq əmək müqaviləsində qeyd olunmalıdır. Məsələn, əmək müqaviləsində qismən yazılıbsa, bu maddi məsuliyyət yalnız maaş həddində müəyyən olunacaq. Digərləri batacaq”.

Cebhe.info mövzu ilə bağlı İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinə sorğu göndərib. Agentlik sorğuya qanunda müəyyən olunmuş zamanda cavab verəcəyini bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir