Əslində 44 günlük müharibə zamanı Gəncəyə atılmış roketin düşdüyü əraziyə gedən çəkiliş qrupu təkcə biz deyilik. Yerli televiziya kanallarından da izləyib görürük ki, bir çox televiziya kanalları da sözügedən ərazidə olub, oradakı dağıntıları, düşmən terrorunun vurduğu ziyanı lentə alıblar. Lakin, ərazidə yaşayan sakinlərin dili ilə desək, “hərəsi bir kadr götürüb, üstünə ağlamalı musiqi qoyub efirə veriblər”. Daha sakinlərin narazılıqlarını, yerli İcra Hakimiyyətinin, həmçinin digər səlahiyyət sahiblərinin haqsızlıqlarına olan etirazlarını işıqlandırmağı, aidiyyəti qurumların diqqətinə çatdırmağı nədənsə lazım bilməyiblər.
Odur ki, “DogruXeber.az” informasiya agentliyinin çəkilmiş qrupu terror nəticəsində zərərçəkmiş sakinlər üçün “göydəndüşmə” oldu.
İlk qarşılaşmadan bizi göz yaşları ilə qarşılayan ata, Yusubov Yunus deyir: “Terror zamanı evdə olan qızım Yusubova Maral Yunus qızı dünyasını dəyişib”.
Terror qurbanı olan mərhum Yusubova Maral Yunus qızının qardaşı Yusubov Abduləli gileylənir ki: “Bacım terror zamanı dünyasını dəyişdi, evimiz tamamilə dağıldı, həmçinin həyətdə yarımçıq tikilimiz var idi, o da dağıldı. İndi dağılan evimiz aşağı tikilib. Hansı ki, burda elə adamlar var ki, onların yerində ikimərtəbəli ev tikdilər. Bizi heç nəzərə almadılar. Yarımçıq tikilimizi ümumiyyətlə qeydə almadılar. Yerinə qum tökdülər. Hara şikayət edirik baxmırlar. İcra Hakimiyyətinə dəfələrlə getmişik. Qəbul etmirlər. Kömək etmirlər”.
Yeri gəlmişkən onu da qeyd edək ki, zərərçəkmiş sakinlərin bir şikayəti də ondan ibarətdir ki, “Dağıntı baş verən zaman gəlib hamıya dəymiş ziyan hamısı bir-bir qeydə alındı və akt tərtib olundu. Lakin, bir müddətdən sonra gələndə gördük, bizdən xəbərsiz çox şeylər aktdan çıxarılıb”.
Həmçinin digər şəhər sakini Nağıyev İsgəndər Eldar oğlu deyir: ” 17 oktyabr 2020-ci il tarixində Ermənistan tərəfindən atılmış roket zamanı, evimiz evimiz dağılıb. Həyat yoldaşım Nağıyeva Nadejda Vladimir qızı dağıntılar altında qalaraq kəllə-beyin travması alıb. Eyni zamanda güclü stress, həyəcan yaşayıb. Bu səbəbdən də səhhətində ciddi problemlər yaranıb. Ölkədəki bütün xəstəxanalara aparmışam. 15.000 (on beş min) manatdan çox pul xərcləmişəm. Daha, müalicələrini davam etdirmək üçün maddi gücüm qalmayıb. Odur ki, bununla bağlı İcra Hakimiyyətinə müraciət etdim. Mənə cavab verdilər ki, “o bizim vətəndaşımız deyil. Ona görə kömək edə bilmərik”.
Bir şəhər rəhbərliyinin, dövlət məmurlarının vətəndaşa verdiyi bu məntiqsiz cavab, həm də iki ölkənin vətəndaşlarını biri-birinə düşmən etməyə yetəcək qədər qərəzlidir.
Bu cavabı verənlər nələrə şərait yaratdıqlarının, nələrə çağırış etdiklərinin fərqində belə deyillər bəlli ki.
Belə çıxır ki, xaricdə yaşayan azərbaycanlıların hər hansı biri yaşadığı ölkədə hər hansı bir xəsarət alarsa, yaşadığı ölkə ona sahib çıxmamalı, oturub ölümünü izləməlidir,?!
Əslində nəyinki Gəncə sakinlərini, ümumiyyətlə ölkəmizin bir çox bölgələrində yaşayan sakinləri narazı salan, dövlətə, dövlətçiliyə qarşı qaldırmağa çalışın bu cür məntiqsiz düşüncələrə sahib məmurlardır.
Ümid edirik ki, dövlət başçısı Cənab İlham Əliyev bu kimi işəyaramaz məmurlar barəsində lazımi tədbirlər görəcək, gərəkən sərəncamlara imza atacaqdır.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az