Şəhidimizin anım tədbirində qandonduran mənzərə: Çarəsiz ananın fonunda gülümsəyən icra başçısı…
Şəhid qanı, şəhid adı hər bir azərbaycanlı üçün müqəddəsdir, onları əbədiləşdirmək, xatirələrini yaşatmaq və gələcək nəsillərə ötürmək bizim əsas vəzifəmizdir.
Bizim kimi şəhidlərini baş tacı etmiş bir xalq üçün şəhidlərimizlə bağlı istənilən məqam çox həssasdır.
Bu gün 21 yaşında şəhidlik zirvəsinə ucalmış, leytenant Əliyev Samir Əliheydər oğlunun doğum günüdür.
Bu münasibətlə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimi keçirilib. Açılış mərasimində icra başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, şəhid anaları, 55 saylı tam orta məktəbin pedaqoji və şagird heyəti, Samir Əliyevin hərbiçi yoldaşları iştirak ediblər.
Bu ana qədər hər şey olduqca anlamlı və xalqımızın şəhidinə verdiyi dəyəri əks etdirəcək şəkildə nəzərə çarpır. Ta ki, bütün bu sadalanan müsbət məqamların fonunda tədbirdə çəkilmiş bir foto diqqətimizi çəkənə qədər.
İnsanın qanını donduran, şüurunun, dərrakəsinin qəbul edə bilmədiyi və ikrah hissi doğuran bir foto
Foto Suraxanı RİH-in ərsəyə gətirdiyi həmin o tədbirdəndir. Şəhidin gözüyaşlı anası masanın arxasında dayanıb, masanın üzərində isə dəhşətli bir mənzərə. Dəhşətli ona görə ki, guya kreativ düşüncənin məhsulu olaraq ortaya qoyulan bir tort var. Üzərində şəhidimizin müqəddəs hərbi formasında rəsmi həkk olunub. Ən pisi isə bilirsiniz nədir? Vətən yolunda balasını qurban vermiş bir anaya bıçaq uzadılıb ki, al, bu tortu kəs. Rəmzi məna daşısa belə, üzərində balanın, özü də qəhrəman, şəhid balanın rəsmi olan tortu öz əllərinlə böl ki, ətrafında toplaşanlar gördükləri işin bəhrəsindən qürrələnsin, fəxrlə özlərini alqışlasınlar.
Fonda isə Suraxanı rayon icra başçısı Əziz Əzizovun gülümsəyən simasını görməmək mümkün deyil. Görünür, icra başçısı şəhidimizin xatirəsinin əbədiləşdirilməsi üçün təşkil etdiyi mərasimdən razı qaldığı üçün bu cür dayanıb. Hələ üstəlik şəhid anasının başı üzərində dayanan, bəlkə də şəhidimizlə çiyin-çiyinə döyüşən hərbçimiz də ana ilə birlikdə həmin o bıçağı əlinə alıb, şəhidimizin rəsminə tuşlayıblar. Ananın necə əzab çəkdiyi bu şəkildən belə o qədər hiss olunur ki. O, hərbi geyimdəkilər isə sadəcə bu tədbirin təşkilatçılarının istəyi ilə bunu edir, bəlkə də, həmin an hansı mənzərənin bir parçası olduqlarını anlamırlar.
Biz isə anlayırıq və anladığımız üçün ruhumuza əzab verən, dərk edə bilmədiyimiz bu mənzərənin açıqlamasını tələb edirik…
Bu dəhşətli, qandonduran mənzərə ola bilər ki, bu cür mərasimin təşkilini üzərinə götürən, bunu həyata keçirən Suraxanı RİH başçısının da diqqətindən yayınıb, icra başçısı şəhidinin bir damla qanı üçün hər şeyindən keçə biləcək bir xalqın həssaslığına biganə yanaşıb.
Bəs onun saysız-hesabsız müavinləri, ətrafında onu müşayiət edən şəxslər, orada bircə nəfərin belə diqqətini çəkmədimi bu qorxunc mənzərə? Şəhid anasına övladının doğum günündə bunumu rəva bilir Əziz Əzizov və tabeliyindəkilər? Şəhid anasının qarşısına öz övladının rəsmi olan tortu qoymaq və ondan bu tortu doğramasınımı istəyirlər? Bəs yaxşı o tortu kəsdikdən sonra necə oldu?
Şəhidimizin rəsmi həkk olunan həmin o ləziz tortu kim yeyəcək cənab icra başçısı? Sizin və orada topladığınız onlarla adamın yediyi hər dilimdə o ananın gözləri qarşısında şəhid övladınımı parçalayırsınız? Bu sadə, ancaq həssas məqamı düşünməkdən aciz insanlarla necə belə bir addımı ata bilmisiniz?
Mənzərə utancvericidir, mənzərəyə bizim yanaşmamız isə fotonun sol küncündəki başı örpəkli anamızda olduğu kimi oldu…
Allah şəhidlərimizə rəhmət eləsin, onların xatirəsini belə, səriştəsiz, düşüncəsiz insanların əlinə buraxmasın!
Orxan Tağıyev
Oxu.az