Cəmiyyət Manşet

Kür çayının əcəb seyrangaı… YOXDUR! – ETİRAZ

Əhali sayına görə Azərbaycanın dördüncü böyük şəhəri hesab olunan Mingəçevir Kür çayının sahilində yerləşir. Elə şəhərin gəzməli, görməli yeri də məhz bu sahildir.

Mingəçevirə gələn qonaqlar mütləq Kürün sahilində salınmış parka baş çəkir. Son illər sahildə tikilən otel, kafe və restoranların hər nə qədər istirahət imkanlarının artmasına səbəb olduğu deyilsə də, yerli sakinlərin əksəriyyəti bu vəziyyətdən narazıdır. Səbəb də bu tikililərin çayın içərisinə doğru getməsi, çayın görünüşünün qarşısının alınmasıdır.

Bu vəziyyətə etiraz edən 117 şəhər sakininin imzası ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə, Prezident Administrasiyasına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ərizəsi göndərilib.

“Tikinti məcburi dayandırıldı”

Şikayətçilər arasında regionda fəaliyyət göstərən “Kanal 32” İnformasiya Agentliyinin rəhbəri İnqilab Şirinbəyli də var. İnqilab Şirinbəyli Meydan TV-yə deyib ki, bu günə qədər şikayətlərə heç bir cavab verilməyib: “Biz redaksiya olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət etdik. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bizə göndərdiyi cavabdan ortaya çıxdı ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 9 sentyabr 2016-cı il tarixli 237 saylı sərəncamı ilə 215 kvadratmetrlik “Liman” kafesi Rüfət Mahmud oğlu Məmmədova verilib. Keçmiş icra başçısı Niyazi Bayramovun 21 iyun 2018-ci il tarixli 225 saylı sərəncamı ilə 1000 kvadratmetrlik ərazi verilib Mingəçevir şəhər sakini Fərqanə Cavanşir qızı İmanovaya. Guya ərazi ona 30 illik icarəyə verilib. Fərqanə İmanova sonradan bu icarə müqaviləsindən imtina edib. İndiki icra başçısı İlham İsmayılov Niyazi Bayramovun o qanunsuz əməlini sonuclandırmaq əvəzinə 2 may 2019-cu ildə 55 saylı sərəncamla ərazini verib “Sədərək Yusif” kimi tanınan Yusif Qədimbəylinin “Deka” şirkətinə”.

İnqilab Şirinbəyli deyir ki, 2019-cu ilin yayından başlayaraq şəhər sakinləri məsələyə narazılıq edib: “Həmin ərəfədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşdüm. Nazir çalışdı ki, məsələni başqa istiqamətə yönləndirsin, sanki özünün xəbəri yoxdur. Ancaq özünə də dedim, xəbəri yoxdursa, o zaman Ekologiya İdarəsi necə 2 dəfə həmin şirkətə tikintini məcburi dayandırma aktı tərtib edib, cərimələyib? İki dəfə bu ərazi cərimələnib. Sonra məcburi qaydada göstəriş verildi ki, tikinti dayandırılsın. Nazirin necə bundan xəbəri olmaya bilər?”

“Zəbt olunan ərazi reqadanın mühafizə zolağına daxildir”

“Məlumdur ki, Azərbaycanda avarçəkmə üzrə beynəlxalq yarış keçirilir. Zəbt olunan həmin ərazi birbaşa Prezidentin sərəncamı ilə yaradılan reqadanın mühafizə zolağına daxildir. Yəni bunlar suyun içini satıblar və bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Su və Meliorasiya Cəmiyyətinin icazəsi yoxdur. Bunlar sadəcə olaraq icra başçısının qanunsuz sərəncamı ilə ərazini zəbt ediblər”, – agentlik rəhbəri deyir.

Hazırda 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aktı əsasında tikinti dayandırılıb. Ancaq hələ də suyun içərisində atılmış dəmir qurğular, bünövrə qalır. Dəmir dayaqların arası yosunla əhatələnib, zibil qırıntları suyun üzərində üzür. Bünövrəyə bitişik “İnci” restoranı fəaliyyət göstərir. Həmin obyektin də Yusif Qədimbəyliyə məxsus olduğu deyilir. Ümumiyyətlə, Kürün ətrafındakı dəbdəbəli obyektlərin hamısını bu şəxsin adı ilə bağlayırlar. Kürün digər sahilində arxitektur görünüşü ilə diqqəti cəlb edən “Ağsaray” oteli var. Bu otel tikiləndən sonra həmin sahildə insanların hərəkət zolağı məhdudlaşdırılıb. Yalnız otelin və ətrafdakı restoranların ərazisindən çaya çıxış var. Əgər kimsə həmin ərazidən sahilə getmək istəyirsə, mütləq restoranlardan sifariş verməli, bir sözlə, ödəniş etməlidir. Şəhər sakinlərinin əsas narazılıqlarından biri də elə bununla bağlıdır.

Çayın içi
Mənbə: Meydan Tv

“800 metrlik parkın 200 metri artıq zəbt olunub”

“Bu kafe və restoranlardan çaya çirkli su axıdılır, halbuki bu çay həm də aşağı rayonların içməli su mənbəyidir. 2013-cü ildə çayın üzərində kanat açdılar. Bir nəfər desin ki, o kanat bu neçə ildə bir saat işləyib. Məhəbbət Qarabağlı icra başçısı olduğu zamanlarda Kürün digər sahilində Heydər Əliyev seyrəngahı salınmışdı, insanlar rahat gəzirdi. Düzdür, arxitektur baxımından gözəl otel tikiblər, amma heç kim ixtiyar verməyib ki, insanların hərəkət zolağı məhdudlaşdırılsın, oraya giriş pullu olsun. 800 metrlik parkın 200 metri artıq zəbt olunub. Getdikcə də zəbt olunur. Yaxşı, bəs bu insanlar Kürə necə baxsın? Görüntü məhdudlaşdırılıb, hava yox. Nəzərə alsaq ki, qayıqların hərəkət istiqaməti cəmi 900 metrdir. Bu boyda yerdə 32 kater, gəmi işləyir. Onların da 90 faizi texniki baxımdan yararsızdır, ekoloji tələblərə cavab vermir. Hamısı dizellə, mazutla işləyir. Axşam saatlarında parkda dizelin iyindən dayanmaq olmur”, – İnqilab Şirinbəyli deyir.

Şəhər sakinləri deyir ki, Yusif Qədimbəyli dayandırılmış ərazidə obyekt tikməkdə israrlıdır: “Yusif bəy orda-burda deyir ki, Mingəçevir sakinlərinin və jurnalistlərin acığına burda ikimərtəbəli şadlıq sarayı tikəcəm”.

İnqilab Şirinbəyli hazırkı icra hakimiyyəti başçısı İlham İsmayılovla görüşündən də danışıb: “İcra hakimiyyəti qəribə bir oyun oynadı. İlham İsmayılov görüşümüz zamanı dedi ki, bəs burada uşaqlar üçün istirahət mərkəzi yaradırlar. Harada görünüb ki, çayın içərisində uşaqlar üçün istirahət mərkəzi yaradılsın? Mən də sual verirəm, niyə 3 ilə yaxın müddət keçib, o istirahət mərkəzi yaradılmır?”.

Şəhər sakini Sönməz Ələsgər oğlu Quliyev də şikayətçi olan 117 nəfərin arasındadır: “Ərizə yazıb prezidentimizə də yolladıq, hələ bir cavab yoxdu. Aidiyyəti qurumlar da reaksiya vermir. İnsanların gəzməsi üçün cəmi 800 metrlik parkdır, onun da bir hissəsini bu günə qoyurlar. Borular suyun altına qədər uzadılıb. Axıntı olmadığından bütün zibillər həmin əraziyə yığılıb, üfunət iyi verir. Kür görünmür. Sənəddə yazılıb ki, sahibkara torpaq sahəsi icarəyə verilib, amma kafeləri suyun içində tikiblər. Çayın içində torpaq var, icarəyə verilsin?”

Rəsmilər deyir ki…

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, bu məsələ ilə əlaqədar səlahiyyətlərində olan bütün tədbirlər görülüb: “Söküntü işlərinin aparılması isə yerli icra hakimiyyəti orqanının səlahiyyətində olan işdir”.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə Meydan TV-nin suallarını cavablandırmaqdan yayınıblar. Qəbul Şöbəsindən sualı eşidən kimi Memarlıq Şöbəsinə yönləndiriblər.
Memarlıq Şöbəsindən isə öncə suala cavab vermək səlahiyyətində olmadıqlarını, sonra isə məsələni araşdıracaqlarını deyiblər.

Meydan TV yazının hazırlandığı 1 həftə ərzində Yusif Qədimbəylidən münasibət öyrənə bilməyib. Torpağı icarəyə götürmüş “Deka” şirkətinin sahibinin adı isə Vergilər Nazirliyinin reyestr məlumatlarında yoxdur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir