Ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda metal biznesi deyilən bir sfera yaranmağa başladı.
Sovetlərdən qalma zavodları, fabrikləri, tramvay xətlərini, dəmir yolu relslərini, bir sözlə, gözə görükən nə varsa doğrayıb xaricə satmağa başladılar.
Yeri gəlmişkən, Naxçıvan ərazisindəki dəmir yolu xətlərini Ziya Məmmədov və o zamankı parlamentin sədri Rəsul Quliyev doğratdıraraq xarici ölkələrə xammal kimi satmışdı.
Hətta bununla bağlı o zaman Naxçıvan prokurorluğu cinayət işi də qaldırmışdı.
Yeri gəlmişkən, Şirvanın o zamankı icra başçısı Mərdan Camalov da rayonun prokuroru ilə əlbir olaraq Azəriqaza məxsus olan 3 min metr uzunluğundakı yeraltı qaz turbalarını kəsərək metallom kimi satmışdı.
Bir sözlə, bəzi məmurlar və vəzifəli şəxslər az qala barbar kimi ölkə ərazisindəki bütün əlvan və qara metalları xarici ölkələrə satırdılar.
Əlbəttə, zavodlar, fabriklər, tramvay və dəmir yolu relsləri bitəndən sonra metal mafiyası yeni bir yola əl atdı. Metal qəbulu məntəqələri işə düşdü. Küçələrdə, məhəllələrdə “metal yığıram, metal” səsi başa düşdü.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Birinci Qarabağ müharibəsində sıradan çıxmış hərbi sursatları, döyüş gedən ərazilərdəki şərab zavodlarındakı metal avadanlıqları da xammal kimi xaricə satanlar var idi.
Sözün qısası, “metal mafiyası” bu yolla milyonlar qazansa da, cəmiyyət üçün xeyli ciddi problemlər yaranmağa başladı.
Belə ki, kiminsə həyətindən samovarı, manqalı və daha nələri yoxa çıxmağa başladı.
Sonra metal oğruları küçədəki elektrik kabellərini, qaz turbalarını kəsib satmağa başladılar. Ara-sıra bu oğrular ələ keçsə də metal mafiyası işini dayandırmırdı.
Metal məntəqələri əldə edilmə mənbəyi məlum olmayan, yəni oğurluq, qanunsuz yolla əldə edilmiş metal məmulatları qəbul edirdilər.
Bir soruşan olmurdu ki, bu metalları haradan əldə etmisən.
Hətta kiminsə kondisionerini oğurlayıb məntəqəyə verənlər də olurdu.
Heç kimdən hətta şəxsiyyət vəsiqəsi tələb olunmurdu.
Bundan əlavə elə metallar var ki, radiasiya baxımından çox təhlükəlidir. Kimə deyirsən ?
Metal mafiyası bu işə yeniyetmələri də cəlb etmişdi.
Bu günədək neçə yeniyetməni tranformatorlardan kabel kəsəndə cərəyan vurub öldürüb.
Bəli, bu cinayətkar əməllər bu gün də davam edir.
Yenə də vətəndaşlar həyətlərindən kabellərin kəsilməsi, elektrik avadanlıqlarının oğurlanması, köhnə metal əşyaların yoxa çıxması barədə şikayətlər edirlər. Amma ortada nəticə yoxdur.
Bizə elə gəlir ki, bu xaotik metal qəbulu məntəqləri yığışdırılmalı və bu məsələ dövlətin nəzarətinə keçməlidir. Yoxsa, metal qırıntısı toplayanların cinayətləri davam edəcək. Digər tərəfdən həmin metalları emal edən əritmə sexləri kustar vəziyyətdə olduğu üçün ətraf mühit üçün çox təhlükəlidir.
Yeri gəlmişkən, bu yaxınlarda işğaldan azad edilmiş rayonlardan birinə səfərimiz zamanı keçmiş kolxozun traktor parkına rast gəldik.
Söhbət təkcə traktor parkından getmir. İşğaldan azad edilmiş ərazilərimizdə “metal mafiyası” yenidən işə düşə bilər.
Biz yuxarıda Birinci Qarabağ savaşı zamanı metal, sıradan çıxmış hərbi sursatlar məsələsini əbəs yerə qaldırmadıq.
Bu gün də azad olunmuş ərazilərimizdə kifayət qədər “metallom”, hətta hərbi silah-sursat qalıqları var. Bütün bunlar toplanıb dövlətə təhvil verilməlidir.
Və yalnız bunla biz “metal mafiyası”nın cinayətlərinin qarşısını ala bilərik. //gundelik-baku.com//