Bioloji valideyn olub, mənəvi valideynlikdən imtina edənlər cəmiyyət üçün yararsız insan dünyaya gətirirlər
Məhəmməd Peyğəbərin (s) uşaqlar haqqında söylədiyi gözəl bir cümlə var: “Uşaq, cənnət nemətlərindən biridir”. Heç təsadüfi deyil ki, daha çox boşanmalar sonsuzluq səbəbindən baş verir. Neçe-neçə ailə hər hansısa səbəbdən övlad həsrəti çəkir, çünki bəzi insanların xəstəliyi olur uzunmüddətli müalicə almalıdır övlad sahibi olmaq üçün, bəzilərinin isə ümumiyyətlə dünyaya uşaq gətirmək şansları belə yoxdur. Bu cür insanlar məhz övlad acısına görə göz yaşı tökürlər, hətta övladı olanlara baxanda çox pis olurlar, kövrəlirlər içlərində olan övlad həsrəti daha da artır, qəlbləri paramparça olur. Lakin elə uşaqlar var ki, valideyni onları atdığına görə göz yaşı tökür. Çox təəssüfləndirici olsa da, Azərbaycanda da “Təzə doğulan körpə atıldı” başlıqlı xəbərlər tez-tez eşidilir. Kimisi yeni doğulan körpəni küçəyə, kimisi xəstəxanın həyətinə, kimisi zibilliyə, kimisi isə yol qırağına atıb gedir. Kanalizasiya borusundan tapılan körpələr haqqında eşidəndə isə insan dəhşətə gəlir.
Həmin bu hallardan biri də ötən günlərdə yaşanıb. İyulun 6-da saat 6 radələrində Sumqayıt şəhərindəki “Yaşıldərə” adlanan yaşayış sahəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutuya Sumqayıt sakinlərindən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb.
Belə ki, yeni doğulmuş körpə sellofan torba içərisində aşkar edilərək götürülüb.
Düşünülə bilər ki, insandı baxa bilməyib atıb, nə edə bilərdi başqa çarəsi olmayıb. Xeyir əslində bu yalnış düşüncədir ona görə ki, hər bir valideyn doğacaq körpəni dünyaya gətirmək üçün həm mənəvi, həm maddi cəhətdən hazır olmalıdır. Konstitusiyanın 34-cü maddəsinə görə, uşaqları tərbiyə etmək və qayğısına qalmaq valideynin borcudur. Bu, həm konstitusion norma, həm də valideynin hüququdur. Ailə Məcəlləsində ata ilə ana bərabər hüquqa və öhdəliklərə malikdirlər. Uşağın rəsmi və ya nikahdan kənar doğulmasına baxmayaraq, istənilən halda uşağın anası valideyn kimi çıxış edir. Nikahdan kənar uşaqların qanunvericiliklə atalığı müəyyən edilir. Heç bir halda onlar uşaqlarını ata bilməzlər. Valideynin uşağını atması həm əxlaqi, həm mənəvi, həm də sosial baxımdan yolverilməzdir. Çünki, uşaqlar psixoloji cəhətdən valideynlərinin səhvlərinin cəzasını çəkirlər. Ümumiyyətlə övladı dünyaya gətirməzdən öncə insan özünə sual verməlidir: mən bu körpəyə baxa biləcəyəmmi?. Elə valideynlər var ki, onlar həyatda etdikləri məsuliyyətsizlik ucbatından dünyaya övlad gətirir, daha sonra ya ailələri onları qəbul etmir, ya mənəvi cəhətdən övlad böyütməyə hazır olmadıqları üçün onları atırlar. Axı övlad ailənin sütunudur. Hətta ailələr arasında münasibət nə qədər soyuq olsa da övlad dünyaya gələn kimi soyuqluq aradan qalxır. Ailəm qəbul etmir, imkanım yoxdur baxmağa bu kimi sözlər bioloji valideyn olub, lakin mənəvi valideynlik edə bilmədiyənə görə deyilən yalanlardır. Valideyn olmağın çox böyük
məsuliyyəti var. Çünki onlar cəmiyyət üçün gələcək nəsil dünyaya gətirib, yetişdirirlər. Hər kəs istəyir ki, bu həyatda ən gözəl hisslərdən biri olan valideynlik hissini yaşasın. Övlad dünyaya gətirsin, sağlam gələcək üçün tərbiyəli övlad böyütsün. Lakin, bu cür övladlarını dünyaya gətirib birbaşa onu atmaq, özü də hara gəldi istər xəstəxana həyəti olsun, istər yolun kənarı, istərsə də kiminsə qapısının önünə, bu heç bir valideynə yaraşan hərəkət deyil. Bu valideynlər təbii ki, dırnaqarası sadəcə bioloji valideynlər heç düşünmürlər ki, bu məsum, çarəsiz körpə ən əsası canımdan bir parça təkbaşına necə olar? nə yeyər? ona kim baxar? başına nə işlər gələr?. Bir valideyn bu qədərmi mərhəmətsiz, bu qədərmi acımasız olar. Valideyn olmayan insan da bu cür valideynlərin etdiyi belə vicdansız hərəkəti görəndə dəhşətə gəlir. Həmin bu öz övladlarını çöllərə atan valideynlər heç olmasa onların sonrakı taleyini düşünsünlər, baxa bilmirlərsə dünyaya da gətirməsinlər. Çünki atılmış uşaq istənilən halda, ailə qayğısından kənarda qalır, belə olan halda isə cəmiyyət üçün yararlı insana çevrilə bilmir və nəticədə cəmiyyətin harmoniyası pozulur. Həmçinin atılmış uşaqlar ömür boyu psixoloji zədədən yaxa qurtara bilmirlər. Daim özlərini zəif, özgüvənsiz, cəmiyyətdən təcrid olunmuş hiss edir, atalı-analı uşaqlara həsəd hissi ilə yanaşırlar. Bu da onların qeyri-adekvat davranışına, aqressiv olmalarına, pis vərdişlərə yiyələnmələrinə, intihar etməsinə gətirib çıxarır. Çünki, onlara nəzarət edən, daim qayğı ilə yanaşan, etdikləri kiçik bir səhvi düzəltməyə çalışan valideynləri yoxdur. Bəzi uşaqların adi yeməyi valideynləri yedizdirməsə, ac olsa belə yemediyinin şahidi olmuşuq hər birimiz. Hətta körpə uşaq ağlayanda neçə nəfər bir araya gəlir onu sakitləşdirmək üçün sakitləşdirə bilmirlər, lakin öz valideyni onu qucağına alan kimi sanki körpə onun varlığını hiss edir və ağlamır. Çünki uşağa kənar yerdə göstərilən münasibət nə isti ana qucağını, nə də ata qayğısını əvəz edə bilməz. Bu səbəbdən atılan uşaqlar stressə düşür, nevrozluqla üzləşir və ömür boyu bunun frustrasiyasını yaşayırlar. Belə uşaqların özünəinamı aşağı səviyyədə olduğundan onların həyatda mövqe tutmalarında müəyyən çətinliklər və uğursuzluqlar yaşanır.
Uşaqlar bizim gələcəyimizdir. Onları sağlam, tərbiyəli, savadlı, təminatlı böyütmək hər bir valideynin mənəvi borcudur. Ana, ata nə qədər yaxşı tərbiyə almışlarsa, uşaqlar da bir o qədər tərbiyəli olar. Buna görə də özünü dərk edən hər bir şəxs həyatı ilə bağlı məsuliyyət daşımalıdır ki, onların cəzasını uşaqlar çəkməsin. Bu cür hallar atılmış uşaqların gələcəyinə, sosial fəaliyyətlərinə mənfi təsir göstərir.
Cavadzadə Seyid Sürayə