Manşet

“Biz rüşvət almırıq” deyən Mehdiyevin komitəyə yığdığı qohum əqrəbasının – SİYAHISI

Dəfələrlə Dövlət Gömrük Komitəsinin fəaliyyətindəki saysız-hesabsız çatışmazlıqlar, bunun ümumilikdə iqtisadiyyatımıza, ölkənin sahibkarlıq və rəqabət mühitinə vurduğu ziyanlarla bağlı yazılar dərc etmişik.

Ayrı-ayrı iş adamlarının konkret rüşvət, süründürməçilik, inhisarçılıq faktlarına dair şikayətlərini, ölkə rəhbərliyinə müraciətlərini işıqlandırmışıq və hökumət başda olmaqla, müvafiq orqanlar tərəfindən bu faktların araşdırılmasını istəmişik. Hətta ölkə başçısı da elə DGK sədri Səfər Mehdiyevin iştirak etdiyi iclasların birində gömrük orqanlarının işini tənqid etmişdi. Ancaq bütün bunların demək olar ki, heç bir ciddi sayılacaq faydası olmadı və deyəsən, həbslər növbəsi DGK-ya da çatdı…

“Mən tam məsuliyyətimlə bəyan edirəm ki, əgər burada oturanlardan kimsə, mən özüm də daxil olmaqla, heç olmasa 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq… Biz şou düzəltmirik, sadəcə olaraq bəyan edirik ki, nə qədər ki, bu postdayıq, ilin 365 gününü gömrük sferasında korrupsiya ilə mübarizə aparacağıq…” Bunlar Səfər Mehdiyevin 2018-ci ildəki mətbuat konfranslarından birində söylədiyi bəzi fikirlərdir.

Son hadisədən belə aydın olur ki, S.Mehdiyev hələ 2018-ci ildə komitədə korrupsiyaya qarşı ciddi mübarizəylə bağlı “biz şou düzəltmirik” desə də, ötən illər ərzində bu sahədəki fəaliyyət elə şoudan başqa bir şey olmayıb. Korrupsiya da, rüşvət də öz yerindədir.

Məsələn, indi kimsə durub deyə bilərmi ki, DGK-nın əsas struktur vahidlərindən biri olan Bakı Baş Gömrük İdarəsində baş verənlərdən DGK sədrinin xəbəri olmayıb? Bir qədər sadəlövh səslənsə də, bu adam necə rəhbərdir ki, tabeçiliyindəki əsas idarələrdən birindəki rüşvət, korrupsiya faktlarından xəbərsizdir? Axı o, vaxtilə “1 manat rüşvət”in söhbətini edirdi. Axı, ən azından hörmətli generalın elə həmin Bakı Baş Gömrük İdarəsində çoxlu sayda qohum-əqrəbası, dost-tanışı işləyir. Onlardamı Mehdiyevə xəbər verməyiblər?…

Yeri gəlmişkən, ötən ilin sonlarında mətbuatda S.Mehdiyevin gömrük orqanlarındakı qohum-əqrəbasının siyahısı dərc edilmişdi. Çoxları bu siyahının tam olmadığını bildirsələr də, hətta burada göstərilənlər belə heyrət doğuracaq qədərdir. Adam əməlli-başlı ailə podratı yaradıb.

DGK sədri kimi fəaliyyəti barədə bir şey deyə bilməsək də, bir “nəsil ağsaqqalı” kimi işinin öhdəsindən tam gəldiyi şübhə doğurmur. Mətbuatdan götürdüyümüz həmin siyahını və oradakı qeydləri müdaxilə etmədən təqdim edirik:

1.Qaynı Tarquluyev İlham. DGK-da tikintilərə nəzarət edir. Saxta tenderləri “udur”.

2. Qaynı İlham Tarquliyevin kürəkəni Kamran. ER və DNBGİ-də baş inspektordur. Bütün “pullu işlərə” ancaq o baxır.

3. Köməkcisi Rəşad. Yaxın qohumudur.

4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum. Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. İki ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir.

5. Qaynı Tarquluyev Zeynal. “Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavinidir. “Qara kassa”ya o nəzarət edir. Gömrük İdarələri ətrafında ofislər açaraq, “lojistik xidmətlər” göstərir. Gömrükdə hər kəs həmin “xidmətə” yönəldilir.

6. Qardaşı oğlu Məhəmməd. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində İnzibati idarəetmə şöbəsinin rəisidir.

7. Bacısı oğlu Fərman. Dövlət Gömrük Komitəsində Audit və Təhlil Baş İdarəsində Baş inspektordur. Bakı Baş Gömrük İdarəsində “Broker xidməti” acıb. İş adamlarına sövdələşmələrlə “güzəştlı” xidmət göstərir.

8. Bacısı oğlu Əli. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində Baş inspektor.

9. Bacısı oğlu Məhərrəm. Bakı Baş Gömrük İdarəsində Baş inspektor işləyir.

10. Qardaşının kürəkəni Sənan. Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində Qiymətləndirmə şöbəsinin rəisidir. Respublikaya idxal edilən bütün avtomobillərə ağlına gələn qiyməti o yazdırır.

11. Baldızı oğlu Rəfail Niftəliyev. Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsində idarə rəisidir.

12. Bacısının kürəkəni Sahib. Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordur.

13. Bacısının kürəkəninin qardaşı Zaman. Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektorudur.

14. Bacısı oğlu Rövşən. Rəsmən Dövlət Gömrük Komitəsində İşləyir. Hec vaxt işə gəlmir. Kənarda bizneslə məşguldur.

15. Bacısının kürəkəni Vilayət. Dövlət Gömrük Komitəsində baş inspektordur.

16. Bacanağı Həsən. Dövlət Gömrük Komitəsinin Hospitalında işləyir.

17. Dostu Elman. Dövlət Gömrük Komitəsinin Hospitalında Baş həkimdir. Onun qardaşı Fərman gömrük zabiti olduğu halda, saxta dərman idxalına görə DTK tərəfindən həbs edilib.

18. Bacanağı Eldar. Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə “qara kassa”ya o nəzarət edir.

19. Bacanağı İlham. Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir.

20. Qardaşının kürəkəni Arif. 51 yaşında komitədə işə düzəlib. “Gömrük Orqanlarında Xidmət Haqqinda” Əsasnamənin ziddinə olaraq, onu 51 yaşında işə götürüblər…

Mənbə:Azpolitika.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir