Sanki ona kimsə deyib ki, “əlini beş qaba çək! – bildiyini ardına qoyma”
Dövlətin vəsaitini talamaqda, ölkənin, xalqın mənafeyinə zidd addımlar atmaqla məşğul olan bir icra başçısı haqda niyə hələ də bir ölçü götürülmür?
İki il yarımdır ki, Beyləqan rayonunda korrupsiya tüğyan edir. Dövlətin ayırdığı külli miqdarda maliyyə vəsaitləri Beyləqan şəhərində abadlıq-quruculuq işləri adı altında silinərək mənimsənilir, idarəçilikdə səriştəsizlik, vəzifədən sui-istifadə halları, uğursuz kadr siyasəti özünü ən eybəcər formada biruzə verir. İcra başçısına isə “gözün üstə qaşın var” deyən yoxdur.
KanalS.az xəbər verir ki, 2019-cu ildə Beyləqan rayon İcra Hakimiyyətinin “Abadlıq və quruculuq” işləri üzrə sifarişçi olduğu tenderin dəyəri 999.998 (doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan səkkiz) manat olan tenderin qalibi “Vaqif” firması olub. Bu barədə məlumat Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytında https://etender.gov.az/ öz əksini tapıb.
Xatırladaq ki, həmin vəsait prezident İlham Əliyev Beyləqana etdiyi son səfərində rayonun abadlaşdırılması üçün Prezidentin Ehtiyyat Fondundan ayırıb. Beyləqandan aldığımız məlumata görə isə həmin vəsaitin böyük hissəsi icra başçısı Asif Ağayev və korrupsioner ortaqları tərəfindən mənimsənilib.
Qeyd edək ki, 2019-cu il iyul ayının 29-da daha bir tenderin, Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyinin “Yolların əsaslı təmiri” lotu üzrə sifarişçi olduğu, 444.881 (dörd yüz qırx dörd min səkkiz yüz səksən bir) manatlıq daha bir tender həyata keçirilib. 2020-ci ildə isə eyniylə “Yolların əsaslı təmiri”nə həmin məbləğin həcmi qədər dövlət vəsaiti ayrılıb. Ki, həmin vəsaitlərin qarşılığında heç bir işlər görülməyib. İcra başçısı tərəfindən mənimsənilib.
Uşaq bağçalarının əsaslı və cari təmirinə, inventarlarla təmininə də hər il ayrılan 40-50 min AZN civarında pul da heç bir iş görülmədən, heç bir avadanlıq alınmadan kağız üzərində silindiyi də bildirilir.
Asif Ağayevin Beyləqanda rəhbər vəzifədə fəaliyyətə başlayandan indiyədək RİH-nin nəzarəti və sərəncamı ilə görülən (görülmüş kimi təqdim olunan) işlərin “forma-2”-ləri diqqətlə yoxlanılsa və rəqəmlər faktiki həcmlə tutuşdurulsa, dövlətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə biləcək yeyintilər aşkarlanacaq. Ki, bu da icra başçısının həbsini gerçəkləşdirəcək./realmedia.az