Muğam xalqımızın milli sərvəti və bəşəri musiqisidir. 2010-cu il 26 avqust Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qərar qəbul olunur və həmin qərara əsasən hər il avqust ayının 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Və bu qərar bir daha təsdiq edir ki, muğam bəşəri musiqidir. Həmçinin bu tarix, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər, xüsusilə muğamsevərlər üçün sözün əsl mənasında ən əziz bayramdır. Muğam Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Muğam sözü iran-ərəb-türk dilində işlənilən “məqam” sözündən yaranmışdır. “Məqam” sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas mayə, yəni notu alətin bir pərdəsində olduğuna görə bu ad verilmişdir. Muğam təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.
Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır.
Muğam Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları dəsgah (vokal-instrumental və ya sırf instrumental növlər), muğam (vokal-instrumental, solo-instrumental və solo-vokal növləri) və zərbi-muğamdır.
Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında dəsgah öz miqyasına və bədii ideyasına görə ən böyüyüdür. Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər yürüdənlər Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov da XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.
Muğam elə bir sənətdir ki, onun konkret bəstəkarı yoxdur. Muğam sadəcə hansısa bəstəkar tərəfindən bəstələnmiş sadə bir musiqi və ya avaz deyil. Muğam elə unikal bir vasitədir ki, birbaşa insanın psixologiyasına müəyyən təsirlər göstərir və insan ruhunu oxşayır. Diqqət yetirsək görərik ki, insanların çoxu muğam dinləyərkən sanki başqa bir aləmə dalır. Hələ muğam dərin fəlsəfi məna daşıyan
poeziyaya əsaslanan bir muğam olarsa onu diqqətlə dinləyərkən, Füzuli, Nəsimi, Seyid Əzim Şirvani və başqalarının qəzəllərinin mənası üzərində düşünərkən, insanın sehrli bir aləmə dalmaması, keçirdiyi hisslərin həmin muğamın musiqi obrazlarına uyğun gəlməməsi qeyri-mümkündür. Muğam o qədər heyrətamiz bir musiqidir ki, bütün hallarda bizim daxili ovqatımıza təsir edir. Sanki muğam bizi həyatımızın hər yerində müşayiət edir ona görə ki, istər kədərli, qəmli, qüssəli istərsə də sevincli, sevgidolu anlarımızda olsun o, hər zaman yerinə düşür. Muğamın başqa bir özəlliyi bundan ibarətdir ki, onu dinləyən zaman insana ruhi saflıq və ucalıq bəxş edir, həmçinin ən qədim dövrlərdən bu günə kimi öz dəyərini saxlayıb və bunlarla yanaşı gələcəyə dayaq, bir növ körpü olub.
Muğam bir mücərrəd fikir kimi mövcuddur və ifa edilməyənə qədər olmur. İfaçı ona nəfəs verir.
Muğam insanın ruhunu oxşayan ifa olmaqla yanaşı həmçinin dinləyicinin qəlbində ülvi duyğular oyadır, onu xəyallar aləminə aparır, ruhlandırır bir sözlə feyziyab edir, təbii ki, yalnız bacarıqlı və gözəl səsə malik xanəndə tərəfindən ifa edilən muğam insan qəlbinin sarı siminə toxunub onu başqa aləmə apara bilər. Çünki muğam ifaçılığının keyfiyyət meyarı, muğam ifa edən xanəndənin peşəkarlığı və ən əsası gözəl səsə malik olmasıdır, məhz bunlar sayəsində muğam daha əsrarəngiz olur.
Muğam dünyada mövcud olan digər musiqi janrlarından çox fərqlidir, ona görə ki, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında, həmçinin hazırkı dövrə kimi gəlib çatmasında çox əhəmiyyətli rol oynayıb. Muğam Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Elə bizim eranın VI əsrində Azərbaycanda Ərdəbildə muğamların ifa olunması sübut edir ki, muğam sənəti ərəb ölkələrində yayılmamışdan əvvəl Azərbaycan və İranda mövcud olub. Onu da qeyd etmək lazımdır ki, muğam ifaçılığının Azərbaycanda intibah dövrünü yaşamasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu böyükdür. Çünki Azərbaycan muğamının müasir tarixində məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər əhəmiyyətli rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir. Bu gün Avropanın böyük dövlətlərinin, ABŞ-ın bir çox ştatlarının, Yaxın Şərq və Orta Asiya ölkələrinin səhnələrində Azərbaycan muğamı çox sevilərək dinlənilir və alqışlarla qarşılanır. Onu da xüsusi diqqətə çatdırmaq lazımdır ki, Niyazinin “Rast”, Fikrət Əmirovun sözün həqiqi mənasında sensasiyaya çevrilmiş “Şur”, “Kürd ovşarı”, “Gülüstan-Bayatı Şiraz” əsərləri o vaxta qədər mövcud olmayan simfonik muğam janrının ilk nümunələri kimi bütün musiqi dünyasını heyran edib. Təsadüfi deyil ki, son illərdə İngiltərə, Fransa, Almaniya, Yaponiya və ABŞ-da muğama maraq xeyli artıb, bu ölkələrdə muğamı çox yüksək səviyyədə qəbul edirlər. Bütün bu faktlar onu deməyə əsas verir ki, qədim Azərbaycan muğamı bu əsrin əvvəlinə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf edib, mədəni
dəyərlərin yüksək bədii ifadə formasına çevrilib. Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.
Cavadzadə Seyid Sürayə