Manşet

Azərbaycanda Məhərrəm ayı BAŞLAYIR

Bu gün Azərbaycanda Məhərrəm ayı başlayır.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u – Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.

Qeyd edək ki, QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar vətəndaşlara müraciət edib.

Müraciətdə qeyd olunub ki, Məhərrəmlik bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək:

“Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə edirlər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir”.

Eyni zamanda, qeyd edilib ki, son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir:

“Ümidvarıq ki, inşAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında İmam Hüseyn xatirinə ehsan niyyəti ilə qan verəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib.

QMİ-nin yerlərdəki qazıları, səlahiyyətli nümayəndələri və imamları bu Müraciətin müddəalarını dindarların nəzərinə çatdırmalı, müvafiq dövlət qurumları ilə əməkdaşlıq və koordinasiya edərək, dini ayinlərin operativ qərargahın qayda və tövsiyələrinə riayət olunması şərti ilə yerinə yetirilməsini təmin etməlidirlər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir