Manşet

Vasif Talıbovun internetini KİM BAĞLADI? – İLGİNC İDDİA

[b]Bugünlərdə Hurriyyet.az-da “Naxçıvanda müəllimlərə pivə qonaqlığı qarşılığında imtahan sualları təklif olunub” başlıqlı yazı yayımlanıb. Qeyd edək ki, sözügedən məqalədə Naxçıvan Muxtar Respublikasında Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları zamanı yaşanan neqativ hallara toxunulub. Belə ki, hər müəllim imtahanda iştirak etmək üçün banka 35-40 manat ödəsə də, imtahan zamanı əksər suallar qeyri-ixtisas fənninə aid olub, tamamilə fərqli mövzuları əhatə edib. Bir çoxunun isə ümumiyyətlə, təhsilə aidiyyəti olmayıb.
[/b]
O da bildirilir ki, həmin müəllimlər 6 ay sonra yenidən imtahan verməli olublar. Bu zaman da onlardan məcburi qaydada 35-40 manat “rüsum” alınıb. Müəllimlər təkrar imtahan verməkdən imtina etdikdə, onlara bildirilib ki, imtahanda iştirak etməyənlər dərhal işdən azad olunacaq. Beləcə, təkrar imtahan zamanı da sullar qeyri-peşəkar hazırlandığından və təhsilə heç bir aidiyyəti olmadığından, 315 nəfər savadlı müəllim öz işini itirib. Bundan başqa, musiqi məktəblərində müəllimlərin qanuni şəkildə işlədikləri son ayların maaşı da verilməyib və bildirilib ki, nazir pul toplamaqla bağlı onların qarşısına öhdəlik qoyub.

Ən qəribə, daha doğrusu utancverici məqam isə odur ki, musiqi məktəblərindən birinin xanım əməkdaşına pivə qonaqlığı verəcəyi təqdirdə imtahandan keçiriləcəyinə dair vəd verilib. Belə ki, “Nazirliyimizdəki Mədəniyyət şöbəsinin müdiri və əməkdşaları ərimin dostlarıdır, onlara pivə qonaqlığı verərsən, sənin işin olmasın, imtahandan keçirəcəm”, – deyə müəyyən səbəblərdən adını açıqlamadığımız xanım bildirib. Onun sözlərindən belə aydın olub ki, bəzi müəllimlər ya tanışlıqla, ya da pul qarşılığında imtahandan öncə sulları əldə edə bilib, nəticədə isə yüksək bal toplayıblar.

Bu arada, məsələ ilə bağlı əldə etdiyimiz ən son məlumatda isə deyilir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova yaşanan olayı ört-basdır etmək, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Hurriyyet.az-da yayımlanan “Naxçıvanda müəllimlərə pivə qonaqlığı qarşılığında imtahan sualları təklif olunub” başlıqlı yazını görməməsi üçün muxtar respublikadan saytımıza girişi əngəlləyib. Təbii ki, Natəvan Qədimovanın Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yardımları olmadan Hurriyyet.az-ı bloklaması, yəni muxtar respublika ərazisində saytımıza girişi qapatması praktiki cəhətdən mümkün deyil. Onun nədən belə bir addım atdığı ilə maraqlananlara bildirmək istərdik ki, bunun başlıca səbəbi Vasif Talıbovun qəzəbinə tuş gəlmək qorxusudur. Çünki Vasif Talıbov bu və bunabənzər digər neqativ hallara, qanun pozuntularına, rüsvayedici məqamlara olduqca kəskin təpki verir, bu cür işlərdə birabaşa, eləcə də dolayısıyla iştirakı olan məmurları sərt şəkildə cəzalandırır. Görünür, elə bu səbəbdən də Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova müəllimlərə pivə qonaqlığı qarşılığında imtahan sualları təklif olunmasını Hurriyyet.az-a girişi bloklamaqla Vasif Talıbovdan gizlətməyə çalışıb. Ancaq bu, olduqca bəsit və mənasız addımdır. Çünki saytımıza girişi bloklamaqla sözügedən informasiyanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrindən gizlətmək mümkün deyil. Onun digər qaynaqlardan da bu məlumatı almaq imkanı var və görünən odur ki, artıq informasiya Vasif Talıbova çatdırılıb. Elə buna görə də artıq bu dəqiqələrdə muxtar respublika sakinlərinin Hurriyyet.az-a daxil olmasına qoyulan maneə aradan qaldırılıb. İndi qalır 315 nəfər savadlı müəllimin işini itirməsinə səbəb olan, buna şərait yaradan və məsuliyyət daşıyan şəxslərin cəzalandırılması. Ümid edirik ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ənənəsinə sadiq qalaraq, qısa müddət ərzində bununla bağlı sərt qərar qəbul edəcək və müəllimlərə pivə qonaqlığı qarşılığında imtahan sualları təklif edənləri, həmçinin 315 nəfərin işsiz qalmasına səbəb olanları cəzalandıracaq.

Hurriyyet.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir