Son bir neçə gündə ölkənin iki strateji nazirliyində baş verən paralel kadr dəyişiklikləri diqqət çəkir. Söhbət Müdafiə və Xarici İşlər nazirliklərində baş verən kadr dəyişikliklərindən gedir.
Müdafiə Nazirliyində baş verən kadr dəyişikliyi haqda ötən sayımızda yazmışdıq. Bu dəfə isə XİN-də xarici ölkə səfirlərinin yeni təyinatlarına diqqət çəkəcəyik. Məlumdur ki, Azərbaycan üçün strateji və dost ölkələrlə (Türkiyə və Pakistan) yanaşı, Azərbaycan Respublikasının Böyük Britaniya Krallığındakı, ABŞ-dakı, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı, BMT-dəki nümayəndəsi, eləcə də Qazaxıstan və Belarusdakı diplomatik korpus rəhbərləri dəyişdirilib. Bu dəyişikliklərin səbəbi əlbəttə ki, rotasiya ilə də əlaqələndirilə bilər. Amma postmüharibə reallıqlarında diplomatiyanın da üzərinə ciddi məsuliyyət düşdüyünü nəzərə alsaq, bu təyinatların təsadüfi olmadığını anlamaq mümkündür.
Postmüharibə dövründə diplomatiyanın rolu nədən ibarət olacaq? Yeni reallıqlarda səfirlərin, xüsusən qeyd etdiyimiz strateji səfirlərin görəvləri nələr olacaq? Xüsusən Azərbaycanın strateji müttəfiqləri olan ölkələrdə, eləcə də Avropa İttifaqında və BMT-də görüləcək hansı işlər var? Hücum diplomatiyası yerini daha incə diplomatik manevrlərəmi verir?
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc son təyinatları belə dəyərləndirdi: “Çox haqlı olaraq səfirlərin, yəni Azərbaycanın xarici ölkələrdəki təmsilçilərinin dəyişməsini mexaniki rotasiya etmirsiniz və bu çox düzgün yanaşmadır. Postmüharibə dövrü ağırlığın daha artıq dərəcədə diplomatik masaya daşındığı tarixən sübut edib. Azərbaycan bəlli regional siyasətin içərisindədir. Xarici siyasət maraqlarımız düzgün müəyyənləşdirilib. Sülh, əmin-amanlıq, təhlükəsizlik istəyirik. Regional kontekstdə iddialarımız var. Ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin dövründə xarici siyasətimiz düzgün müəyyən edilib. Etiraf edək ki, daxili siyasətdə uzun müddət çox kəskin müxalif mövqedə dayanan adamlar belə yürüdülən bu xarici siyasəti xeyli dərəcədə qəbul ediblər, ona loyal yanaşmaları mövcuddur. Alternativsiz mövqe olduğunu qeyd edirlər. Bu nöqteyi-nəzərdən səfirlər qarşılarında duran vəzifələri yaxşı bilməlidirlər. Çünki onların üzərinə böyük məsuliyyət düşür. Onu da qeyd edim ki, Böyük Britaniya II Qarabağ savaşındakı mövqeyi ilə Azərbaycan və Türkiyə ilə daha da yaxınlaşdı. Hətta bir çoxları iddia etdi ki, yeni bir siyasi, hərbi formatın əsası qoyula bilər. Məhz bu cür ölkələrdə səfirlər üzərlərinə düşən işin öhdəsindən yüksək səviyyədə gəlməlidirlər. Ümumiyyətlə, səfirlərimiz ölkələrindən gedən məxfi sənədlərə baxıb, bununla işlərini bitmiş saymalı deyillər. Olduqları ölkələrdə yaşayan azərbaycanlılarla güclü əlaqələr qurmalıdırlar. Aydın məsələdir ki, Xarici İşlər Nazirliyi postmüharibə dövründə daha sərt, barışmaz, güzəştsiz mövqelər tutacaqdır. Çünki Prezident son çıxışında təkcə diplomatik hücum demədi, siyasi hücumun bizə lazım olduğunu söylədi. Bütün bunlar da səfirlərin qarşısına daha böyük vəzifələrin qoyulduğunu sübut etdi. Sonda onu deyim ki, cəmiyyətə açıqlanmasa da, Xarici İşlər Nazirliyinin hazırladığı bir sıra mühüm diplomatik, siyasi məsələlərə dair yol xəritələri, siyasət sənədləri dövlətin müvafiq strukturlarına, o cümlədən parlament nümayəndələrinə, dostluq qrupu təmsilçilərinə təqdim olunur. Hesab edirəm ki, səfirlərlə bağlı son təyinatlar çox müsbətdir. Bu, xaricdəki anti-Azərbaycan dairələrinin neytrallaşdırılmasına da yol açacaq”.
Politoloq Elçin Mirzəbəyli məsələyə geniş rakursdan şərh verdi: “Strateji əhəmiyyət kəsb edən ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən yüksək ranqlı diplomatik nümayəndələrin rotasiya qaydasında dəyişdirilməsi və başqaları ilə əvəzlənməsi Xarici İşlər Nazirliyində və diplomatik korpusda həyata keçirilən islahatların tərkib hissəsidir və bu prosesin davam etdiriləcəyi şübhə doğurmur. Postmünaqişə dövründə diplomatlardan tələb olunan onların bir neçə istiqamətdə yüksək peşəkarlıq nümayiş etdirmək bacarıqlarıdır. Yəni hazırkı reallıqlar və perspektiv çağırışlar qarşısında Azərbaycanı xarici ölkələrdə təmsil edən diplomatlardan yüksək təşkilatçılıq, korporativ idarəçilik-menecerlik bacarığı, natiqlik, dərin siyasi biliklərə malik olmaq, geosiyasi və geoiqtisadi prosesləri duymaq, ölkənin nüfuzunun yüksəldilməsi üçün media və sosial mediada PR işini qurmaq bacarığı, maksimum çeviklik tələb olunur”.
Politoloq fikirlərinə bu cür davam etdi: “SSRİ-dən qalma ”sən rəissən, mən axmaq” üsulu ilə idarəetmə artıq heç bir effekt vermir, əksinə, operativ və ağıllı qərarların beşiyindəcə boğulmasına xidmət edir. Bu gün mürəkkəb bir geosiyasi reallıqlar çərçivəsində xalqımızın rifah və təhlükəsizlik içərisində yaşaması, dövlətimizin ehtimal olunan təzyiq və təhdidlərdən maksimum müdafiə edilməsi üçün proseslərdən bir addım öndə olmalıyıq. Xarici İşlər Nazirliyinin cənab Prezidentin müəyyənləşdirdiyi xarici siyasət və islahatlar kursuna uyğun olaraq, həyata keçirdiyi fəaliyyətin təməlində də bu amillərin dayandığı qənaətindəyəm. Türkiyə bizim üçün qardaşdan da yaxın bir ölkədir. Amma bu o demək deyil ki, bir-birimizin ünvanına gözəl sözlər deməklə kifayətlənməli, ortaq dil, mədəniyyət, tarix bağlarımıza görə hər şeyin öz axarı ilə gedəcəyini düşünməli, arxayınlaşmalıyıq. Hətta qardaş Türkiyənin özündə də Azərbaycan-Türkiyə münasibətlərinin pozulmasını istəyən, bizi bir-birimizin gözündən salmağa çalışan qüvvələr var. Və onların sayı düşündüyümüzdən xeyli çoxdur. Sadəcə, münasibətlərin və ictimai rəyin indiki səviyyəsində iç üzlərini tam şəkildə ortaya çıxarmağa çəkinirlər. Hətta münasibətlərimizin ən yüksək səviyyədə olduğu zaman bu kəsiyində belə, ölkələrimiz arasında kiçik inciklərin yaradılmasına xidmət edən cəhdlərin olduğunu müşahidə edirik. Digər tərəfdən, qardaş Türkiyənin özünə də təzyiqlərin olduğunu nəzərə almalı və qarşılıqlı şəkildə önləyici tədbirlərin həyata keçirilməsi üçün daha çevik, daha ardıcıl bir fəaliyyət sərgiləməliyik. Düşünürəm ki, Türkiyə ilə bağlı qeyd etdiklərimi qismən də olsa qardaş Pakistanla münasibətlərimizə də aid etmək olar. Qazaxıstana gəldikdə isə bu ölkədəki səfirimizin Türkiyədəki diplomatik korpusumuzun başçısı təyin edilməsi Rəşad Məmmədovun öz vəzifəsinin öhdəsindən layiqincə gəldiyini nümayiş etdirir. Heç bir mübaliğəyə yol vermədən, onun Azərbaycanın Qazaxıstandakı səfiri kimi olduqca mürəkkəb və çətin bir dövrdə 2015-2021-ci illərdə öz qarşısına qoyulan vəzifələri uğurla icra etdiyini söyləyə bilərəm. Xatırlatmaq istəyirəm ki, bu müddət ərzində Aprel və Tovuz döyüşləri, qələbəmizlə nəticələnən Vətən müharibəsi baş verib və Ermənistanla eyni hərbi blokda təmsil olunan Qazaxıstan Azərbaycana və beynəlxalq hüquqa münasibətdə ədalətli mövqe sərgiləyib. Belarusa gəldikdə isə bu ölkə də bizim üçün mühüm önəm kəsb edir. Həmçinin Belarusdakı səfirlər bir qayda olaraq, həm də ölkəmizi MDB-də təmsil edirlər ki, bu da onlardan daha üstün keyfiyyətlər tələb edir. Elin Süleymanov çox yaxşı diplomatdır və onun Böyük Britaniyaya səfir göndərilməsi, çox güman ki, xarici siyasətimizin prioritetləri ilə bağlı məsələdir. Digər təyinatlar haqqında ətraflı danışıb, vaxt almaq istəmirəm. Çünki bütövlükdə bütün təyinatlar ümumi bir prosesin tərkib hissəsidir. Xarici siyasət müstəvisində diplomatiyadan çoxvektorlu hücum taksikasına keçid prosesinə şahidlik edirik və görünür, bunun üçün də səfirlərin daha üstün keyfiyyətlərə sahib olması zərurəti yaranıb”.
“Yeni Müsavat”