Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı AR Nazirlər Kabinetinin «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» Qərarı ilə təsdiq edilib.
Bundan başqa, AR Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.
Lakin şox təəssüflər olsun ki, respublikamızda hətta ölkənin gəlirlərini formalaşdıran əsas istehsal sahəsi olan neft sektoru müəssisələrində və onlarla tərəf müqabili kimi çıxış edən şirkətlərdə belə bu şərtlər gözlənilmir. İşçilərə artıq işlədikləri saatların haqqı, zərərli şəraitə görə artımlar ödənilmir, onların qida menyusuna spesifik əlavələr edilmir, hətta əməkdaşların tibbi sığortadan belə faydalanmalarına imkan yaradılmır. Əmək bazarında tələb təklifi üstələdiyi üçün davamlı basqı altında qalan işçilər iş yerlərini itirməmək üçün bütün bu sadlanan məhrumiyyətlərə dözmək məcburiyyətində qalır, nəhayətdə sağlamlıqlarını, əmək qabiliyyətlərini erkən itirirlər.
Gədəbəy rayonunun Fərzalı kənd sakini, 1983-cü il təvəllüdlü Quliyev Samir Mübariz oğlu “Dəryaz” qəzetinin redaksiyasına gəlrək iş yerində rəhbərlik tərəfindən məruz qaldığı hüquqpozmalardan şikayətlənmişdir. Vətəndaş S.Quliyev bildirir ki, o, 2020-ci il sentyabrın 9-da Heydər Əliyev adına Neft Emalı Zavodunda sifariş yerinə yetirən “Prokon” MMC-yə qəlibçi kimi işə qəbul olunmuşdur. İşə qəbul öncəsi onu və digər işəgötürülənləri “Nəbz” Klinikasına sağlamlıq vəziyyəti haqda arayış almaq üçün göndəriblər. Quliyev xatırlayır ki, Klinikada müayinə olunduğu vaxt onun səhhət durumunda heç bir nöqsan aşkarlanmayıb.
Lakin 2021-ci ilin mart ayında Samirin qarnında yırtıq (qrıja) yaranıb və dözülməz ağrı verdiyindən, sahə rəisinə məlumat verib. Quliyevin sözlərinə görə, sahə rəisi ona əmək gününü yazacağını söz verib, bir şərtlə ki gedib öz hesabına müalicə alsın. Quliyev işini itirməməyin dərdindən tibbi sığorta söhbəti etməyib. Bildirir ki, Qaradağ rayonunun Sahil qəsəbəsindəki xəstəxanada 17 gün tam müalicə alıb. Xeyli müddət işləyəndən sonra qıçında şiş əmələ gəlib, görmə qabiliyyətinin də əvvəl 20 faizini sonra isa tam itirib.
Buna baxmayaraq, onu yenə xəstəxanaya göndərməyiblər, əksinə. Işdən çıxaracaqları ilə qorxudublar. Onun sözlərinə görə, şirkətdə fəhlə və ustalara çox ağır qazıntı, betontökmə işi gördürürlər. Burada 5-6 nəfərin işini 2-3 nəfərə yükləyirlər. Üstəgəl, zəhərli qazların təsirindən fəsadlar yaranır. Xatırlayır ki, keçən il hətta qapalı sahədə işləyən bir qrup işçi etil qazından kütləvi surətdə zəhərlənibmiş. İşçilərə zəhərin ahəstə təsirini azaltmaq üçün ağartı məhsullarını (süd-qatıq) normativə uyğun miqdarda və keyfiyyətdə vermirlər.
Quliyev deyir ki, müqavilə üzrə səhər saat 9-dan axşam saat 17-yə kimi işləməli olsalar da, onları 8-in yarısından axşam saat 18-ə kimi işləməyə məcbur edir, artıq saatların pulunu isə vermirlər. Şirkətdə onların üstündə durmalı və işlərə rəhbərlik etməklə vəzifələndirilmiş mühəndislər özləri isə saat 10-11 radələrində işə gəlir, gündüz saat 15-16 həndəvərində çıxıb gedirlər. Özlərinin də heç nədən başları çıxmır, iş bacarmırlar.
İnternet üzərindən axtarış edərək aldığımız nəticədən görünür ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services şirkətinin Azərbaycanda 2012-ci ildə tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi 2012-ci ildə yaradılan PROKON qısa müddətdə tikinti sənayesində genişmiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən birinə çevrilmişdir. Məlumata görə, PROKON guya həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir və şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyoru” statusuna layiq görülüb. Maraqlıdır, əmək qanunvericiliyinin tələblərinə riayət etməyən müəssisə necə şəffaf vergi ödəyicisi ola bilər?
Samir məhkəməyə müraciət etmək qərarına gəlib.
Mövzuya qayıdacağıq. //deryaz.az//