Manşet

Hərbi Prokurorluqdan bağlı qalmış cinayətlərlə bağlı AÇIQLAMA

İyulun 17-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2021-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə məlumat verilib ki, ötən dövrlərdə olduğu kimi, 2021-ci ilin birinci yarımilində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olub. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb.

Qeyd edilib ki, hesabat dövründə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə bir sıra işlər görülüb. Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli iş aparılmaqla, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülüb.

Əməliyyat müşavirəsinin sonunda vurğulanıb ki, Hərbi Prokurorluğun kollektivi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən böyük işlərdə və həyata keçirilən məhkəmə-hüquq islahatlarında yaxından iştirak edərək, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi üçün əllərindən gələni əsirgəməyəcək, cinayətkarlığa və dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir