Manşet

“Ramiz Mehdiyev və Əli Həsənov irsi yaşayır və fəaliyyət göstərir” – İTTİHAM

“Yazanda ki, Ramiz Mehdiyev və Əli Həsənov irsi yaşayır və fəaliyyət göstərir, çoxları məni qınayırdı. Yazdıqlarımı indi konkret faktla diqqətinizə çatdırım. Bu günlərdə Ağstafa rayonundan olan şəhid, Vətən Qəhrəmanı Azər Yusiflinin adının əbədləşdirilməsinə və ailəsinə olan biganəlikdən yazmışdım. Yazıdan dərhal sonra Ağstafa icra hakimiyyəti öz səhifəsində yekə bir bəyanat yazıb məni yalanda, qərəzçilikdə suçladı. İttihama konkret faktlarla cavab verdim və səhifəni izləməyə başladım. Dərhal əvvəllər YAP-ın Gənclər təşkilatının sədri olmuş, icra başçısı Seymur Orucovun trol dəstəsi Ağstafa icra başçısı haqqında təriflər yağdırmağa başladılar. Buna baxmayaraq şəhidin doğmaları yazımda göstərdiyim faktları təsdiqlədilər və icra başçısı və onun trol dəstəsinin yalanlarını ifşa etdilər. Buna dözməyən S.Orucov bəyanatın şərh bölümünü bağlatdırdı və şəhidin doğmalarının, vətəndaşların onu ifşa edən bütün rəylərini sildirib ancaq trol dəstəsinin təriflərini saxladı. Səhifələrimi izləyənlər bilirlər ki, bütün rayonlarla bağlı yazılarım olub, ancaq heç birinə belə aqressiv reaksiya görməmişdim”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“İndi isə daha ətraflı adı çəkilən “irs” barədə. Ağstafanın icra başçısı Seymur Orucov 1984-cü ildə anadan olub, 2007-ci ildə qayınatası Şəmsəddin Hacıyevin rektor olduğu İqtisad Universitetində magistr dərəcəsi alıb və artıq 2009-cu ildə həmin Universitetin prorektoru vəzifəsini tutub. Həmin il də YAP Gənclər Təşkilatının sədri seçilib. Seymur Orucovun dayısı Səttar Mehbalıyev isə 1990-cı illərdən Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, elə o vaxtlardan Milli Məclisin deputatıdır. Ən başlıcası isə S.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, bu yaxınlarda “qoz kimiyəm” deyən Əli Həsənovla qudadırlar. Bu şəxs də hansısa fitri istedadına görə yox, məhz bu qohumluq əlaqəsinə görə ildırım sürəti ilə irəliləyib. Bəziləri isə bu təyinatı bizə islahatları həyata keçirmək üçün gənclərin vəzifəyə gətirilməsi kimi təqdim etməyə çalışırlar. İndi başa düşdünüz ki, qeyd olunan irs yaşayır və fəaliyyətdədir” – A.İsmayılov qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir