“Veysəloğlu” və “Oba”nın Məhəmmədi qəsəbəsində yerləşən ambarında çalışan işçilərin şikayətçi olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Azsiyasət.com xəbər verir ki, “Veysəloğlu” və “Oba”nın işçiləri Əmək Məcəlləsinin tələblərinə zidd olaraq, həftədə 6 gün, gündə 12 saat işləməyə məcbur edilirlər. Yəni, işçilər həftədə 72 saat istismar edilirlər.
Şikayətdə bildirilir ki, şirkət müqavilələrdə maaşları 250 manat qeyd edib məvacibin qalan hissəsini qeyri-rəsmi ödəyir, bu yolla vergidən də yayınır.
Əməkdaşlara müqavilələrin nüsxələri də verilməyib.
Qeyd edək ki, əməyin istismarı ilə bağlı şikayətlər son aylarda artıb. Ölkədə əməyin istismarını təmizləmək üçün istismarçı şirkətləri ictimai şəkildə “cəzalandırmaq” lazımdır.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Vergi Xidməti orqanlarını məsələni tez bir zamanda araşdırıb vətəndaşların hüquqlarını bərpa etməlidir.
Onu da əlavə edək ki, ölkənin ərzaq sektoruna ciddi paya malik olan bu şirkət iş adamı Aydın Talıbova məxsusdur.
Məsələni diqqətdə saxlayacağıq…