PROBLEM: Tibbi sığorta var, xidmət yox… – “Bəzi ultrasəs müayinələrindən həkimə 60 qəpik- 1 manat pul hesablanır”
Son günlər sosial şəbəkələrdə İcbari Tibbi Sığortanın tətbiqində problemlərlə bağlı fikirlər səslənir.
Həmin fikirlərdə əsasən göstərilir ki, artıq ölkədə bir neçə müddətdir İTS tətbiq olunsa da, pasientlər bəzi xəstəxanalara getdikdə sistemin işləmədiyinin şahidi olurlar. Bu, hazırda İTS ilə bağlı fəaliyyətin düzgün qurulmaması ilə bağlıdır, yoxsa bəzi xəstəxanalar sadəcə buna əməl etmirlər?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirdilər ki, Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli Qərarı ilə icbari tibbi sığorta ölkə üzrə 3 mərhələdə tətbiq edilir:
“Birinci mərhələdə, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikası daxil olmaqla, 23 regionda – Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.
İkinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayon – Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulub. Üçüncü mərhələdə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığorta tətbiq edilir”.
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev isə bildirib ki, bu sahədə neqativ hallar var:
“Ancaq birtərəfli qaydada deyil. Təbii ki, müvafiq qurumun işində də çatışmazlıqlar var. Əsas çatışmazlıqlardan biri tibb işçilərinin məmnun qalmamasıdır. Yəni icbari tibbi sığorta əlavələri tibb işçilərinə vaxtında ödənilmir. Hətta mən eşitdiyimə görə, bəzi ultrasəs müayinələrindən həkimə 60 qəpik, bəzi hallarda 1 manat pul hesablanır. Bu cür gülünc rəqəmlər var.
Mən demirəm ki, həkimlərə gətirib çoxlu pul versinlər, sadəcə xidmət göstərən adamın işi yetərincə qiymətləndirilməyəndə, o, məmnun qalmayanda, onun göstərdiyi xidmətdə qüsurlar yaranır. Bu, hər sahədə belədir. Əsas məsələlərdən biri budur. Bununla yanaşı, bizdə icbari tibbi sığorta yeni tətbiq olunduğuna görə bu anlayış hələ insanların beynində tam oturuşmayıb. Bunun maarifləndirilməsi aparılmalıdır ki, pasientlər öz hüquqlarını bilsinlər. Onlara da xəstəxanalarda aldada, yalnış məlumat verə bilməsinlər. Bu sahədə həm tibb işçilərinin, həm pasientin maarifçiliyi artırılmalıdır”.
Həkim onu da vurğulayıb ki, əvvəllər tibbi xidmət kağız üzərində pulsuz idi:
“Ancaq məlumdur ki, 300 manatın müqabilində tibb işçisi keyfiyyətli xidmət göstərə bilməz. Xəstə tibb işçisinə “hörmət” edirdi və o da bunun müqabilində xidmət göstərirdi. İndi İcbari Tibbi Sığortada bu məsələ aradan qalxmalıdır. Əslində bunun aradan qalxması yaxşı bir haldır. Niyə xəstə həkimə gedəndə əlini cibinə salmalıdır? Bunun müqabilində sığorta əlavəsi yetəri qədər tibb işçisinə verilməlidir ki, normal fəaliyyət göstərə bilsin. Düzdür, sistem yeni dəyişilib. Biz hazırda ideal sistem tələbə edə bilmərik. Çatışmazlıqlar var, ancaq bir az çoxdur. Bunu aradan qaldırmalıyıq, xüsusilə də aidyyəti qurumlar buna çalışmalıdırlar”.