Manşet

Sosial Xidmətlər Agentliyi qazi və şəhid ailələrinin mənzil hüququnu pozur – NARAZILIQ!

“Media (“Hürriyyət” və b.) Sumqayıt şəhərində 2012-ci ildə qazi və şəhid ailələrinə verilən 96 mənzilli yaşayış evi yiyələrinin mənzillərini özəlləşdirə bilməmələrini işıqlandırandan sonra ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) bildirib :” Qanunvericilikdə sosial və xüsusi təyinatlı yaşayış sahələrinin özəlləşdirilməsi nəzərdə tutulmayıb. (?)” Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun bu Məcəllə qanuni qüvvəyə mindikdən sonrakı dövrdə vətəndaşlara verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. (“Hürriyyət”in 14.07.2021 tarixli,”Əlillərə verilmiş mənzilləri niyə özəlləşdirmək olmur-Nazirlikdən açıqlama” xəbəri ) . Nazirliyin bilərəkdən, yaxud savadsızlıqdan qazi və şəhid ailələrinin mənzil (mülkiyyəti) hüququna qadağa qoyması üzə çıxır .

Deyəsən, SXA -nın görəvinin nədən ibarət olduğundan və qanunvericilikdən xəbəri yoxdur . Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.3 maddəsində yazılıb : “BU MƏCƏLLƏNİN 146.2 MADDƏSİNDƏ NƏZƏRDƏ TUTULMUŞ YAŞAYIŞ SAHƏLƏRİNİN ÖZƏLLƏŞDİRİLMƏSİ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINDA NƏZƏRDƏ TUTULDUĞU HALLARDA VƏ QAYDADA HƏYATA KEÇİRİLƏ BİLƏR. “ Mənzil Məcəlləsinin 59.4 maddəsində doğrulanıb ki, SOSİAL KİRAYƏ MÜQAVİLƏSİ ƏSASINDA YAŞAYIŞ SAHƏSİ ÜZƏRİNDƏ YARANMIŞ HÜQUQLAR QANUNLA MÜƏYYƏN EDİLMİŞ QAYDADA DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİNDƏ QEYDƏ ALINIR. Sosial Xidmətlər Agentliyinin bu maddələri görməzliyə vurmasından sosial xidmətin hansı səviyyədə olmasını bilmək çətin deyil. Gerçəkdə qazi və şəhid ailələrinin, aztəminatlı şəxslərin hüquqlarını qorumağa görəvləndirilən SXA-nın vətəndaşların hüquqlarını pozması düşündürücüdür. Onu da vurğulayaq ki, SXA sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə qarışıq salır. Əlillərə, şəhid ailələrinə, eləcə də, incəsənət, təhsil, elm və s. xadimlərinə mənzillər sosial kirayə müqaviləsi əsasında verilir və sosial dövlət mənzil fondunun yaşayış sahələrinə aid deyil. Sözügedən yaşayış sahələrinə internat evləri, yataqxanalar, qaçqın və məcburi köçkünlərə verilən evlər və digərləri aiddir. Ahıllara, qocalara özəl sosial evlərdə xidmət göstərən SXA-nın “cinlə şeytanı qarışdırması” anlaşılan deyil.

Belə bəlli olur ki, SXA görəvinin öhdəsindən gələ bilmir. Heç olmasa, qanunvericiliyi düzgün izah etsinlər. Ümumiyyətlə , əlil vətəndaşların müraciətlərini aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlamaq belə çətindir?

Fikrimizcə, SXA-nın DSMF-in tərkibinə qaytarılması daha düzgün olardı”.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

DİA.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir