Manşet

Azərbaycan təhsilində “fondlaşma” prosesi… – AKTUAL

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında” fərman imzalayıb. Sənədə əsasən Nazirlər Kabineti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondunu bir ay müddətində yaratmalı və bu barədə prezidentə məlumat verməlidir. Fond Azərbaycanda təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxs olacaq.

Bəs, Fond təhsil sahəsində konkret nə kimi işlər görəcək? Faydası nə olacaq? Ümumiyyətlə, təhsil, elm sahəsində bu qədər fondun yaradılmasına gərək varmı?

Təhsil eksperti Kamran Əsədov prezidentin sərəncamı ilə hələ 2013-cü il 24 oktyabr tarixində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edildiyini xatırlatdı:

“Ölkəmizin qarşıdakı illərdə əsas inkişaf yollarını müəyyənləşdirən Azərbaycanın İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil kimi insan kapitalının adekvat inkişafının ön plana çəkilməsi nəzərdə tutulub. Bu, təhsil sisteminin də kökündən dəyişdirilməsini, müasir təhsil sisteminin qurulmasını tələb edir. Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına cavab verən, təhsilimizin gələcək inkişafının “yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi təhsil sahəsi üçün mühüm sənəddir”.

Ekspert qeyd etdi ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələbləri Azərbaycan təhsilində dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelinin qurulması ilə bağlıdır:

“Doğrudan da, hazırda təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac vardır. Ona görə də təhsil müəssisələrində adambaşı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda, təhsil müəssisələrində ödənişli təhsil xidmətləri dəstəklənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun yaradılması müasir təhsil sisteminin tələbidir. Beləliklə, qabaqcıl təhsil sisteminə, strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, səmərəli, şəffaf, cavabdeh idarəetmə mexanizmlərinin tətbiqi, müasir tələblərə uyğun infrastruktur qurulması, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modeli formalaşdırılması əsas hədəf kimi götürülür. Vacib bir məqamı qeyd edim ki, Təhsilin İnkişafı Fondu dövlət orta və ali təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edəcək və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynayacaq”.

K. Əsədovun sözlərinə görə, fondun fəaliyyət istiqamətləri bu cür sıralanır:

“Peşə təhsili sahəsinin inkişafına maddi yardım göstərmək; orta və ali təhsili sahəsində gəlirləri təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsinə yönəltmək; orta ixtisas təhsilinin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; peşə təhsilinin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; peşə təhsili müəssisələrində maliyyə vəziyyətini təhlil etmək; orta ixtisas və ali təhsili müəssisələrinin gəlirlərinin stimullaşdırılması üzrə təkliflər vermək; peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin maddi və sosial rifahının yüksəldilməsi və müvafiq meyarlar əsasında mükafatlandırılması üzrə tədbirlər görmək; peşəyönümü işlərinin aparılmasında peşə təhsili müəssisələrinə dəstək vermək.

Əslində Təhsilin İnkişafı Fondunun yaradılması 2013-cü ildə qəbul edilmiş Təhsil İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuşdu, amma yaddan çıxmışdı”.

Bəs, təhsildə bu qədər fonda ehtiyac varmı? Ekspert sualı belə cavablandırdı:

“Gəlin, təhsil sahəsinə aid indiyədək hansı fondların yaradıldığına nəzər salaq:

“Elmin İnkişafı Fondu;

Azərbaycan Gənclər Fondu;

Maarifçi Kredit Fondu;

Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondu;

Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu.

Hələ ki təhsilə aid məlum olan bu fondlar var. Hesab edirəm ki, bu qədər fərqli fonda ehtiyac yoxdur. Çünki bu qədər qurumun idarə edilməsi, şəffaf nəzarət mexanizminin təşkili çətindir. Eyni zamanda, bu qədər çox fondun olması fəaliyyət mobilliyini aşağı salır. Digər tərəfdən, bu, daha peşəkar mütəxəssislərin ayrı-ayrı yerlərdə çalışmasına gətirib çıxarır”.

K. Əsədov hesab edir ki, bu fondların birləşdirilməsi və orada ən yaxşı mütəxəssislər tərəfindən idarəetmənin təşkili daha yaxşı olar. Dünya təcrübəsində də belədir.

Milli Məclisin Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov isə “Press Klub”a açıqlamasında bu fondların ayrı-ayrı istiqamətlərə cavabdeh olacağını vurğuladı:

“Məlum olduğu kimi, Təhsil Nazirliyinin rəhbərliyində dəyişiklik oldu və bu gün təhsil sahəsində müəyyən islahatlar həyata keçirilir. Bu məqsədlə də Tələbə Krediti Fondu, indi isə Təhsilin İnkişafı Fondu yaradıldı. Məqsəd ondan ibarətdir ki, ümumi təhsilin inkişafına töhfə verilsin. Əvvəlki fond sırf tələbə kreditləri ilə bağlıdır. Son yaradlılan fond isə konkret olaraq təhsilin inkişafına xidmət edəcək. Bu fondların fəaliyyət istiqamətləri tamam ayrıdır”.

Deputat fondların çoxluğu barədə Təhsil Nazirliyi ilə müzakirə aparmağın mümkün olduğunu söylədi:

“Məsələn, Maarifçi Kredit Fondu ayrı bir istiqamət idi. Həmin fond özəl bir sahə idi. Amma Tələbə Kredit Fondu dövlət fondu olaraq yaradıldı. İş mexanizmləri də fərqli olacaq. Elm Fondunun əsasnaməsinə nəzər yetirsək, görərik ki, daha çox elmi araşdırmalarla məşğul olan insanların fəaliyyəti ilə bağlıdır. Amma yeni yaradılan fondun fəaliyyəti istiqaməti fərqlidir. Hər bir fondun özünün məqsədi olduğu kimi, Təhsil İnkişaf Fondunun da öz fərqli məqsədi olacaq. Peşə təhsilinin inkişafı ayrı, ümumi təhsilin inkişaf istiqaməti isə ayrı bir istiqamətdir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir