Bu barədə Bakupost.az -a müraciət edən sakinlər bildiriblər.
Şikayətçilərin sözlərinə görə, deputat kənd camaatının problemləri ilə maraqlanmır, onların həll olunması üçün heç nə etmir:
“Rayon çox pis vəziyyətdədir. Məktəb, xəstəxana, kənddəki yollar bərbad gündədir. Dəfələrlə deputat kimi ona müraciət etmişik ki, bu məsələlərlə maraqlanıb, öz seçicilərinin səsini aidiyyəti qurumlara heç olmasa çatdıra. E. Nəsirov isə bu məsələlərlə bağlı heç bir iş görmür. Tək biz yox, bütün rayon camaatı ondan narazıdır. Hamı deyir, belə olmaz, nəsə etməliyik. Çünki biz ona etimad göstərib deputat seçmişdik. Ümidli idik ki, rayonun problemlərini həll edəcək. Özü parlament iclaslarında neçə dəfə təklif verib ki, deputat sözü millət vəkili ilə əvəzlənsin. Bəs sən millətin vəkilisinsə, bizim problemlərlə maraqlan da”.
Sakinlər bildirib ki, kənd yollarının bərpası üçün çoxsaylı müraciətlər edilib, lakin o, yalınız öz yaşadığı evin qapısına qədər yolu asfalt etdirib:
“Kənd yollarının bərpası ilə bağlı neçə dəfə müraciət etmişdik. Amma bizim müraciətlərlə maraqlanmadı. Əvəzində yalnız evinin qapısına qədər olan məsafəyə asfalt çəkdirdi. Həmin yolda gülünc vəziyyət yaranıb. Asfaltlanmış yol gəlir, onun qapısının ağzında bitir. Bəs biz də o yollarda əziyyət çəkirik axı. Qışda palçıqdan maşınlar hərəkət edə bilmir”.
Həmçinin şikayətçilər qeyd ediblər ki, E. Nəsirov heç bir şəhid ailəsi ilə maraqlanmır, onların yas mərasimində belə iştirak etməyib:
“Bütün günü kəndin içindən 100-120 sürətlə maşınla gəlib-gedir. Allahın salamını belə vermir, düşüb insanlardan nəsə soruşmur, problemləri ilə maraqlanmır. Sadəcə adı var ki, Cəlilabadın deputatı Elman Nəsirovdur. Heç bir xeyrini isə görmürük”.
Məsələ ilə bağlı deputatla əlaqə saxladıq. Lakin o məzuniyyətdə olduğunu və müalicə aldığını bildirib suallara cavab verməkdən boyun qaçırıb.