Manşet

“50 dərəcə isti olsa da, meşə özbaşına yanmaz” – EKOLOQDAN İLGİNC AÇIQLAMA

Son 1 həftədir dünya gündəmində koronavirusla yanaşı, ən çox müzakirə olunan mövzulardan biri də yanğınlardır.

Bəzi ölkələrdə meşə yanğınları kütləvidir. Bu yanğınların ən şiddətlisi qardaş ölkə Türkiyədə müşahidə olunur.

Hazırda bəzi ərazilərdə yanğın nəzarətə alınsa da, Marmaris, Muğla ərazisində yanğın şiddətli olaraq qalır. Türkiyədən sonra Yunanıstan və Rusiyada başlayan yanğınlara Azərbaycanda da rast gəlinir. Yardımlı, Lənkərandan sonra Quba və Şamaxıda da yanğın qeydə alınıb. Bəziləri yanğınların isti hava şəraitindən dolayı olduğuna inansa da, bəziləri silsilə şəkildə baş verən kütləvi yanğınların kənar qüvvələr tərəfindən törədildiyi fikrini irəli sürür. Qardaş ölkə Türkiyədə davam edən yanğınların kütləviliyi, qısa zamanda sürətlə yayılması hadisənin təxribat olması ehtimalı yaradır. Yanğınlar davam etdiyindən hadisənin səbəbini araşdırmaq, ərazidə tədqiqat aparmaq mümkün deyil.

Azərbaycanda da Yardımlı və Lənkəranda qeydə alınan yanğınlar qısa zamanda söndürülsə də, hazırda Şamaxıda yanğın davam edir. Maraqlıdır, yanğınlara səbəb nədir? Doğrudanmı isti hava şəraiti meşələrin yanmasına səbəb olur?

Cebhe.info-ya açıqlamasında ekoloq Telman Zeynalov bildirib ki, meşə yanğınları təxribatdır:

“Özü də elə-belə təxribat yox, iqtisadi təxribat. Çünki haradasa ağac kəsib nəsə istehsal ediləndə birinə icazə verilmir, başqasına icazə verilir. Beləliklə, rəqabət gedir. Ona görə də bəzən yandırırlar. Allah bu təbiəti elə qurub ki, 50 dərəcə isti olsa da, meşə özbaşına yanmaz. Çünki meşədə olan hava təzyiqi, rütubət, nəmişlik imkan verməz ki, alov bütün əraziyə yayılsın. İldırım bir ağacı vurub yandırar, lakin digər ağaclara alov keçməz. Bu, təbiətin qanunudur. Ancaq görürsünüz ki, yanğınlar həm iqtisadi, həm də siyasidir.

Bu, həm ekoloji, həm siyasi, həm də iqtisadi cəhətdən çirkin bir oyundur. Türkiyədə, Qara dəniz, Aralıq dənizi sahillərinin ətrafında olan ölkələrdə yanğınlar baş verib. Səbəb odur ki, həmin dövlətlər koronavirus dövründə sərhədləri açıblar və turistləri qəbul edirlər. Bu da ona görədir ki, iqtisadiyyat məhv olmasın, turistlər gələndə pul xərcləyir və dövlətin büdcəsini doldururlar. Buna görə də təxribat yaradıb meşəni yandırırlar ki, turistləri qaçırsırlar. Rusiyalı turistlərin əksəriyyəti Türkiyəyə gedirdi və oranın iqtisadiyyatına zərbə endirmək üçün yanğın törədiblər”.

Ekoloq Azərbaycandakı yanğınlara da toxunub:

“Masallı zonasında, Lənkərana gedən yolda 40 hektar sahə çay istehsalı üçün ayrılmışdı. Biz onun əleyhinə çıxdıq. Bu cür hadisələrdən sonra yanğınlar baş verməyə başladı, araşdırılmalıdır. Bir daha deyirəm, istəyir 50-60 dərəcə isti olsun, meşə özbaşına yanmaz. Rusiyada, Amerikada, Kanadada yanğın olmasını başa düşürəm. Çünki onlar arasında siyasi müharibə gedir. Lakin meşə özbaşına yanmır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir