Cəmiyyət

Yasamlın Elşad Həsənov adlı DƏRDİ VAR… – NARAZILIQ!

Ölkədə aparılan kadr islahatları nəticəsində gənclərin yüksək vəzifələrə təyin olunması, onlara etimad göstərilməsinə başlandı. Qocalmış,kresloda yaşlanan məmurların yerinə gənc, potensiallı, əksər hallarda xaricdə təhsil almış şəxslərin gətirilməsi hamıda ümid yaratdı. Ağılın yaşda deyil başda olduğu faktı bu dəfə də özünü doğrultdu. Bir çoxlarının işinə baxanda düşünürsən ki, yaxşı işləmək üçün heç də gənc olmaq kifayət deyil.

Problemlər girdabında boğulan Yasamal rayon sakinləri də Elşad Həsənovun icra başçısı təyinatından sonra uğurlu gələcək haqqında xəyallar qururdular. İnanırdılar ki, parlamentdə oturduğu müddətdə susqunluğu ilə məhşurlaşan E.Həsənov icra başçısı kimi az danışıb çox iş görənlərdən olacaq. Neynəyəsən ki, yasamallıların bu arzusu da ürəklərində qaldı. İndi E.Həsənov nə danışır, nə də iş görür.
“İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünüz izləyəcəksiz. Əlimdən gələni əsirgəməməyə çalışacam. Bu təyinata görə bir daha dövlət başçımıza minnətdarlığımı bildirirəm. Mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”. Vəzifəyə yeni təyin olunanda medyaya verdiyi açıqlamada belə demişdi E. Həsənov. Fəqət keçən zaman müddətində nəinki ona həvalə lunan işin öhdəsindən gəlmədiyi, hətta sosial-iqtisadi problemlərin bir az da dərinləşdiyinin şahidi oluruq.
Ümidləri doğrulmayan yasamallılar ötən müddətdə rayonda heç bir inkişafın şahidi olmasalar da torpaqların qarış-qarış satılmasının şahidi olublar. Bu gün Yasamal paytaxtın ən sıx məskunlaşan regionudur. Boş ərazilərin satılıb qurtarması səbəbindən artıq səkilər də satışa çıxarılıb.
E.Həsənovun təyinatından böyük ümidlər gözləyən Sovetski sakinlərinin də arzuları elə məhəllələrinin xarabalıqları altında dəfn olundu. Evləri sökülənlərin bu dəfə ümidlərini də sökdülər. Onların nəinki problemi həll olundu, heç yeni başçının düz-əməlli üzünü də görmədilər ki, dərdlərini desinlər.
Son zamanlar Yasamal ərazisində hansısa abadlıq-quruculuq işlərinin aparılması barəsində də danışmaq olmaz. Çünki yolları uçub dağılan, məhəllələri zibilxanaya dönən rayonda nədənsə buna ehtiyac görmürlər.
Rayonda apardığımız müşahidələr, sakinlərdən eşitdiyimiz şikayətlər belə qənaətə gəlməyə imkan yaratdı ki, Yasamalda vəziyyət heç də ürəkaçan deyil. Prezidentin etimadını doğrultmayan, rayon sakinlərinin arzularını puç edən E. Həsənovun fəaliyyəti tamamilə fiaskoya uğrayıb. Parlamentdə “susmaq qızıldır” prinsipi ilə fəaliyyət göstərən E. Həsənovun bu metodu yasamallılara yaman baha başa gəlir.

RUBRİKA.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir