Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Vüsal Babayev barəsində ötən həftə həbs qərarı çıxarılarkən maraqlı hadisə baş verib.
Jurnalist Natiq Ədilovun yazdığına görə, proses zamanı Vüsal Babayev deyib ki, bu gündən aclıq aksiyasına başlayır, onun həbs edilməsi haqsızlıqdır, qanunsuzluqdur və s.
Bu zaman hakim Rafiq Abbasov qımışaraq ona müraciət edib: “Deyəsən, məni tanımadınız?”
Polkovnikin yaddaşından şikayəti olmasa da, qarşısındakı hakimlə nə vaxt, harada qarşılaşdığını xatırlaya bilməyib.
Natiq bəyin yazdığına görə, hakim bir əlinin beş barmağını yuxarı qaldıraraq onun yaddaşını oyandıracaq sehirli sözləri deyib: “Yadındadır, professorla yanına gəlmişdik, bundan istəyirdin”.
Məlum olub ki, Babayev vəzifəsindən sui-istifadə edərək, adı açıqlanmayan professorun uşağını çağırışdan saxlamaq üçün 5 min rüşvət istəyib.
Sizcə, sonra nə baş verib?
Təxmin etdiyiniz kimidir: Dağ boyda polkovnik vaxtilə kabinetinin önündə boynunu bükən çağırışçılar kimi məsum bir görkəm alaraq taleyin hökmüylə barışmalı olub.
Çünki artıq vəzifəsi, əlində səlahiyyəti yoxdur. Canavarlara xas iti dişləri indi heç yumşaq Bərdə pendirini də dişləməyə qadir deyil…
Çoxdanın söhbətidir. Hətta əminəm ki, nə vaxtsa bu mövzuda bir dəfə yazmışam…
Tanışlarımdan biri Ziya Məmmədovun vaxtında Nəqliyyat Nazirliyində müfəttiş işləyirdi. Əlində səlahiyyət olanda zavallı taksi sürücülərinə göz verib, işıq vermirdi. Metronun “Koroğlu”stansiyasının yaxınlığında şapalaqlamadığı sürücü qalmamışdı. İşdən çıxandan sonra quzuya döndü. Hər dəfə məni görəndə qorxa-qorxa Ziya Məmmədovun nə vaxt işdən çıxarılacağını soruşurdu. Söz deyəndə çiyinlərini qısıb, elə yazıq görkəm alırdı ki, sanki dünənə kimi zavallı taksi sürücülərini qapazaltı edən bu deyildi…
Milli Məclisin üzvü Eldəniz Səlimovu tanımayanlar da dünən tanıdı. Ötən il keçirilən parlament seçkilərində Xaçmazdan deputat təyin olunub. Bu yoldaş iki-üç gün əvvəl Xaçmazda vəzifə borcunu yerinə yetirən polis əməkdaşını döyməyilə gündəmə gəlib. Dərd orasındadır ki, döyməklə iş bitmir. Səlimov yoldaş polis əməkdaşına deyib ki, nə olsun mən səni döymüşəm, amma hamının yanında sən məndən üzr istəməlisən…
Pulun, deputat mandatının gücünü görürsünüz!
Mən bura yazıram, siz də yaddaşınızın bir küncünə yazın: Əgər gələn həftə Eldəniz Səlimovun mandatı əlindən alınsa, özü quzu kimi həmin polisdən üzr istəyəcək.
Bunların xarakteri belədir: Vəzifədə işləyəndə canavar, çıxanda quzu olurlar…
Seymur VERDİZADƏ